“TRT 12 Punto” Türkiyənin TRT televiziyası tərəfindən 2019-cu ildən etibarən təşkil olunan, ssenari inkişafı və beynəlxalq ortaq istehsal sahəsində fəaliyyət göstərən ən böyük platformadır. Platforma beynəlxalq ssenaristlər, prodüserlər və ekspertləri bir araya gətirərək həm Türkiyədən, həm də digər ölkələrdən layihələrin dəstəklənməsinə şərait yaradır.
Rejissor, prodüser Türkan Hüseynin “Ölü Həsən” bədii filmi “TRT 12 Punto” film layihələri müsabiqəsininin qalibləri sırasındadır. “Ölü Həsən” film layihəsi platformanın qrantını qazanıb.
Azərbaycan və Türkiyənin ortaq istehsalı olan yeni filmin süjetinə görə, səhvən ölü bilinən Həsən gözlərini açır və kənd əhalisi onun mistik güclərə sahib olduğuna inanır. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda, mistik realizmlə yanaşı film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.
Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli, Leyli Vəliyeva və Vaqif Kərimov çəkiliblər. Filmin kastinq xidmətini “Next Cast” Agentliyi yerinə yetirib.
“Ultra Production”, “Poetika Film” (Türkiyə) və Azərbaycan Kinematoqrafçılar İttifaqı istehsalı olan film Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), Dev Film və İctimai televiziyanın dəstəyi ilə reallaşdırılır.
Prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, Duyğu Dəvəli, ko-prodüserləri Emrah Kılıç, Sevinc Əliyeva, icraçı prodüseri Elməddin Alıyev olan filmin rejissorluğunu Türkan Hüseyn yerinə yetirir. Filmin ssenari müəllifləri Türkan Hüseyn və İsmayıl İman, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, bəstəkarı Nigar Süleyman, ikinci rejissoru Asif İsgəndərli, səs operatoru Emin Mahmudov, qafferi Əli Əbilov, fokus pulleri Ruhin Mirzəyev, qrim ustası Adilə Alıyevadır.
Tammetrajlı bədii film 13+ yaş kateqoriyası üçün nəzərdə tutulub. İstehsalı 2026-ci ildə başa çatacaq film əvvəlcə beynəlxalq festivallarda nümayiş olunacaq, daha sonra isə kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.