Rejissor Valeh Əhmədovun yeni filmi olan “Şor biznes”in təqdimat mərasimi 9 may tarixində Nizami Kino Mərkəzində keçirildi. Tammetrajlı bədii filmin xronometrajı 85 dəqiqədir. AND prodakşın tərəfindən istehsal olunan film romantik dram janrındadır və baş prodüseri Valeh Əhmədovdur.
Təqdimat zamanı Valeh Əhmədov vurğuladı ki, uşaq vaxtı italyan əsilli rejissor Frensiz Ford Koppolanın iki filminin kinoteatrda bir-birinə rəqib olduğunu öyrənib və gələcəkdə öz filmlərinin belə yarışmasını arzu edib. Hazırda kinoteatrlarda rejissorun həm “Xəyanətə yox”, həm də “Şorbiznes” filmi göstərilir.
“Şor biznes” filminin mövzusuna görə, şor satmaqla halal çörəyini qazanan, kənddə öz həyatı olan Qasım gündəmdə qalmaq üçün çalışan, şou biznesin reytinqli müğənnisi Rəna ilə təsadüfən qarşılaşır. Qasım şor satdığı üçün hər dəfə yoldaşı tərəfindən təhqirə məruz qalır. “TikTok”dakı videoları görüb bahalı həyat arzulayan yoldaşı şou biznesdən olan bir nəfərə qoşulub şəhərə qaçır. Konsert üçün kəndə gələn Rəna isə Qasımın başına gələnləri bilir və Qasıma bir təklif edir. Qəhrəmanları birləşdirən oyun həyatlarında çox şeyi dəyişir. Asan saydıqları oyun onları çətin vəziyyətə salır. Günümüzün xəstəliyi: sosial şəbəkə asılılığı, TikTok-da olan mənasız videolar, insanları tanımadan yazılan təhqirlər, bilib-bilmədən müzakirə olunan hadisələr, məşhurluq istəyi, trend davası, xəbər müzakirələri filmin ən aktual mövzularındandır.
Son olaraq isə rejissor qeyd etdi ki, ilin sonuna qədər iki film daha çəkmək niyyətindədir.
Filmin yaradıcı heyəti aşağıdakı kimidir:
Növ: tammetrajlı bədii film
İstehsal ili: 2024
İstehsalçı: AND prodakşn
Müddət: 85 dəqiqə
Nümayiş tarixləri: 09.05.2024
Nümayiş şəbəkəsi: Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi
Janr: romantik dram
Rejissor: Valeh Əhmədov
Ssenari müəllifləri:Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Elvin Ağayev
Operator: Emil Qarayev
Rollarda: Elnar Qarayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Cəmilə Tağızadə, Yusif Tarverdiyev, Fərid Hüseynov
Prodüserlər: Elvin Ağayev, Elvina Atakişiyeva
Baş prodüser: Valeh Əhmədov