Əsas ARKA-DAPRODÜSER, REJİSSOR RAFİQ HACIYEV: “YADPLANETLİLƏR TANRI TƏRƏFİNDƏN İNSANA VERİLMİŞ SEVGİ HİSSİNİ BAŞA DÜŞMÜRLƏR.”

PRODÜSER, REJİSSOR RAFİQ HACIYEV: “YADPLANETLİLƏR TANRI TƏRƏFİNDƏN İNSANA VERİLMİŞ SEVGİ HİSSİNİ BAŞA DÜŞMÜRLƏR.”

by editor

“ORİONDAN SEVGİLƏRLƏ” FİLMİNDƏ QƏHRƏMAN YARPLANETLİLƏRLƏ DANIŞACAQ

– Mümkünsə, bir az özünüz haqqında məlumat verərdiniz, oxucularımız da sizi tanısınlar.

– Adım Rafiq Hacıyevdir. Ssenarist, rejissor və prodüserəm. Artıq iyirmi ilə yaxındır ki, bu sahədəyəm. Əvvəllər daha çox musiqi ilə məşğul idim. İndi Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə qalib gəlmiş “Oriondan sevgilərlə” adlı layihəmizi filmə çevirmişik. Yəqin ki, yaxın aylarda da ekranlarda görəcəyik.

– Filmin ideyası – qızın itməsi və yadplanetlilərlə əlaqə – necə formalaşdı?

– Ümumiyyətlə, kosmosa və qeyri-adi hekayələrə həmişə marağım olub. İdeya necə yaranır? Bəzən bizdən asılı olmur. İstədiyin bir şeyi fikirləşib tapa bilmirsən, amma elə bir an olur ki, sanki ilham gəlir, haradan gəldiyini bilmirsən. Mən daha çox qlobal və dünyaya maraqlı ola biləcək mövzu axtarırdım. Filmin əsas mövzusu sevgidir; sevginin bəşəri gücü və bu hissin təkcə Yer kürəsinə deyil, bütün qalaktikaya nə qədər təsiri olduğu barədə bir filmdir.

Əvvəlcə hekayə sadə idi. Düşünürdük ki, yadplanetlilərlə bağlı bir hekayə çəkək. Sonra qərara gəldik ki, tək bu element maraqlı olmaz, özümüzdən də nəsə əlavə etmək lazımdır. Məsələn, kəndə gəlirlər – niyə? Bu sual bizi yeni fikirlərə yönəltdi. Bir müddət ilkin ideyadan imtina etdik, sonra yenidən qayıtdıq. Nəticədə başa düşdüm ki, həm dünyaya, həm də bizə maraqlı olan mövzu sevgidir. Bu film ata ilə qız arasında olan sevginin üzərində qurulub. Ata-qız sevgisi isə tamam başqa bir dünyadır. Beləliklə, ideya formalaşdı və çəkilişə başladıq. Filmin xronometrajı 30 dəqiqədir.

– Daha öncə fantastik dram janrında film çəkmisinizmi?

Fantastik dram, macəra janrında “Proyekt 2602” adlı bir layihəm var, amma hələ çəkilməyib. Tizerini instaqramda paylaşmışdım, bir gün ərzində 100 mindən çox baxış olmuşdu. Filmin büdcəsi çox böyük olduğuna görə hələ ləngiyir. Bu müddətdə də bu qısametrajlı filmi ərsəyə gətirdik. Əslində, bu filmdən yaxşı bir tammetrajlı film çıxar, çünki material çoxdur və mövzu genişdir. Əvvəlcə fikirləşirdik ki, film 15 dəqiqə olacaq, amma sığışmadı, nəticədə 30 dəqiqəlik oldu. Çünki münasibətləri açmaq üçün əlavə səhnələr lazım idi, bu da zaman tələb edirdi. Amma vaxt məhduddur, çünki qısametrajlı filmin və festivalların öz qaydaları var.

– Bu filmin nə qədəri real hadisələrə, şəxsi təcrübəyə, nə qədəri mifə əsaslanır?

– Filmdə hər birindən bir az var. Kənd həyatı, orada yaşayan bir çobanın fərqli düşünməsi və insanlar tərəfindən başa düşülməməsi çox real bir şeydir. Həqiqətən də, kənddə belə insanlara rast gəlinir. Bu, ssenarinin real hissəsidir. Mifoloji hissə də var. Bildiyiniz kimi, son dövrlər yadplanetlilər mövzusu yenidən aktuallaşıb. İnternetdə bu haqda çoxlu məlumat var. Sevgi və yadplanetlilər bu gün üçün aktual mövzulardır. Ümid edirəm ki, film festivallarda layiqli yer tutacaq. Hələlik dəqiq festival strategiyamız yoxdur, amma çox festivallara göndərmək istəyirik. Xüsusilə də, elmi-fantastik janrda ixtisaslaşan festivallara.

– Film metaforik olaraq hansı mövzuları əhatə edir? İnam, yas, yoxsa tənha insanın dünyayla dialoqu?

– Bəli, bizim personaj, əslində, tənhadır. Çünki onu heç kim başa düşmür. Hətta həyat yoldaşı belə ona inanmır.

– Filmin çəkilişləri Astara və Bakıda olub. Fərqli məkanlarda çəkiliş etmək necə idi? Hansı çətinliklərlə qarşılaşdınız?

– Çətinliklər həmişə olur, xüsusən də, yenilik etmək istəyəndə. Çəkilişlərdə  xromokeydən çox istifadə olunub. Bu da aktyor üçün çətindir, çünki səhnəni beynində canlandırmalı olur – kimlə oynayır, nəylə qarşılaşır və s. Astara rayonunun Sarıqaya adlı kəndində çəkilib film. Ora çox çətin məkandır; yolu sıldırımlıdır, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Dizayn baxımından da çətinliklər oldu. Burada tikdiyimiz bir daxmanı götürüb orada yenidən qurduq, bu da xeyli vaxt apardı. O yüksəklikdə çəkiliş etmək çox çətindir. Bəzən hava günəşli görünür, amma gedib görürsən ki, tam fərqlidir. Hava şəraitinə görə bəzi səhnələri çəkə bilmədik və onları başqa səhnələrlə əvəzləmək məcburiyyətində qaldıq. Çoban evinin surətini burada hazırlayıb bəzi səhnələri burada çəkdik, çünki gecə səhnələrində uşaq aktyorumuz da iştirak edirdi. Tez-tez dəyişən temperatur səbəbindən Sarıqayada bu çəkilişlər mümkün deyildi.

– Yadplanetlilər sadəcə fantastik elementdir, yoxsa simvolik məna daşıyır?

– Təbii ki, yadplanetlilərin bir mənası var. Onlar Yerə gəlib texnologiya və ixtiralarla maraqlanmırlar. Filmdə qəhrəman yadplanetlilərlə danışacaq və bu söhbətin mənası açılacaq. Yadplanetlilər Tanrı tərəfindən insana verilmiş sevgi hissini başa düşmürlər. Bu, əsas ideyadır. Bu da insanlara bir mesajdır – hətta texnologiyası yüksək olan məxluqlara da sevgi maraqlı gəlir. Biz isə bəzən hissləri, münasibətləri, emosiyaları unuduruq, çünki rəqəmsal dünya bizi özünə çəkir: telefonlar, internet və s.

– Filmə dəstək axtararkən hansı qurumlara müraciət etdiniz?

– Bu film kommersiya yönümlü deyil, kinoteatrlarda nümayiş olunmayacaq, festivallara göndərmək istəyirik. Ona görə də, yalnız ARKA-ya müraciət etmişik. Bu tip filmlər yalnız dövlət tərəfindən maliyyələşdirilə bilər. Amma büdcə yetərli olmadığından, mən də öz tərəfimdən maliyyə ayırdım. Ümumilikdə, büdcə 84 min olsa da, real xərclər qat-qat artıq olub. Ümumiyyətlə, keyfiyyətli qrafika istəyiriksə, həm zaman, həm də büdcə lazımdır. Bu barədə Mədəniyyət Nazirliyi ilə də müzakirələrimiz olub. Hətta nümunə kimi “Avatar” filmini göstərmişik – o film 8 il gecikmə ilə çəkilmişdi. Elmi-fantastika janrında filmlərdə belə gecikmələr normaldır.

– Platformalarda və ya televiziyalarda yayımlamağı düşünürsünüzmü?

– Hazırda bu barədə konkret bir plan yoxdur. Hər filmin festival ömrü var, festivalların da müəyyən şərtləri var. Film bir il ərzində nəzərdə tutduğumuz festivallarda iştirak etsə, sonra yeni planlar da ola bilər.

Aynur Kazımova

Əlaqədar Yazılar