Əsas MEYDANDA HİNDİSTANLI REJİSSOR MAGİZH THİRUMENİ: “BURADA ÖZÜMÜZÜ DOĞMA EVİMİZDƏKİ KİMİ HİSS EDİRİK”

HİNDİSTANLI REJİSSOR MAGİZH THİRUMENİ: “BURADA ÖZÜMÜZÜ DOĞMA EVİMİZDƏKİ KİMİ HİSS EDİRİK”

by editor

Kinoinfo.az Magizh Thirumeni ilə müsahibəni təqdim edir.

Magizh Thirumeni tamil dilində filmlər çəkən məşhur hind kinorejissorudur. Magizh rejissorluq debütünü 2010-cu ildə çəkilmiş romantik komediya filmi “Keçən gün gördüm”lə (Mundhinam Paartheney) edib. Onun ikinci ekşn-triller filmi “Obstruktiv hücum” (Thadaiyara Thaakka) 2012-ci ildə nümayiş olunub. Hazırda rejissor Azərbaycanda “Əzmkarlıq” (Vidaamuyarchi) adlı növbəti filmini çəkir. Filmin çəkilişlərinin Azərbaycanın müxtəlif bölgələrində üç ay ərzində aparılması planlaşdırılır. Rejissor filmin bəzi detalları barədə suallarımızı cavablandırıb.

– Hazırda Azərbaycanda çəkdiyiniz filmin mövzusunu və janrını deyə bilərsiniz?

– Bu, yol filmidir. Burada detektiv elementləri var. Mən geniş şəkildə təsnif edərdim ki, bu, bir triller və detektiv elementləri ilə birlikdə yol filminin sintezidir.

– Bu film televiziya, yoxsa kinoteatr üçündür?

– Film kinoteatr üçün nəzərdə tutulub. Kinoteatrlarda nümayiş etdirildikdən sonra OTT platformalarında da yayımlanacaq.

İş baxımından Hindistan və Azərbaycan aktyorları arasında fərq varmı?

– Azərbaycanlı aktyor/aktrisaların hamısı yetişmiş sənətçilərdir. Onlar nəzəri olaraq aktyorluğu, səhnədə nəyin tələb edildiyini yaxşı bilirlər. Üzləşdiyim yeganə problem onlarla Azərbaycan dilində ünsiyyət qura bilməməyimdir. Ona görə də Ulya kimi tərcüməçimiz var. Bundan başqa Ulyanın dəvət etdiyi aktyorlarla işləmək çox xoşdur. Onların hamısı təcrübəli və rəqabətə davamlı sənət adamlarıdır.

– Son bir neçə ildə bir çox hind rejissorları Azərbaycanda filmlər çəkiblər. Ölkəmizdə diqqətinizi nə cəlb edir?

– Biz bura daha çox məkan üçün gəlmişik. Mənzərəli dağlar, küləklə sovrulan dağlıq ərazilər filmin çəkilişləri üçün çox əlverişlidir. Çünki bizim hekayəmiz bir yol filmidir. Filmin qəhrəmanı Bakıdan Tiflisə səyahət edir, bütün film əvvəldən sona qədər bu səyahət müddətində baş verir. Yerli landşaft burada məxsusi bir rol oynayır. Bu, süjetin ayrılmaz hissəsidir. Elə bunun nəticəsidir ki, yerli sənətkarlar vacib köməkçi personajları ifa edirlər. Onların Azərbaycan dilində danışmasına isə xüsusi ehtiyacımız var. Bu mənada filmimiz həm də ikidillidir. Film əsasən tamil dilindədir. Yəni, Hindistandan mənim təmsil elədiyim bölgənin dilində. Amma filmin əksər hissəsi isə Azərbaycan dilindədir. Biz özümüz filmi dublyaj etmək istəmədik ki, lokal dil eşidilsin. Lakin subtitrdən istifadə edəcəyik. İstəyirik çox spesifik bir film çəkək.

– Sizcə, Azərbaycan və Hindistan kinematoqrafçıları birgə film istehsal etsə, filmin mövzusu nə ola bilər?

– Ən yaxşı film həmişə real həyata, reallıqlara əsaslanan filmdir. Hazırda kinoteatr üçün nəzərdə tutulan kommersiya filmi çəkirəm. Lakin reallığa əsaslanan kommersiya filmidir. Əgər Azərbaycanla Hindistan arasında film istehsalı sahəsində əməkdaşlıq olsaydı, mən universal dəyərləri olan hekayələrə baxardım. Ortaq bir film çəkmək üçün həm də tarixi bir az araşdırardım. Çünki bizimlə Azərbaycan arasında ortaq tarixi cəhətlər var. Hətta bəzi ümumi sözlərimiz belə var. Bunlar mənim diqqət yetirmək istədiyim sahələrdir. Buradakı insanların savadlı olması da mənim üçün maraqlı faktdır. Həmçinin Azərbaycanın çox zəngin tarixi var. Götürək elə ötən yüz ili: müstəqillik əldə edilib, sonra ölkəniz SSRİ-nin tərkibinə daxil olub və indi yenidən müstəqildir. Bu təsirlər, bütün bu siyasi sosial-iqtisadi sistemlər Azərbaycanın formalaşmasında rol oynayıb. Bundan başqa, insanlar mehriban olduğu üçün burada rahat gəzir və çox gözəl vaxt keçiririk. Kollektivimizin çox güçlü komanda ruhu var. Mədəniyyətimizdə isə qeyd etdiyim kimi çox bənzərliklər mövcuddur. Burada özümüzü qonaqdan çox, doğma evimizdəki kimi hiss edirik.

– Gələcəkdə yenidən Azərbaycanla birgə əməkdaşlıq barədə düşünürsünüzmü?

– Bəli, çox istərdim.

Əlaqədar Yazılar