Əsas FOTOSESİYA “SPİNOZANIN TANRISI” PSİXOLOJİ DRAMI TAMAŞAÇILARIN GÖRÜŞÜNƏ GƏLİR

“SPİNOZANIN TANRISI” PSİXOLOJİ DRAMI TAMAŞAÇILARIN GÖRÜŞÜNƏ GƏLİR

by editor

CAVİD TƏVƏKKÜL: “AZƏRBAYCAN KİNO İNDUSTRİYASINDA ÇOX ŞEYİN DƏYİŞDİYİNİ HİSS EDİRƏM”

Rejissor Cavid Təvəkkül 1974-cü ildə Tərtər rayonunda anadan olub. 1992-1997-ci illərdə Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsində təhsil alıb. Sonra yazıçı, kinorejissor Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbini rejissorluq ixtisası üzrə bitirib. İctimai Televiziyada fəaliyyət göstərib və 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Cavid Təvəkkül uzun fasilədən sonra “Spinozanın Tanrısı” filmi ilə yenidən kino dünyasına qayıdıb. Onun kinoinfo.az xəbər portalına müsahibəsi də elə yeni filmi və artıq geridə qalmış fasiləsinin səbəbləri barədədir.

– Filminiz “Spinozanın tanrısı” kimi fəlsəfi bir ada sahibdir. Bu ad hər kəsdə maraq oyadır. Mövzu baxımından filmin fəlsəfi, psixoloji və emosional cəhətləri barədə portalımızın oxucularını məlumatlandırmağınızı istərdik…

– Janr etibarilə film psixoloji dramdır. Mövzusu insanın daxili dünyası, inancı və emosional təlatümləri barədədir. Burada din anlayışından çox, insanın özünə və başqalarına olan inancı üzərində dayanılır. Psixoloji məqamlar əsas yer tutur. Çalışmışıq ki, bu aspektləri kino dilində tamaşaçılara ifadə edə bilək.

– Çəkilişlər nə qədər zaman apardı?

– Çəkilişlərimiz ümumilikdə 28-30 gün davam etdi.

– Filmin təqdimatını nə zaman və hansı məkanda keçirməyi planlaşdırırsınız? Bir də “Spinozanın tanrısı”nın hansı auditoriyaya daha çox xitab etməsini açıqlamağınızı istərdik…
– Təqdimatımız 27 fevral 2025-ci ildə Nizami Kino Mərkəzində baş tutacaq. Elə həmin gündən etibarən filmin bütün kinoteatrlarda nümayişinə başlanılacaq. Film əsasən gənclərə xitab edir, lakin orta və yaşlı nəsil üçün də maraqlı ola bilər. Ümumiyyətlə, filmimiz hər kəsin baxa biləcəyi bir əsərdir. Xüsusi bir kütləni hədəf seçməmişik. Sadəcə bir film çəkmək istəmişik. Son sözü yəqin ki, tamaşaçılar deyəcək.

– Uzun müddət çəkilişdən uzaq qalmaq yaradıcılıq baxımından sizin üçün çətin idi, yoxsa bu fasilə işinizə yeni, fərqli bir yanaşma qazandırdı? Ümumiyyətlə doğma kino şəbəkəsinə qayıtmağın yaratdığı təəssüratı qiymətləndirməyinizi istərdik…

– Uzun müddət fasilə vermişdim. Bu, bir növ “time-out” idi. Gənclik illərimizdən bəri kinonun içindəyik və burada böyüdüyümüz üçün kinodan tamamilə uzaqlaşmağımız mümkünsüzdür. Sadəcə bəzi fərqli səbəblər vardı ki, indi onları açıqlamağa ehtiyac görmürəm. Azərbaycan kino industriyasında çox şeyin dəyişdiyini hiss edirəm. Etiraf edirəm ki, bu dəyişikliklərə uyğunlaşmaq üçün adaptasiya dövrü bir qədər çətin keçdi.

– Komediya filmləri geniş tamaşaçı kütləsi cəlb edir, lakin psixoloji dram janrı daha çox düşüncəyə və emosiyaya yönəlir. Bu janrda filminizin tamaşaçı marağı və reytinqi ilə bağlı gözləntiləriniz nələrdir?

– Hələlik konkret proqnozlarım yoxdur. Bu, filmimə inanmadığım anlamına gəlməsin. Düşünürəm ki, Azərbaycanın özünəməxsus kino auditoriyası var. Bizim çəkdiyimiz filmin də öz izləyicisi olacaq. Mənim aləmimdə janr fərqi yoxdur; sadəcə yaxşı və pis film anlayışı mövcuddur.

– Filmin mövzusunun, süjet xəttinin nə üstündə qurulduğu da maraqlıdır…

– Filmin mövzusu sevgi üzərində qurulub. Hadisələr əsasən bir gəncin həyatında baş verənlər və sevgi üçbucağı ətrafında cərəyan edir.

– Uğurlar diləyirik. Davamlı olsun.

– Sağ olun.

“Spinozanın tanrısı” filmi Netmedia-nın əməkdaşlığıyla Pelican Film Prodakşn tərəfindən istehsal olunur. Filmin ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyev, quruluşçu operatoru Hüseyn Devrim, quruluşçu rəssamı Vüqar Qurbanov, bəstəkar Nicat Qafuroğlu, ikinci rejissoru Telman Talıb, operatoru Elvin Hacıəliyev, səs rejissoru Xan, geyim rəssamı Neyjən Məlik, qrim rəssamı isə Aysu Əlizadədir.

Filmdə əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova ifa ediblər. Digər rollarda isə Xalq artisti Vidadi Həsənov, əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digər istedadlı aktyorlar çıxış ediblər.

Aynur Kazımova

Əlaqədar Yazılar