Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov kinoinfo.az saytının suallarını cavablandırıb. Müsahibəni sizə təqdim edirik.
DOSYE: Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb. Kiçik yaşlarında müxtəlif uşaq filmlərində aktyor kimi iştirak edib. 1995-ci ildə ilk qısametrajlı filmini, sonralar isə müxtəlif klip və reklam çarxları çəkib. Hazırda rejissor kimi fəaliyyət göstərir. “Dolu” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında (2015), “Cümhuriyyətin 9 şəkli” filminə görə “Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər” nominasiyasında (2018) “Qızıl Pəri” mükafatına layiq görülüb. Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikası Kino Agentliyində gənclərlə iş üzrə bölməyə rəhbərlik edir. Əməkdar incəsənət xadimidir (2016).
Bu gün Azərbaycan kinosunda nə baş verir, vəziyyət sizi qane edirmi?
Hal-hazırda gedən proseslər bir qədər əvvəl getsəydi, yaxşı olardı, amma bu keçid dövrüdür. İndi hansı yolun məqbul, hansı yolun qeyri-məqbul olduğunu demək yanlış olar. Bu gün Azərbaycan kinosunda dövlət vəsaitinə özəl şirkətlərin istehsalı başlayıb. Əslində gözəl bir praktikadır. Çünki bu proses özəl şirkətlərin işləməyinə, milli kinomuzun müsbət struktur dəyişikliklərinə, o cümlədən maliyyə strukturunun yaranmasına təsir edir. Amma nəzərə almaq lazımdır ki, heç bir dünya kinosu modeli bu və ya digər regionda tam surətdə məqbul ola bilməz. Çünki milli özəlliklər var, real hadisə cərəyanı var. Yəni hər zaman yeni əlaqələrin yaranması məcburiyyəti yaranır. Hazırda, on bir layihənin istehsalına başlamaq üçün, on bir sayda istehsal qrupu yoxdur. Bu fakt ona gətirib çıxarır ki, bizim dediyimiz kino istehsalatına yeni qüvvələrin cəlb olunması prosesi baş verməlidir. Çünki insan resursu çatışmazlığı var. Son zamanlarda davam edən durğunluq, hər bir peşəkarın başqa-başqa sahələrdə iş tapmasına, kinodan ayrılmasına səbəb olub.“Azərbaycanfilm” studiyasının bədii istehsalatdan kənarda qalması şəxsən mənim üçün acınacaqlı haldır. Mən “Azərbaycanfilm”in yetirməsiyəm. “Azərbaycanfilm” bir ocaqdır. Yüz yaşı olan bu ocağı tam istehsalatdan kənarda qoymaq yanlış addım ola bilər. Amma bu o demək deyil ki, yalnız bu studiyada film istehsal edilməlidir. Çünki həm özəl studiyalar, həm də “Azərbaycanfilm” bədii istehsalatla məşğul olmalıdır.
Hazırda hansı layihə üzərində işləyirsiniz?
Hal-hazırda heç bir layihə üzərində işləmirəm.
Bildiyimiz qədərilə, ARKA-nın gənclərlə iş məsələsi birbaşa sizin səlahiyyətinizdədir. Bu sahə ilə bağlı planlar nələrdir?
Bu hər şeyin ilkidir və mənə görə bu çox gözəl təşəbbüsdür. Mən öz gəncliyimi yadıma salanda xatırlayıram ki, nəsə bir çılgınlığı ifadə etmək arzusu yarandıqda buna mütləq maliyyə və texniki vasitələr lazım idi. Hazırda belə imkan var. Təbii ki, pərakəndə deyil. Seçim əsasında təqdim olunmuş işlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniverstitetinin tələbələrinindir. Bu yaxınlarda 16 layihənin yeddisinin təqdimatı aparıldı. Təqdim olunan tələbə işləri ideal olmasa da, bəlkə biri yüksək sənət növünə çevrildi. Tələbə filmləri platforması məhz gələcək ciddi istehsalata tramplindir. Bu çox vacib bir şeydir. Həmin dövrdə insanın istedadı aşkara çıxır. Onun həm yaradıcı, həm təşkilatı bacarıqları ortalığa çıxır. Kino da texniki bir sahədir. Orda mütləq təşkilatçılıq, logistika, istehsalat prosesinin ardıcıllığı təməldən kənarda qurulması prosesi hər yaradıcı qrup üçün əvvəl olur. Gələcəkdə tələbə filmlərinin səviyyəsi və onların verəcəyi nəticənin bəhrəli olacağına çox ümidvarıq. İnşallah qarşıda perspektivlər açılır. İstərdik ki, tələbə filmləri festivalı keçirilsin. Dünyada tələbə filmlər festivalı çoxdur. Bizim tələbələrin iştirakının təmin edilməsi arzuolunandır. Bunlar hamısı ciddi kinematoqrafın təməlinin yaranma prosesidir. Gənclərə ümid çoxdur. Mən bu gənclərə qulaq asanda görürəm ki, bu işə ciddi yanaşırlar. Bu çox sevindirici haldır.
Gənc rejissorlarda nəyi bəyənirsiniz və ya bəyənmirsiniz?
Bu günlər Azərbaycanın vizual məkanı o qədər geniş deyil ki, mən kimisə müzakirə edim. Yalnız tendensiyalar haqqında danışa bilərəm. Bu günkü gəncliyin yaradıcı tendensiyası çox məqbuldur və yüksək səviyyədədir. Belə bir söz var: Yaradıcılıq heç bir şeyə baxmadan özünü biruzə verir. Yəni əsl yaradıcılıq. Mən çox sevinirəm ki, bizdə də istedadlı gənclərin sayı azalmır. Kino sistemi haqqında danışdıqda isə biz bu 30 ildə nəinki mükəmməl, hətta orta səviyyəli bir kino sistemi də qura bilməmişik. Bu təəssüf hissi yaradır. Amma yenə deyirəmümid gələcəyə və gəncliyədir.Mən orta nəslin nümayəndəsi kimi öz bildiklərimi gənclərə ötürməkdəyəm.
Kinomuzun ən əsas problem sizcə nədir? Problemlərin minimuma endirilməsi üçün nəyə ehtiyac var?
Mən yaradıcı insanam öz düşüncələrim və təqribi fərziyyələrim ola bilər. Yəni yol xəritəsi cızmaq üçün belə gərək bir müstəvi olsun. Mən bunu dəfələrlə demişəm, Azərbaycan böyük dövlət deyil, amma yaradıcı istəklərimiz böyük olub. On milyonuq, amma zəngin kinematoqrafik keçmişimiz var. O da 180 milyonluq SSRİ bazarı üçün nəzərdə tutulmuşdu. Ona görə də elə inkişaf edirdi. Ona görə filmlər çəkilirdi. Onların maliyyəsində problem yaranmırdı. Onların müxtəlif ideoloji funksiyaları var idi. Hamımızın istəyi odur ki, Azərbaycan kinosu dünyada tanınsın. Azərbaycanı kinematoqrafın tanıtdığı qədər heç bir şey tanıda bilməz. Hamımız bilirik ki, insana ən yaxın kinematoqrafiyadır və kinematoqrafın istehsalat səviyyəsinə gəlib çatması üçün dövlət vəsaiti olmasa, Azərbaycan bazarı kifayət deyil. Mümkünsüzdür.
Komediya janrında film çəkmək istəyirsinizmi?
Bəli. Layihə yoxdur, müxtəlif niyyətlər və cəhdlər olub. İndi mənim elə yaşımdır ki, mən artıq müəyyən bir maliyyə çərçivəsində çəkə bilirəm. Yəni hamının məndən gözlədiyi bir görüntü, istək var. Bu bazarda məndən öndə gedən və çox gözəl nəticələr verən gənclər var.
Hansı daha çətindir, rejissor olmaq, ya aktyor olmaq?
Hər ikisi çətindir. Aktyorluq sənəti mənə həddən artıq çətin göründüyü üçün rejissor oldum. Aktyorlar üçün rejissor işi çox çətin görünür. Rejissor üçün rəssam işi asan deyil. Hər peşənin öz çətinliyi var.
Bizim saytın belə bir bölməsi var: Qovluqda. Burada sənətkarların çəkməyə hazırlaşdıqları və ya hazır layihə şəklində istehsalını gözlədikləri ssenarilərdən bəhs edirik. Sualımızı bu şəkildə sizə ünvanlayaq. Hazırda planda olan və ya sizin ssenarisini bəyənib əməkdaşlıq etmək istədiyiniz hər hansı bir ssenari varmı?
Mənə çox ssenarilərlə müraciət olunur. Aralarından yaxşıları, zəifləri, ortababları, çox yaxşıları da var. Amma mən rejissor və sırf istehsalatçı olduğum üçün məni ilkin maraqlandıran mövzu və sonra onun maliyyə mənbəyidir. İndi hansısa bir ssenarinin adını çəksəm düzgün olmaz. Hansı reallaşacaq o doğru olacaq. Demək ki, onun yolu acıqdır və ən doğrusu da o imiş.
Ən çox hansı janr və mövzuda ssenarilər gəlir?
Müxtəlif mövzularda ssenarilər gəlir, adətən dram, bəzən komediyalar da olur.
Çəkmək istəyib, amma maddi və texniki yetərsizliyə görə çəkə bilmədiyiniz film ideyanız varmı?
Çoxdur. Bəli. Uşaqlıqda insanın birinci gördüyü və formalaşdırdığı fikirlər sonra onun taleyini həll edir. Mənim kinematoqrafik düşüncəmi həll edən, kino ilə məşğul olmağımın səbəkarlarından biridə “Yeddi oğul istərəm” filmini dərk etdiyim anlardır. Çox istərdim ki, Qaçaq Kərəm haqqında film çəkim. Hər hansı bir tarixə, hətta yarımçıq baxış, normal kinodan daha artıq maliyyə tələb edir. Normal kinonun maliyyəsi hələ təyin olunmalıdır. O təyin olunma da istehsalat proseslərini mükəmməlləşdirdiyi məqamda baş verir. O mükəmməlləşmə də ancaq praktikadır.
Vaxt ayırdığınız üçün təşəkkür edirik.
Mən də kinoinfo komandasına təşəkkürümü bildirirəm. Uğur olsun.