Əsas ARKA-DA “NARQIZ” ANİMASİYA FİLMİNİN İSTEHSALI YEKUNLAŞIB

“NARQIZ” ANİMASİYA FİLMİNİN İSTEHSALI YEKUNLAŞIB

by editor

FİLMDƏ ERMƏNİLƏRİN TÖRƏTDİYİ BƏLALAR QIZCIĞAZIN FACİƏSİ ÜZƏRİNDƏ EKRANLAŞDIRILIB

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 18 iyul 2023-cü il tarixində elan olunan film layihələri müsabiqəsinin qaliblərindən olan “Narqız” animasiya filminin istehsalı yekunlaşıb. Xronometrajı 9 dəqiqə olan film ANİMAFİLM Studio tərəfindən istehsal olunub.

Filmin prodüseri Rəşid Ağamalıyev, quruluşcu rejissoru və rəssamı Məsud Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman və Nəzrin Ağamalıyevadır. Yaş həddi 8+ olan filmin mövzusuna əsasən balaca Narqız göyə çərpələng uçurur və dünyada hər şeyi unudaraq onun ardınca qaçır. Sevinc içərisində olan qız torpaq altında olan və öz partlamaq saatını gözləyən təhlükənin belə fərqində deyil. Bu isə minadır…

“Narqız” qısametrajlı animasiya filmi ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. Filmin çəkilməsinin əsas məqsədi uşaqların diqqətini mina təhlükəsinə cəlb etmək, eləcə də işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı ninalar və minatəmizləmə işləri haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Maarifləndirici film insanlar üçün dinc dövrdə ən böyük təhlükə olan minalardan qorunmaq və ehtiyatlı davranmaq qaydaları ilə bağlı təcrübələri paylaşmağın vacibliyini vurğulayır. Bütün bunlar audiovizual vasitələr, milli-mədəni irsimizin incilərini tamaşaçıya daha aydın çatdıran musiqi və qrafika vasitəsilə təqdim olunaraq XXI əsrin müasir və gerçək vaqeəsini nəql etmiş olur.

Dram janrında olan filmin ideya müəllifi Bəhruz Pənahi, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, səsləndirmə rejissoru isə Qurban Məsimovdur.

Əlaqədar Yazılar