Qazaxıstanın paytaxtı Astanada keçirilən “RES 2026 EXPO” beynəlxalq sərgisi çərçivəsində təşkil olunan “Astana Eco Film Festival”ının mükafatlandırma mərasimində Azərbaycan filmləri uğur qazanıb.
İstehsalçısı “OD Media Production”, rejissoru Seyran Mahmudoğlu olan “Kür – çaylar anası” filmi ekoloji kinonun inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb. Eyni zamanda, Özbəkistanın “DIP Animation” və Azərbaycanın “PERİ FİLM” studiyaları tərəfindən istehsal edilən, rejissor Pavel Kimin “Yer və ay” filmi “Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.
Qeyd edək ki, “Kür – çaylar anası” filmi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub.
“Yer və ay” filmi isə Azərbaycan və Özbəkistan arasında ilk beynəlxalq birgə animasiya layihəsidir və ARKA-nın post-prodakşn mərhələsi üzrə dəstək müsabiqəsinin qalibidir.


