Əsas ARKA-DAREJİSSOR EMİN ƏFƏNDİYEV FƏCR FİLM FESTİVALINDA: “TƏNHA İNSANIN MONOLOQU”NUN YOLU

REJİSSOR EMİN ƏFƏNDİYEV FƏCR FİLM FESTİVALINDA: “TƏNHA İNSANIN MONOLOQU”NUN YOLU

by editor

İran İslam Respublikasında keçirilən 43-cü Fəcr Film Festivalı 26 noyabrdan 3 dekabra qədər baş tutub. Mövzusu poetik kino olan festival çərçivəsində ARKA dəstəyi ilə çəkilmiş “Tənha insanın monoloqu” filmi nümayiş olunub və yerli auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Filmin rejissoru Emin Əfəndiyev festivalın Talent Campus proqramına dəvət olunaraq master-klass keçib. Onunla bərabər master-klass keçən simalar arasında Nuri Bilge Ceylan, Yunan poetik kinosunun tanınmış siması Vasillis Mazomenos, Avstraliyalı rejissor Anne Demy Geroe, iranlı sənətçilər Aydın Aghdashloo, Mahmud Kalari və fotoqraf Alfred Yaghobzadeh yer alıb. Festival iştirakçıları “Tənha insanın monoloqu” filmini izləyiblər.

Festivaldan qayıdan rejissor Kinoinfo.az saytının suallarını cavablandırdı.

İran Fəcr təcrübənizdən sonra gənc filmçilərə verəcəyiniz əsas tövsiyələr nələrdir?

– “Tənha insanın monoloqu filmini Fəcr festivalına göndərmişdim. Baxıb çox bəyəndilər. Festivalın bu ilki mövzusu poetik kino idi. Məni Talent Campus proqramına mentor kimi dəvət edib master-klass keçməyimi istədilər. Düzünü desəm, bu mənim üçün gözlənilməz idi. Bir gənc olaraq həm özümə, həm də digər gənclərə məsləhətim budur ki, inandıqları mövzuları danışsınlar. Əsas məsələ budur. Səni narahat edən, düşündürən mövzulara toxunmaq lazımdır. Bu işə özünü tam şəkildə vermək lazımdır. Tamaşaçı ekranda müəllifin hisslərini duyduğu anda film artıq öz missiyasını yerinə yetirmiş olur. Sadəcə film çəkmək naminə iş görmək olmaz.

Festival çərçivəsində İrandan hansı rejissor və ya prodüserlərlə yeni əməkdaşlıq imkanları yarandı?

– Böyük marketlər olur və festival günlərində yaxşı əlaqələr qurmaq mümkündür. Mən də çalışdığım qədər növbəti layihəm üçün əlaqələr qurdum. Qalanını zaman göstərəcək.

– Bu səfər növbəti layihənizin mövzusuna və ya vizual estetikasına təsir göstərə bilərmi?

–Düşünmürəm ki, bu, mövzuya təsir göstərsin. Belə festivallarda əsasən böyük marketlər olur və orada rejissor mövzu axtarmır. Adətən mövzunu sən satırsan. Mən də eyni şəkildə etdim. Prodüserlərlə görüşürsən və analiz edə bilirsən ki, yeni layihən dünyanın nə dərəcədə marağını çəkir.

Ora gələn prodüserlər özləri də Şərqdən orijinal, mental hekayələr axtarırlar, fərdilik onlar üçün önəmlidir. Şərqli və Qərbli prodüserlərin yanaşmaları fərqlidir. Məsələn, “Tənha insanın monoloqu” filminin adını fransız və alman prodüserlər uğursuz hesab etdilər, hətta dəyişməyi təklif etdilər. Amma türk və iranlı prodüserlər bu adın çox uğurlu olduğunu dedilər.

Əslində hər kəs öz prokatını düşünərək fikir bildirir və bunu anlamaq olur. Ona görə də film çəkilmə mərhələsində prodüserlər artıq satış strategiyasını müəyyən edirlər: filmi hansı qitədə göstərəcəklər, necə və harada satacaqlar. Festivallar da bu strategiyaya təbii ki, daxildir.

– Ümumiyyətlə, İran tələbələrinin və gənc rejissorların dünya kinosuna baxışında sizə nə maraqlı gəldi?

– Orada təkcə İran tələbələri yox idi. 40 ölkədən 60 tələbə iştirak edirdi, onların 20-si İrandan idi, qalanları fərqli ölkələrdən gəlmişdi. Azərbaycan filminə əksəriyyəti ilk dəfə baxırdı. Tələbələr mövzu baxımından açıqdırlar, buna görə də demək olar ki, hər mövzu onlar üçün maraqlıdır. Yeni nəsil ümumiyyətlə fərqlidir: rahat, sərbəst və ünsiyyətcildirlər. İstədikləri sualı verirlər, düşündüklərini çəkinmədən ifadə edirlər.

– Filmin nümayişi zamanı yerli auditoriyanın reaksiyası necə oldu və bu sizdə hansı hissləri yaratdı?

– Film nümayişi maraqlı keçdi. Ümumiyyətlə, tələbələrə film göstərəndə bir az daha həyəcanlı oluram. Bundan əvvəl də belə təcrübələrim olub. Onların baxışları və yeni düşüncəyə sahib olmaları mənə həmişə maraqlıdır. Çünki kino tez köhnələn bir sənətdir və hər zaman maraqlıdır ki, mövzu, temp və ritm bu günün gənc nəslinin zövqünə nə dərəcədə uyğundur. Məncə yaxşı qarşılandı, ən azından belə hiss etdirdilər.

– Fəcr Film Festivalı dünyanın ən özünəməxsus kino mühitlərindən biridir. Oraya çatanda səni ilk nə təəccübləndirdi? Festivalın atmosferi necə idi?

– Fəcr böyük festivaldır, A kateqoriyalıdır. Bu cür festivallarda səhərdən axşama qədər şəhər festival ab-havasına bürünür. Hava limanından düşən kimi böyük Kiarostami posterləri görürsən, sonra şəhərin hər yerində onun filmlərinin afişalarına rast gəlirsən. Sanki bütün şəhər Kiarostami filminin içindədir. Bu, böyük komandanın və təcrübənin nəticəsidir. Ən əsası, dünya kino ulduzları çox gəlir və bu da festivalın reklamına xidmət edir. Festival həm Şərq dünyası üçün önəmlidir, həm də böyük maliyyə ilə təşkil olunduğu açıq-aşkar görünür.

Qeyd edək ki, “Tənha insanın monoloqu” yanvarın 10-dan 18-dək keçiriləcək 24-cü Dhaka Film Festivalının əsas müsabiqəsində də yarışacaq.

Aynur Kazımova

Əlaqədar Yazılar