Rejissor Orxan Ağazadənin tammetrajlı sənədli-bədii filmi “Kinomexanikin qayıdışı” növbəti beynəlxalq uğurunu qazanıb. 1 saat 27 dəqiqə xronometrajlı ekran işi ArtDocFest Riga film festivalında münsiflərin xüsusi mükafatı ilə təltif edilib.
Xatırladırıq ki, festivalın münsifləri tərəfindən yüksək qiymətləndirilən sənədli film əvvəllər də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdü. Ekran işi Cənubi Koreyada keçirilən “EIDF EBS Beynəlxalq Kino Festivalı”nın baş mükafatı – “Documentary Goyang Award”, “Festival des Trois Continents” çərçivəsində “Gənc Münsiflər Mükafatı” (Young Jury Award) və “Peşəkar Münsiflərin Xüsusi Mükafatı” (Professional Jury Special Mention) kimi nominasiyaların da qalibi elan edilib.
Tamaşaçıların diqqətinə onu da çatdırırıq ki, filmin Bakıda ilk nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azərbaycan” kinoteatrında baş tutub. Ekran əsəri 11 mart 2025-ci il tarixində tamaşaçılara elə bu məkanda yenidən təqdim olunacaq.