Əsas FESTİVALLAR“YAŞIL ÇƏMƏN” QISA FİLM LABORATORİYASININ İKİNCİ MƏRHƏLƏSİNƏ SEÇİLİB

“YAŞIL ÇƏMƏN” QISA FİLM LABORATORİYASININ İKİNCİ MƏRHƏLƏSİNƏ SEÇİLİB

by editor

“Yaşıl çəmən” film layihəsi Film Talent Academy tərəfindən təşkil olunan Qısa Film Laboratoriyasının ikinci mərhələsinə seçilib və bu proqram Kann Film Festivalı – SFC | Rendez-vous Industry ilə əməkdaşlıq çərçivəsində keçirilir. Layihə inkişaf mərhələsindədir və 2026-cı ildə Kann Film Festivalında təqdim olunacaq.

Filmin prodüserləri Emil Nəcəfov, Əli İsa Cabbarov və Türkan Hüseyndir. Layihənin inkişafına Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək göstərib.

Filmin rejissoru Nurlan Həsənli kinoinfo.az saytının suallarını cavablandırıb.

– “Yaşıl çəmən” filminin ideyası necə yarandı? Bu hekayənin arxasında səni ən çox düşündürən hiss nə idi?

– Kino təhsilimi Türkiyədə və Macarıstanda almışam, bir müddət də Amerikada çalışmışam. Xaricdə müəyyən müddət yaşadıqdan sonra Azərbaycana qayıdanda mənə ən çox verilən sual bu idi: “Niyə qayıtdın, niyə orada qalmadın?” Sonrakı illərdə bir çox dostlarım miqrasiya edib başqa ölkələrə köçdülər. Mən də uzun müddət xaricdə yaşamaq, oraya köçmək mövzusu üzərində düşünürdüm. Bu barədə bir film çəkmək istəyirdim. “Yaşıl çəmən” da məhz bu hisslərdən, bu təcrübədən doğdu.

– Filmin adındakı “Yaşıl çəmən” metaforik olaraq nəyi ifadə edir?

– Məşhur bir ifadə var: “Digərinin bağı həmişə sənə daha yaşıl görünür”. Filmin adı da bu ifadədən gəlir. Filmin əsas qəhrəmanı Bakıda yaşayan bələdçidir. O, şəhərə gələn turistlərə Bakının gözəlliklərini göstərir, amma özü daim Amerikaya köçmək arzusundadır. Lakin obrazı yaxından tanıdıqca anlayırıq ki, onun getmək istəyi əslində daxili narahatlıqlarından qaynaqlanır. O, özü ilə birlikdə bu problemləri də aparacağı üçün, getdiyi yerdə də dəyişiklik olmayacaq.

– Linz Talent Akademiyasında mentorlarla və digər iştirakçılarla işləmək prosesi necə keçdi?

– “Yaşıl çəmən” Avstriyada keçirilən Linz Film Festivalının tərkibində fəaliyyət göstərən Linz Talent Akademiyasının inkişaf proqramına seçilib. Proqram iki mərhələdən ibarətdir. Birinci mərhələsi Linz şəhərində keçirilib. Burada layihələrin pitçinqi (təqdimatı) baş tutdu. Daha sonra seçilən layihələr Kann Film Festivalının market hissəsində yenidən prodüserlərə təqdim ediləcək.

Biz Linzə getməzdən iki ay əvvəl üç mərhələli mentorluq proqramına başladıq. Əvvəlcə ssenari üzərində işlədik, sonra isə layihəni necə təqdim etməyimiz – pitçinq mətni, təqdimat materialları, mood video – kimi məsələlər üzərində çalışdıq. Bu təlimlər və aldığımız məsləhətlər sayəsində materiallarımızı inkişaf etdirdik və 10 oktyabrda Linz Film Festivalı çərçivəsində keçirilən pitçinqdə layihəni təqdim etdik.

İkinci mərhələ yaxın zamanda başlayacaq və burada artıq birəbir mentor görüşləri keçiriləcək. Məqsəd ssenarini çəkilişə daha uyğun formaya gətirməkdir. Son mərhələdə isə may ayında Kann Film Festivalında layihələr yenidən təqdim olunacaq. Linz Film Festivalı tərəfindən bukletlər hazırlanacaq və layihələr marketdə stendlərdə nümayiş etdiriləcək.

– Filmin Kann Film Festivalındakı təqdimatından gözləntin nədir?

– Əsas məqsədim koprodüser tapmaqdır. Hazırda filmin prodüserləri Emil Nəcəfov, Əli İsa Cabbarov və Türkan Hüseyndir. Layihəyə Avropadan koprodüserin qoşulması post-produksiya və distribusiya məsələlərində böyük dəstək ola bilər.

– Filminə dəstəyi kimlərdən almısan?

– Filmin prodüserlərindən biri Əli İsa Cabbarovdur. Layihənin Linzdə iştirak və səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb. Növbəti mərhələlərdə də İttifaqın dəstəyinin davam edəcəyi gözlənilir. Buna görə onlara təşəkkür edirəm.

Aynur Kazımova

Əlaqədar Yazılar