Əsas MÜSAHİBƏİSMAYIL SƏFƏRƏLİ: “KİNO ÇƏKMƏYİN YALNIZ FANTAZİYA UÇUŞU OLMADIĞINI ANLAMAQ LAZIMDIR”

İSMAYIL SƏFƏRƏLİ: “KİNO ÇƏKMƏYİN YALNIZ FANTAZİYA UÇUŞU OLMADIĞINI ANLAMAQ LAZIMDIR”

by editor

İsmayıl Səfərəli Bakıda anadan olub. ABŞ-ın Dyuk Universitetinin İqtisadiyyat üzrə magistraturasında (2003), Moskva Yeni Kino Məktəbində Dmitri Mamuliyanın rejissor laboratoriyasında (2015) təhsil alıb. Bir müddət investisiya analitiki olaraq çalışıb.

“Təkbətək” (2014), “Yuki üçün layla” (2015), “Sakitlik dənizi” (2017), “Mən hələ də sənin daşa dönməyini izləməliyəm” (2020) adlı qısametrajlı, “Balıqçının qızı” (2020) tammetrajlı bədii filmin rejissorudur.

Kinoinfo.az İsmayıl Səfərəli ilə müsahibəni təqdim edir.

– Sizin həm “Təkbətək”, “Yuka üçün layla”, “Sakitlik dənizi” kimi qısametrajlı, həm də tammetrajlı filmlərinizdə minimalizm və simvolizm ön plandadır. Bu rejissor dili zamanla formalaşıb, yoxsa əvvəlcədən bu stilə meyliniz olub?

– Minimalizm və simvolizm mənə çox yaxın olduğuna baxmayaraq, hələ də özümə xas rejissor dilimin tam formalaşdığına əmin deyiləm — hər yeni filmlə o, mənimlə birlikdə inkişaf edir. Minimalizmə meylim ədəbi zövqümlə bağlıdır. Mən Selincer və Karver kimi yığcam və dəqiq yazıçıların böyük pərəstişkarıyam. Simvolizmə meylim isə uşaqlıqdan sevdiyim, alleqoriya və metafora xəzinəsi olan qədim yunan mifləri, əfsanələri ilə bağlıdır. Mənim yaradıcılıq yolum ədəbiyyatdan başlayıb, kinoya sonradan gəlmişəm. İndiyə kimi ssenarilərimi özüm yazmağa üstünlük verirəm.

– Filmlərinizin beynəlxalq festivallarda iştirakı, ümumiyyətlə, xarici həmkarlarınızla işləmək sizə nə qazandırır?

– Həyatımın böyük bir hissəsini Azərbaycanın hüdudlarından kənarda yaşamışam və əcnəbi kino nümayəndələri ilə ünsiyyətdəyəm. Festivallarda iştirak etmək çağdaş kino dilini anlamaq və istifadə etməyi öyrənmək üçün unikal imkandır. Bundan əlavə, bizim cəmiyyətlə tanış olmayan əcnəbi tamaşaçıların hekayələrimi necə qavradığını öyrənmək mənim üçün həmişə maraqlıdır. Bəzən elə təəssürat yaranır ki, azərbaycanlı ssenarist və rejissorlar özlərini təcrid etməyə üstünlük verirlər, çox vaxt yerli tamaşaçılara tanış və yaxın olan mövzular üzərində işləyirlər. Halbuki kino universal bir dildir. Buna görə də, hər yerdə anlaşılan ümumbəşəri mövzularla işləyən, bəzən hətta kino sənayesinin mərkəzində olmayan ölkələrdən çıxan rejissorlar uğur qazanırlar. Fikrimcə, başqa ölkələrdən olan kino peşəkarları ilə daha açıq və yaxın ünsiyyət qurmaq lazımdır. Bu, bizim gənc kino sənayemizə müəyyən dərinlik və genişlik gətirə bilər.

– İqtisadiyyat təhsili və maliyyə təcrübəsi sizə rejissor kimi hansı baxımdan təsir göstərdi?

– Müddətdən və büdcədən kənara çıxmamaq üçün sistemli yanaşma tələb olunur. Əvvəlki təcrübəm məni bu sahədə çox dəstəklədi, çünki bu sistemi illər boyu mənimsəmişəm. Kino çəkməyin yalnız fantaziya uçuşu olmadığını anlamaq lazımdır, bir neçə istiqamətdə işləməyi bacarmaq, yaradıcı hissə ilə yanaşı, planlaşdırma, logistika, büdcənin idarə edilməsi və sair kimi mühüm elementləri nəzərə almaq lazımdır.

– Azərbaycan kinosunun bu günkü vəziyyəti haqqında nə fikirləşirsiniz? Gənc rejissorlar üçün hansı imkanlar və ya çatışmazlıqlar var?

– Kino sahəsinin bugünkü vəziyyətini qiymətləndirmək üçün yeganə obyektiv meyar çəkilən filmlərin keyfiyyəti və onların beynəlxalq festivallarda iştirakıdır. Bu baxımdan vəziyyət olduqca acınacaqlıdır, xüsusilə, qonşu ölkələrin nəticələri ilə müqayisədə. Təəssüflə qeyd edirəm ki, biz hələ də filmlərimizin dünyanın müxtəlif festivallarında səs-küy yaratdığı bir mərhələyə çata bilməmişik. Bunun müxtəlif səbəbləri var, o cümlədən biri də sənayenin kifayət qədər maliyyələşdirilməməsi ucbatından çəkilən filmlərin sayının çox az olmasıdır. Digər ciddi problem beynəlxalq festivallara uyğun olan sistemli və institusional səviyyədə işləmək qabiliyyətinin olmamasıdır. Daha sadə desək, A kateqoriyalı festivalların çoxunda nə bizi, nə də filmlərimizi tanımırlar, kino məhsulumuz indiyə kimi aktual deyil. Buna baxmayaraq, maliyyə çətinlikləri film çəkməyi arzulayan gənc rejissor üçün bəhanə olmamalıdır. Mən ilk qısametrajlı filmimi cəmi 500 manatlıq büdcə ilə çəkmişəm. Dostlarım ilə birlikdə kinoya vurğun idik. Hər birimiz çəkiliş meydançasında üç-dörd işi eyni vaxtda görürdük, avadanlığı pulsuz əldə edirdik (bizə heç “yox” deyilməyib), montajı və post-prodakşnı özümüz etmişik. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan fürsətlər baxımından unikal bir ölkədir. Bizdə kino çəkmək üçün bir çox müxtəlif şərait mövcuddur – coğrafiya, iqlim, istedadlı aktyorlar və texniki imkanlar.

– “Balıqçının qızı” filmində prodüser Rodnyanski ilə işləmisiniz. Onunla işləmək sizə nə qazandırdı?

– Rodnyanski sadəcə prodüser yox, həm də istedadlı rejissordur və mən ondan rejissor kimi çox şey öyrənmişəm. O, kinoya vurğun, günün 24 saatını bu haqda düşünən açıqürəkli insandır. Filminə özün qədər ürəkdən bağlı olan prodüserlə işləmək hər bir rejissor üçün böyük imtiyazdır. Rodnyanski mənə həm də strateji düşüncə tərzini öyrətdi. Məsələn, filmin taleyini çəkilişdən sonra necə planlaşdırmalı, onu necə düzgün təqdim etməli və satmalı, kimlər üçün maraqlı ola biləcəyi kimi sualları əvvəlcədən nəzərə almaq. Bu suallar çox vaxt rejissorlar tərəfindən unudulur, halbuki filmin uğuru çox vaxt məhz bu məsələlərdən asılıdır. Rodnyanski ilə işləmək hər bir rejissor üçün böyük şansdır.

– Gələcək layihələrinizdən bəhs edərsinizmi?

– Hazırda iki layihə üzərində işləyirəm. Rakurs Medianın istehsalı olan “Siz mənə bənzər adam görməmisiniz ki?” adlı layihə ARKA-dan maliyyə dəstəyi alıb və bu ilin sonuna qədər istehsala başlamağa hazırlaşırıq. Qısa olaraq, bu, I Qarabağ müharibəsindən sonra bir nəslin yaşadığı travma haqqında hekayədir. Şəxsən mənim üçün bu, önəmli bir refleksiyadır, çünki 90-cı illərin əvvəllərində baş verən hadisələri yaxşı xatırlayıram və ölkəmizin o acı tarixindən doğan travmanı illərlə içimdə daşıyıram. Düşünürəm ki, 2020-ci ildəki qələbəmiz, nəhayət, bizə son 30 ildə baş verən hadisələrə ayıq gözlə baxmaq imkanı verdi. Eyni zamanda, Fransanın nüfuzlu “Less is More” laboratoriyasında formalaşan bir layihə də 2026-cı il üçün planlaşdırılıb. Uşaqlıq illərimi keçirdiyim, Şüvəlan qəsəbəsində yerləşən ailə evimizdə yaşadığım hadisələrdən, xatirələrimdən ilhamlanmış bir hekayədir, boş qalan bağ evinin yaşlı gözətçisi ilə uşaq evindən qaçaraq yeni həyata başlayan iki yeniyetmənin qəribə dostluğundan bəhs edir..

Müsahibəni aldı Aynur Kazımova

Əlaqədar Yazılar