Əsas EKRANDAREJİSSOR SEYRAN MAHMUDOĞLUNUN YENİ FİLMİNİN QAPALI NÜMAYİŞİ BAŞ TUTUB

REJİSSOR SEYRAN MAHMUDOĞLUNUN YENİ FİLMİNİN QAPALI NÜMAYİŞİ BAŞ TUTUB

by editor

Sentyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Seyran Mahmudoğlunun “Evim” tammetrajlı sənədli filminə qapalı baxış keçirilib. AKİ-nin İdarə Heyətinin üzvü, rejissor, ssenarist, “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımovun moderatorluğu ilə keçən tədbirdə filmin yaradıcı heyəti ilə yanaşı kinotənqidçilər və peşəkar kinematoqrafçılar iştirak ediblər.

Müəllifin şəxsi hekayəsinin inikası olan “Evim” filmi itirilmiş cənnətin bərpasına cəhd və bunun qeyri-mümkün olduğunun dərki haqqındadır. Müəyyən fasilələrlə səkkiz il müddətində çəkilmiş film Xaçmaz rayonu Alekseyevska kəndində yaşayan Larisa, SSRİ dağılandan sonra kəndi tərk etmiş və düz otuz ildən sonra uşaqlığını keçirdiyi Alekseyevskaya qayıdan Ninanın hekayəsini nəql edir. Müəllif uşaqlığına duyduğu nisgili bu iki qadının, əsasən də, Ninanın hekayəsi vasitəsilə ifadə etməyə çalışır.

“Evim” filminin dünya premyerası Doker Beynəlxalq Sənədli Filmlər Festivalının (4-9 sentyabr) əsas müsabiqəsi çərçivəsində sentyabrın 8-də, Moskvada, “Oktyabr” kinoteatrında baş tutub.

Bakılı kinosevərlər isə filmə IX DokuBaku Beynəlxalq Sənədli Film Festivalında baxmaq imkanı qazanacaqlar. “Evim” filmi festivalın “DOKUTAM: Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film” müsabiqəsində yarışacaq.

Seyran Mahmudoğlunun həm də prodüseri olduğu filmin ssenari müəllifi Esmira Əyyub, operatorları Əli Sultanov, Zaur Allahverdiyev, İsgəndər Qənbərov, səs rejissoru Hafiz İbrahimlidir. Montaj işi Seyran Mahmudoğlu, Rza Əsgərov və Əsgər Rəhimova, rəng korreksiyası Aleksandr Melnikov və Elşən Əliyevə məxsusdur. 

Əlaqədar Yazılar