Əsas EKRANDA KİNOTEATRLARDA “BƏLKƏ DƏ” FİLMİNİN NÜMAYİŞİNƏ BAŞLANILIB

KİNOTEATRLARDA “BƏLKƏ DƏ” FİLMİNİN NÜMAYİŞİNƏ BAŞLANILIB

by editor

TALEH YÜZBƏYOV: “BİZİ KEÇMİŞƏ QAYTARACAQ ZAMAN MAŞINI OLMASA DA, BELƏ BİR TƏSƏLLİ FİLMİMİZ VAR”

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovun müəllifliyi ilə ərsəyə gətirilən “Bəlkə də” filmi artıq kinoteatrlarda nümayiş olunur. Elmi-fantastik, mistik və tragikomediya janrlarında çəkilən ekran işi şəxsi itkilər və zamanla bağlı peşmanlıqları əks etdirir.

Müəllif filmin ideyasının uşaq yaşlarından formalaşdığını bildirir:

“Uşaq vaxtı futbol oynayırdım. Məqsədim futbolçu olmaq idi. Bir dəfə topu qapıya əyri vurduğuma görə müəllim məni oyundan ehtiyat oyunçuların yanına çıxartdı. O vaxtdan düşünürdüm ki, kaş zaman maşını olaydı, o anı yenidən yaşayaydım. Böyüdüm və belə bir ssenari gəldi ağlıma. Mənim bu ssenarini yazmağımla onu çəkməyimin arasında çox böyük zaman fərqi var. Belə ki, ssenarini yazanda hələ atam yaşayırdı. Amma atam rəhmətə gedəndən sonra anladım ki, o mənim bu ssenarimdə yer alacaqmış. Beləcə, üstündən illər keçsə də, ssenari çəkilmədi. Qəribə burasıdır ki, elə bil filmin bəxti gətirmirdi. Çünki filmi çəkməyə hazırlaşanda anam da dünyasını dəyişdi. Tərslikdən ssenaridə onun obrazı da nəzərdə tutulmuşdu. Bu bir növ daha böyük peşmançılığın mənim həyatıma ayaq açması demək idi. Film tam hazır olanda onu izlədim. Keçmişə baxıram və deyirəm nələrisə kaş belə edərdim. Yaxud bəlkə də belə olsaydı, hər şey tamam başqa cür alınardı. Təəssüf ki, heç nəyi dəyişmək olmur. Çünki bizim zaman masınımız yoxdur. Amma ən azından belə bir filmimiz var ki, baxıb təsəlli tapa bilirik. Fantastik janrda olsa da çox şəxsi bir film alınıb. Mən özümə və sizlərə arzulayıram ki, həyatımızda bəlkələr və kaşlar olmasın…”

Xronometrajı 1 saat 45 dəqiqə olan “Bəlkə də…”filminin mövzusu əsasən iki əsas obrazın – yaxınlarını itirmiş ixtiraçı və Mələyin tanışlığı üzərində qurulub. Onlar zaman maşını vasitəsilə keçmişə qayıtmaq və hər şeyi dəyişmək istəyirlər. Lakin bu yolda onları gözlənilməz hadisələr və o dünyadan gələn ruhlar izləyir. Əsl çətinlik də elə bundan sonra başlayır…

Ekran əsərinin prodüserliyini Nicat Xəlilov, quruluşçu operatorluğunu İman İmanov, quruluşçu rəssamlığını Səbuhi Atababayev, səs rejissorluğunu isə Xan reallaşdırıb. Rollarda Taleh Yüzbəyov, İranə Kərimova, Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov çəkiliblər.

Qeyd edək ki, “Bəlkə də” filmi “ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalıdır.

Aynur Kazımova

Əlaqədar Yazılar