Azərbaycanlı rejissor İlqar Safatın tammetrajlı “Doğma torpaq” bədii filmi İstanbulda keçirilən “V Goldenhorn IFF” beynəlxalq film festivalında iki mükafat qazanıb. “Fotofilm Culture and Arts” təşkilatı tərəfindən İstanbul Aydın Universitetinin Kommunikasiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən “5. Goldenhorn IFF” festivalı dekabrın 10-12-də İstanbulda reallaşıb. “Qızıl buynuz” mükafatı uğrunda 30 ölkədən 44 tammetrajlı bədii, sənədli, tələbə filmi animasiya və eksperimental kateqoriyalar üzrə yarışıb.
İstanbul Aydın Universitetində keçirilən mükafatlandırma mərasimində peşəkar münsiflər heyətinin qərarı ilə “Doğma torpaq” filmi iki mükafata layiq görülüb: “Best Feature Fiction Academic Award” və “Best Director of Photography”.
“Doğma torpaq” ekran əsəri “Narimanfilm” kinostudiyasında istehsal olunub. Filmin baş prodüseri Nəriman Məmmədovdur. Baş rolları Rüstəm Cəbrayılov və Alina Vorontsova ifa ediblər. Qeyd edək ki, film oktyabr ayında Qazaxıstanın Aktau şəhərində keçirilən Türk dünyasının “Qorqud Ata” beynəlxalq film festivalında da nümayiş olunub.



