REJİSSOR VƏ SSENARİ MÜƏLLİFİ İLQAR SAFAT: “BİZ BU FİLMDƏ YAXIN TARİXİMİZİN ÇOX AĞRILI SƏHİFƏLƏRİNƏ TOXUNURUQ”
“Doğma torpaq”ın Nizami Kino Evində baş tutan təqdimatı tamaşaçı bolluğu ilə yaddaşlara köçdü.
Məlumat üçün qeyd edək ki, ölkə əhalisinin böyük əksəriyyətinin diqqətini cəlb edəcək, tariximizin bir parçasını əks etdirən “Doğma torpaq”ın çəkiliş prosesləri Azərbaycanın müxtəlif bölgələrində – Zaqatala, Bakı, hətta tarixi Azərbaycan torpağı olan Dərbənd şəhər və kəndlərinin əraziləri ilə yanaşı işğaldan azad olunmuş Şuşa şəhərində də aparılıb. Yeri gəlmişkən, bu film Şuşada çəkilmiş ilk tammetrajlı bədii film olaraq tarixə düşür.
Filmdə baş rolları Rüstəm Cəbrayılov və Rusiyadan dəvət olunmuş aktrisa Alina Vorontsova ifa ediblər. Onlarla yanaşı, Azərbaycanın Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, tanınmış aktyorlar Orxan Abbasov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.
Filmin operator işi Konstantin Esadzeyə, musiqi tərtibatı isə Araz Hümbətliyə həvalə olunub. Səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur. “Doğma torpaq” filmində sovet dövründə daşnakların gizli fəaliyyəti, azərbaycanlıların tarixi torpaqlarımız Qafan bölgəsindən qovulması, eləcə də Xocalı soyqırımı kimi faciələr və nəhayət, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması prosesləri təsvir edilir.
Qeyd edək ki, ekran işi “Narimanfilm” kinostudiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, özəl şirkətlər və İctimai Televiziyanın dəstəyi ilə istehsal olunub.
Təqdimatı ilə geniş rezonans doğurmuş filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safatdan elə premyera başa çatan kimi isti-isti film barədə Kinoinfo.az internet portalına açıqlamalar verməsini xahiş etdik. Müəllif öncə ekran işinin Azərbaycan torpaqlarında baş verən 40 illik dövrü əhatə edən epik hekayə olduğunu diqqətimizə çatdırdı: “Biz film boyu qəhrəmanın uşaqlıq illərini, ardınca gəncliyini, toyunu, ata olmasını, qanlı-qadalı hadisələri və nəhayət Böyük Zəfərimizdə payı olan oğlunun həyat yolunu izləyirik. Hekayə zamanla açılır və tarixi hadisələrlə nəfəs-nəfəsə davam edir”.
“Filmdə Xocalı soyqırımı ilə ilgili tükürpədici fakt və hadisələrin inikasını da gördük. Xalqımız üçün çox həssas və ağrılı mövzu olan bu qandondurucu olayların təsbitinə özünüzü necə hazırladınız” sualımızı da cavablandıran İlqar Safat bunun xalqımız qarşısında çox böyük məsuliyyət hissi və konkret sənədlər əsasında mümkün olduğunu dilə gətirdi: “Biz bu filmdə yaxın tariximizin çox ağrılı səhifələrinə toxunuruq. Təbii ki, mən materiala dərindən baş vurdum, arxiv sənədlərini araşdırdım. Məsələyə maksimum məsuliyyətlə yanaşdıq və həmin dövrdə baş vermiş dəhşətli vəhşilikləri mümkün qədər təfsilatlı şəkildə göstərməyə çalışdıq. Düşünürəm ki, bunların hamısı ekranda öz əksini tapdığından çox güman ki, əlavə heç bir sualın yaranmasına ehtiyac qalmayacaq”.
Film 24 apreldən etibarən kinoteatrlarda nümayiş olunur.
































