Əsas ARKA-DA İSTANBULDA “AZƏRBAYCAN KİNOSU GÜNLƏRİ” KEÇİRİLİB

İSTANBULDA “AZƏRBAYCAN KİNOSU GÜNLƏRİ” KEÇİRİLİB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib.

12-14 may tarixlərini əhatə edən layihə çərçivəsində Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib. Kino günlərinin açılış mərasimində çıxış edən AMM-in direktoru Samir Abbasov deyib ki, layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və “Atlas” kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub.

Qardaş ölkənin tanınmış kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb.

Qeyd edək ki, İstanbulda keçirilən “Azərbaycan kinosu günləri”ndə iştirak məqsədilə ölkəmizdən Mədəniyyət Nazirliyinin sektor müdiri Günay Rəhimova, ARKA-nın Kino mədəniyyətinin təbliğatı şöbəsinin aparıcı məsləhətçisi Turan Məmmədli, Dövlət Film Fondunun Arxiv şöbəsinin müdiri Rəşad Qasımov, rejissorlar Elxan Cəfərov və Emin Əfəndiyev, eləcə də aktyorlar Gülzar Qurbanova və Elşən Rüstəmovdan ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.

Əlaqədar Yazılar