Əsas FESTİVALLAR“MƏNİM EVİM” LAYİHƏSİ NÖVBƏTİ BEYNƏLXALQ PROQRAMA SEÇİLİB

“MƏNİM EVİM” LAYİHƏSİ NÖVBƏTİ BEYNƏLXALQ PROQRAMA SEÇİLİB

by editor

“Mənim evim” sənədli film layihəsi CHANGE 2025–2026 birgə istehsal (co-production) təlim proqramına seçilib. Təlim 8-12 noyabr 2025-ci il tarixində və 8-14 yanvar 2026-cı il tarixində Moldovada, 2026-cı ilin mart ayında isə Danimarkada baş tutacaq.

“Mənim Evim” sənədli filmi layihəsi bu il  CHANGE proqramına Azərbaycandan seçilən yeganə layihədir. Layihə dram janrında, proses xarakterli müşahidə üslubundadır və hazırda inkişaf mərhələsindədir. Layihə 2025-ci ildən inkişaf etdirilməyə başlanıb, aprel ayında AKİ-nin təşkil etdiyi AKİDocs sənədli film pitçinq təlimində qalib olmuş layihələrdən biridir və iyul ayında Sarayevoda keçirilən WARM Academyə seçilib.

Filmin istehsalçısı “Nova Gorica” Kino Mərkəzi və Cineart Group, prodüseri Nicat Dadaşovdur. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) filmin istehsalına maliyyə dəstəyi ayırıb. “Mənim evim”in rejissoru və ssenari müəllifi Ülviyyə Əhmədova, bəstəkarı isə Azər Hacıəsgərlidir. Film 75 dəqiqədir və 12 yaşdan yuxarı izləyicilər üçün nəzərdə tutulub. Nümayiş tarixi olaraq 2027-ci il planlaşdırılır.

Filmin 1989-cu ildə başlamış münaqişə fonunda evini erməni Minasaqanla dəyişmiş Vəlininin həyatından və  36 il sonra Vəli keçmiş evini görmək üçün etdiyi səfərdən bəhs edir.

CHANGE proqramı CPH:DOX, EAVE (European Audiovisual Entrepreneurs) və IMS (International Media Support) tərəfindən təşkil olunur. Proqram Avropa və Şərq Tərəfdaşlığı ölkələrindən olan kinorejissor və prodüserlərə layihələrini beynəlxalq səviyyədə təqdim etmək, qlobal kino sənayesi ilə əlaqələr qurmaq və regional birgə istehsalları təşviq etmək imkanı yaradır. İştirakçılar həmçinin layihələrinin məzmununu dəqiqləşdirir, maliyyə modellərini və istehsal mühitini öyrənir, eyni zamanda beynəlxalq bazarda fəaliyyət göstərmək bacarığı qazanırlar.

“Mənim Evim” komandası proqram çərçivəsində co-prodakşın təlimləri seriyasında iştirak edəcək.

Əlaqədar Yazılar