Əsas ANALİTİKA QIRĞIZISTAN KİNOSU RƏQƏMLƏRDƏ

QIRĞIZISTAN KİNOSU RƏQƏMLƏRDƏ

by editor

Mərkəzi Asiya dövlətləri üçün kino sənayesi hələ də formalaşmaqda olan və inkişaf edən sahədir. “Nevafilm”-in araşdırmasına görə buradakı 4 dövlətin (Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan) kassa payı bütün MDB məkanı üzrə 1% təşkil edir.

Qırğızıstan bu ölkələr arasında ən yaxşı kassa nəticələrinə sahibdir. 2011-ci ilin statistikasına görə burada 11, 2015-ci ildə isə 19 kinoteatr var idi. Hazırda isə bu rəqəm 36-ya bərabərdir (10 kinoteatr uzunmüddətli icarədədir). Ölkə üzrə əsasən 2 nümayişçi şirkət mövcuddur – Cinematika və Manas Cinema.

Bəs,  necə oldu ki, Qırğızısta kinosu birdən-birə sıçrayış yaşayaraq, Mərkəzi Asiyadakı digər dövlətlərdən daha yaxşı nəticə əldə etdi?

Burada əsasən dövlət siyasətini vurğulamaq lazımdır. 1991-ci ildə Qırğızıstan müstəqillik qazanan zaman, ölkədə gənc rejissor nəsli var idi. Onları “yeni dalğa” adlandırırdılar. Bu illərdə bir çox Qırğız filmi “A” kateqoriyalı festivallarda əsas yarışda iştirak edirlər.

2001-ci ildə Qırğızıstan hökumətinin kino haqqında qanun layihəsini qəbul etməsindən sonra isə ölkədə film sənayesinin sürətlə böyüdüyünü müşahidə etmək olar. Bu qanuna görə hər il ölkə büdcəsinin ən az 0.1%-i film istehsalına və istehsalçıların dəstəklənməsinə sərf olunmalıdır. Lakin, 2015-2019-cu illər aralığında bu rəqəm 10.2 milyon dollar olmalı idisə, film istehsalı üçün yalnız 3.8 milyon dollar dövlət dəstəyi ayrılıb. Qanun layihəsində həmçinin film sənayesinin özəlləşdirilməsi də nəzərdə tutulub ki, bu proses də davam etməkdədir.

Qırğızıstan kinosunun inkişafından söz açarkən, xüsusən, 2014-cü ildə Film Prodüserləri İttifaqının yaradılmasını qeyd etməliyik.

Qırğızıstan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə 2001-2018-ci illərdə 130 tammetrajlı film istehsal olunub. Hər il ölkədə 25-30 arası tammetrajlı film çəkilir. Lakin, qeyd etmək lazımdır ki, “Qırğızfilm” kinostudiyasında istehsal olunun filmlərin təxminən 60%-i qısametrajlı, sənədli və animasiya filmləridir. Bununla yanaşı, ölkədə hər il mütəmadi olaraq 7 beynəlxalq film festivalı təşkil olunur.

Qırğızıstanda kino istehsalına investisiyanın əsas mənbələri azalan qaydada bunlardır:

• sponsorluq, korporativ investorlar (kommersiya şirkətləri, banklar və s.);

• özəl investor-istehsalçılar (sponsorluq və borc vəsaitləri)

• şəxsi vəsaitlər (borc vəsaitləri daxil olmaqla);

• maliyyə təşkilatları (daşınmaz əmlak, avtomobil və s. kreditləri)

Kiçik mənbələrə aşağıdakılar daxildir:

• dövlət investisiyaları (maliyyələşməni əldə etmək kifayət qədər çətindir);

• beynəlxalq fondlar, qrantlar (nadir hallarda);

• himayəçilik və xeyriyyəçilik ;

• xarici prodüserlər, birgə istehsal (nadir hallarda);

• kraudfandinq (nadir hallarda).

Qırğızıstan kinosuna beynəlxalq uğurlar qazandıran bəzi rejissorlar və filmləri:

Aktan Abdilkalikov (Aktan Arim Kubat):

Selkincek (1993) – Lokarno Film Festivalı Qrand Prisi, Torino Film Festivalı FIPRESKI mükafatı

Beşkempir (1998) – Lokarno Film Festivalı Gümüş Leopard, 11 beynəlxalq festivaldan mükafat. Film 1999-cu ildə Sundance Film Festivalında da iştirak edib.

Həsən-Hüseyn (1999) – Çikaqo Uşaq Filmləri festivalında “Ən yaxşı qısa film” mükafatı qazanıb.

Maimil (2001) – Kann Film Festivalının əsas yarışında iştirak edib.

Svet-Ake (2010) – Kann Film Festivalında iştirak edib.

Kentavr (2017) – Berlin Film Festivalında Arthaus filmlərə təqdim olunan CICAE mükafatını qazanıb.

Sadik Şer Niyaz

Kurmanjan Datka (2014) – Avrasiya Film Festivalı “Ən yaxşı film”

Nurbek Egen

Sunduk Predkov (2006) – Kottbus Film Festivalında Qrand Priyə namizəd, Tamaşaçı rəğbəti mükafatı

Mirlan Abdilkalikov

Sutak (2015) – Karlovi Vari film festivalı Feodora mükafatı

Əlaqədar Yazılar