ƏLƏMDAR FAİQ: “İNKİŞAF DÖVRÜNÜ YAŞAYAN AZƏRBAYCAN KİNOSUNDA BELƏ İDEYALARI DƏSTƏKLƏYƏNLƏRƏ EHTİYACIMIZ BÖYÜKDÜR”
“Qara pişik, ağ şanı” Ələmdar Faiqin ilk tammetrajlı sənədli filmidir. Film Bakı ətrafındakı bağ evinə köçən Füruzə nənə və onun nəvəsi Ələmdarın hekayəsi üzərində ekranlaşdırılıb. Füruzə nənə öz bağında üzümçülüklə məşğul olmaqla yanaşı həyətə gələn qara pişiyi də bəsləyir. Bir gün əsgərlikdən yenicə qayıtmış nəvəsi Ələmdarın onun yanına gəlməsi ikisinin də vaxtilə buraxdıqları səhvlərin nəticələrini üzə çıxarır…
Ümumən ailə yaşantılarının müəyyən simptomlarını canlandıran belə maraqlı ekran işinin rejissoru Ələmdar Faiq Kinoinfo.az-a verdiyi müsahibədə filmin mövzusu, çəkiliş prosesi, filmə dəstəklər barədə sualları cavablandırıb.
-Ələmdar müəllim, öncə tamaşaçılara filmin mövzusu və yaradıcı heyət barədə qısa məlumat verməyinizi istərdik…
-“Qara Pişik, Ağ Şanı” atamla bağlı şəxsi xatirələrimə və öz ailəmizin fonunda cəmiyyən Azərbaycanda ailə institutunun dəyərləndirilməsinə həsr olunub. Filmdə ailə institutuna güzgü tutmaq niyyətilə onun müxtəlif aspektlərini araşdırmağa və canlandırmağa çalışmışıq. Xronometrajı 66 dəqiqə olan “Qara pişik, ağ şanı” Çinar Film-in istehsalıdır. Prodüserləri Türkan Hüseyn və Emil Nəcəfov, səs rejissoru Hafiz İbrahimli, rəng korrektoru Alisa Tareliçevadır.
MANEƏ VƏ DƏSTƏKLƏRLƏ MÜŞAYİƏT OLUNAN ÇƏKİLİŞ PROSESLƏRİ
-Məlumatımıza görə “Qara pişik, ağ şanı” mentorluq proqramlarından dəstək qazanıb…
-Bəli bu proqramlar da film üçün çox uğurlu nəticələr qazandırdı. Belə ki, biz əvvəlcə CineDOC-Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı tərəfindən təşkil olunan mentorinq proqramına müraciət etdik. Bu müraciət üçün müəyyən iştirak haqqı ödəməli idik. Filmin ilk maliyyə dəstəyi Azərbaycan Kinematoqrafçılar İttifaqından gəldi ki, bunun sayəsində yarışmaya qatılmaq imkanı əldə etdik. Daha sonra CineDOC-Tbilisinin sonuncu – pitçinq mərhələsində iştirak edərək Current Time TV-dən maliyyə dəstəyi qazandıq. Çəkilişlərin ikinci ilində artıq film tamamlandı. Filmin tam süjet xəttini formalaşdırmaq üçün həm CineDOC-Tbilisi mentorluq proqramında, həm də Azərbaycanda keçirilən Kinolab mentorluq proqramında iştirak etdik. Hər iki proqram filmin inkişafında çox mühüm rol oynadı.
-Çəkilişlər zamanı qarşılaşdığınız problemlər əsasən nələr olurdu?
-Ən böyük problemim avadanlıqlarla bağlı yaranırdı. Yeri gəlmişkən qeyd edim ki, bu mənim ilk tammetrajlı filmim olduğu üçün kamera, səs avadanlıqları və digər texniki vasitələrin əldə edilməsində çox böyük çətinliklər yaşadım. Lakin bəzi üstün cəhətlər işimə çox yarayırdı. Məsələn, filmin protaqonistlərindən (baş qəhrəman.-red.) birinin nənəm olması mənim üçün çəkiliş prosesini xeyli asanlaşdırdı. O, bəzən kameranın varlığını unudurdu və çox təbii şəkildə istədiyim ifadələri səsləndirirdi. Filmin tamamlanmasından sonra mentorlarıma təqdim edərkən nənəmin performansı bir çoxları tərəfindən yüksək qiymətləndirildi.
-Müsabiqələrə qatılmağın sənətinizdə müəyyən izlər buraxacağı qənaətindəsinizmi?
-Şübhəsiz. Xüsusilə yeni rejissorlar üçün mentorluq və pitçinq proqramları çox vacibdir. Əvvəlki təhsil sahəm kino ilə bağlı olmadığından bu proqramlar mənə sənətimi inkişaf etdirməkdə böyük imkanlar yaratdı. Mentorlar və beynəlxalq mütəxəssislərlə ünsiyyət qurmaq, onların kinoya baxış tərzini öyrənməyimin yaradıcılığımın inkişafına ciddi təsir göstərəcəyi şəksizdir.
“ƏGƏR BU BÜDCƏ AYRILMASAYDI…”
-Ələmdar müəllim, həm bir rejissor, həm də tamaşaçı kimi Azərbaycan kinosunun yenilənməsi elementlərinin kino yaradıcılığına təsirindən qısaca da olsa danışmağınızı istərdik. Fərqlər nəzərə çarpırmı?
-Filmin çəkilişlərini başa vurduqdan sonra post-produksiya mərhələsinə keçdik. Bu mərhələni tamamlamaq üçünsə daha böyük büdcəyə ehtiyacımız var idi. 2023-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlər üçün müsabiqə elan etdi. Prodüserlərlə birlikdə bu müsabiqəyə qoşulmağa qərar verdik. Nəticədə “Qara pişik, ağ şanı” qalib layihələrdən biri oldu. Mütləq qeyd etməyi özümə borc bilirəm ki, əgər bu büdcə ayrılmasaydı, filmi tamamlamaq bizim üçün çox çətin olacaqdı. Onu da etiraf edim ki, eyni zamanda, bu iş gələcək karyerama işıq saldı, başqa sözlə, məndə film çəkmək üçün gələcəkdə müxtəlif fondlardan maliyyə əldə etmək əminliyi və motivasiya yaratdı. Fikrimcə, Azərbaycan kinosu inkişaf dövrünü yaşayır və belə dəstəklərin olması hazırkı zəif kino sənayesi şəraitində mütləqdir. Çünki istər sənədli, istərsə də bədii filmlər üçün danışmağa çox mövzumuz var. Sadəcə, bu ideyaları həyata keçirməkdə katalizator rolunu oynayan dəstəyə ehtiyacımız böyükdür.
Həmsöhbət oldu: Aynur Kazımova