Əsas Blog “HOZU 007” GƏLİR

“HOZU 007” GƏLİR

by editor

Azərbaycan kinosunun ilk franşiza qəhrəmanlarından olan, hər hərəkəti, məzəli leksikonu ilə dodaqları qaçıran “Hozu” obrazı yeni qiyafədə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Bu dəfə “Hozu 007” adlı növbəti filmi ilə. Artıq filmin çəkilişlərinə start verilib. “3İ Cinema” şirkətinin istehsal edəcəyi filmin baş prodüseri İslam Ağayev, ssenari müəllifləri Tərlan Nur Yaşar, Səbuhi Bayramov, Alim Cəfər və Məcid Hüseynovdur. Filmin rejissorluğunu İlham Yaşaroğlu,  quruluşçu operatorluğunu isə Rəşad Qarayev edəcək. Rolları Məcid Hüseynov, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Aqil M.Quliyev, Ruslan Ahıskalı canlandıracaqlar.

Premyerasınınnoyabr ayında baş tutması planlaşdırılan ekran əsəri barədə məlumatları Hozu obrazının məşhur ifaçısı, aktyor Məcid Hüseynovdan aldıq. Aktyor söylədi ki, bu dəfə “Hozu 007” filmində tanış olacağımız Hozunu agent rolunda görəcəyik. Filmin mövzusu da fərqli və maraqlıdır. Belə ki, filmdə müəyyən səbəblərə görə bir varlı, imkanlı kişinin qızı oğurlanır. Qızın axtarışına dünyanın müxtəlif ölkələrindən agentlər cəlb edilir. Necə olursa, bizim Hozu da onların arasına düşür və gizli agent olaraq o da qızın axtarışına çıxır.

Filmin rejissoru yenə də digər “Hozu” filmlərini çəkən İlham Yaşaroğludur. Məcid Hüseynovun dediyinə görə, buna səbəb onların aktyor və ssenarist kimi rejissorla bir-birlərini daha yaxşı başa düşmələri, bir-birlərini tamamlamalarıdır. Ekşn, detektiv janrında olan filmin 01 noyabr 2024-cü ildən etibarən bütün kinoteatrlarda nümayişi planlaşdırılır.

Aktyor bizimlə söhbəti zamanı onu da bildirdi ki, Azərbaycanda çəkilən kommersiya filmlərinin içərisində kinoteatrlarda ən çox göstərilən “Hozu dayə”dir. Bu film son on ayda kinoteatrların ekranlarından düşməyib. Elə bu səbəbdən də onlar Hozu mövzusunu yekunlaşdırmaq niyyətində deyillər. Hətta gələcəkdə çəkəcəkləri “Hozu” silsiləsinin növbəti mövzusunu da müəyyənləşdiriblər. Bu, diqqətləri yenidən truppanın işinə cəlb etməyi bacaracaq “Hozu xan” filmi olacaq. Hələliksə tamaşaçıların görüşünə “Hozu 007”-nin nümayişi ilə gələcəklər.