Əsas FESTİVALLARREJİSSOR FARİZ ƏHMƏDOV TRABZON FİLM FESTİVALININ MÜNSİFLƏR HEYƏTİNDƏ TƏMSİL OLUNUB

REJİSSOR FARİZ ƏHMƏDOV TRABZON FİLM FESTİVALININ MÜNSİFLƏR HEYƏTİNDƏ TƏMSİL OLUNUB

by editor

Türkiyənin Trabzon şəhərində ilk dəfə təşkil olunan Trabzon Film Festivalı başa çatıb. 24–28 dekabr 2025-ci il tarixlərini əhatə edən festival Azərbaycan kinosu üçün də əlamətdar olub. Belə ki, azərbaycanlı rejissor Fariz Əhmədov festivalın münsiflər heyətinin üzvü kimi beynəlxalq səviyyədə ölkəmizi uğurla təmsil edib.

Türkiyənin Kültür və Turizm Nazirliyi, Trabzon Valiliyi və Trabzon Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində “Sənədli film” və “Qısametrajlı bədii film” olmaqla iki əsas müsabiqə baş tutub. Hər iki müsabiqə üzrə qaliblər festivalın əsas mükafatı olan “Altın Taka” ilə təltif olunublar.

Festival müddətində ümumilikdə 53 film nümayiş etdirilib. Proqrama uşaq filmləri, müsabiqə filmləri, xüsusi seçkilər, sənədli filmlər, eləcə də qala nümayişlər daxil olub. Tədbir boyunca film nümayişləri, ustad dərsləri, atelye çalışmaları və açıq müzakirələr təşkil edilib. Rəsmi məlumata görə, festival tədbirlərində təxminən 40 min nəfər, film nümayişlərində isə 17 minə yaxın tamaşaçı iştirak edib.

Festivalın münsiflər heyətində Vuslat Saraçoğlu, Naim Kanat, Didem Balçın, Bahriye Kabadayı, Sevinç Yeşiltaş, Alper Kaya, Vedat Atasoy və Fariz Əhmədov yer alıblar. Azərbaycanlı rejissor digər tanınmış kino peşəkarları ilə birlikdə yarışma filmlərini qiymətləndirərək qaliblərin müəyyənləşdirilməsində iştirak edib.

Festivalın qala gecəsində kino sənətinə verdiyi töhfələrə görə bir sıra tanınmış simalar mükafatlandırılıb. Aktrisa Meral Çetinkayaya “Əmək Mükafatı”, Hüseyin Avni Danyal və Hülya Koçyiğitə “Şərəf Mükafatı”, Ahmet Mümtaz Taylana isə “Ömür Boyu Uğur Mükafatı” təqdim olunub.

Festival rəhbərliyi gələn il tədbirin daha geniş miqyasda keçiriləcəyini bildirib.

Fariz Əhmədovun Trabzon Film Festivalında münsiflər heyətində təmsil olunması Azərbaycan kinosunun beynəlxalq platformalarda artan nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilir və yerli rejissorların dünya kino mühitində fəal iştirakına mühüm töhfə verir.

Əlaqədar Yazılar