Dekabrın 24-də Nizami Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı olacaq.
Filmin qəhrəmanı ailə məişət sıxıntıları ilə üzləşən, yaşı 40-ı keçmiş aktrisa, zaman keçdikcə kinoda və teatrda ona tələbatın azaldığını hiss edir. Amma bunu qəbul etmək istəmir. Əsas ideyalardan biri sənətin görünməyən tərəflərinin qadın qəhrəmanın müxtəlif ruh hallarında təsvirinə can atmaqdır. Rejissor aktyor və qadın taleyinə iki qəhrəmanın sarsıntıları, yaşantıları fonunda kinematoqrafik baxış edir.
Filmin ssenari müəllifləri Saida Haqverdiyeva, Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur. Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.
“RS Production”un istehsalı olan filmin (prodüserlər Kəmalə Nəhmətova və Saida Haqverdiyeva) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.