Azərbaycan Kinematoqraçılar İttifaqı və Azərbaycan Respublikasının Kino Agentliyi rejissor və kinoinfo.az saytının əməkdaşı Aynur Kazımova ilə ssenarist və prodüser Nicat Dadaşovun Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirakına maliyyə dəstəyi ayırıblar. AKİ iştirakçıların yol xərclərini, ARKA isə hotel və qidalanma xərclərini qarşılayıb.
Festival çərçivəsində Aynur Kazımova “Sıfırdan başlamaq” adlı tammetrajlı sənədli filmi ilə pitçinqdə iştirak edəcək. “Sıfırdan başlamaq” filmi Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş uşaqların oyun və xəyallarına müharibənin təsirini araşdırır.
Nicat Dadaşovun prodüser qismində təqdim edəcəyi “Mənim virtual evim” (ideya müəllifi və rejissor Ülviyyə Əhmədova) sənədli film-layihəsi isə Ermənistandan didərgin düşmüş 85 yaşlı Vəlinin ömrünün sonunda doğma evini son dəfə görmək istəyindən bəhs edir.
“WARM Academy” müasir dünyamızda münaqişələr və müharibədən sonrakı keçid dövrlərinin sənədli dillə işlənməsinə dəstək vermək məqsədilə yaradılmış multidissiplinar tədris proqramıdır. Akademiya WARM Festivalı ilə paralel şəkildə keçirilir və dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistləri, sənədli film rejissorlarını, tədqiqatçıları və sənətkarları bir araya gətirir. Proqram iştirakçılara müharibə mövzusunun etik çərçivədə necə işlənməsi, əsərin bədii təsir gücünün artırılması və peşəkar yanaşmalar haqqında biliklər qazandırır.
Azərbaycanlı nümayəndələr festival müddətində rejissorlar, prodüserlər, fotojurnalistlər və konflikt sahəsində çalışan beynəlxalq ekspertlərlə geniş əlaqə qurmaq imkanı əldə ediblər. Onlar bu platformanı Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq üçün önəmli fürsət kimi dəyərləndirirlər.







