Əsas EKRANDA“DOKUTOOR-2” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DAHA ÜÇ FİLM NÜMAYİŞ OLUNUB

“DOKUTOOR-2” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DAHA ÜÇ FİLM NÜMAYİŞ OLUNUB

by editor

Nizami Kino Mərkəzində 2 may tarixində “DokuToor 002 — Sənədli kino: uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində növbəti film nümayişi tədbiri keçirilib. Tamaşaçılara insanın daxili aləmini, onun təbiətlə qurduğu mürəkkəb və incə əlaqəni, eləcə də müasir dünyanın ekoloji problemlərini əks etdirən üç qısa sənədli film təqdim olundu:

— “Yaşıl Boz Qara Qəhvəyi” (rej. Yuyan Wang)

— “Fırtınadan Sonra Sükut” (rej. Alina Rizvan)

— “Fraşa-Kriti” (rej. Araz Quliyev)

Filmlər müxtəlif coğrafiyalardan fərqli hekayələr təqdim etsə də, onları birləşdirən əsas xətt insanın təbiətə təsiri, iqlim dəyişiklikləri və bu proseslərin gələcək nəsillərin dünyagörüşünə təsiri oldu. Xüsusilə gənc tamaşaçıların marağı və aktiv iştirakı layihənin əsas məqsədlərindən birinin – ekoloji şüurun formalaşdırılması istiqamətində uğurlu addım olduğunu göstərdi. Nümayişdən sonra kinoşünas Sevinc Xanbutayevanın moderatorluğu ilə keçirilən müzakirə sessiyası tədbirin ən diqqətçəkən hissələrindən biri oldu. Tamaşaçılar filmlərin mövzuları ətrafında fikir mübadiləsi apararaq, sənədli kinonun cəmiyyətə təsiri, insan və təbiət münasibətləri, eləcə də ekoloji məsuliyyət kimi məsələləri geniş şəkildə müzakirə etdilər. “DokuToor” layihəsi sənədli kino vasitəsilə cəmiyyətin müxtəlif təbəqələri arasında dialoq yaratmağı, xüsusilə də gənc nəslin dünyaya baxışını zənginləşdirməyi və ətraf mühitə qarşı daha həssas yanaşmanı təşviq etməyi hədəfləyir.

Qeyd edək ki, “sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” başlığı altında keçirilən “DokuToor 2” sənədli film nümayişləri layihəsi DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə reallaşan “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində keçirilir.

Əlaqədar Yazılar