Əsas ARKA-DATAHİR TAHİROVİÇ: “BU FİLM GÖSTƏRİR Kİ, SEVGİ HEÇ BİR FİZİKİ MANEƏYƏ BAXMIR”.

TAHİR TAHİROVİÇ: “BU FİLM GÖSTƏRİR Kİ, SEVGİ HEÇ BİR FİZİKİ MANEƏYƏ BAXMIR”.

by editor

“SƏSSİZ VAĞZAL” FİLMİNİN REJİSSORU İLƏ MÜSAHİBƏ

– Tahir bəy, bu filmin hekayəsi necə yarandı?

– Əvvəl ssenarini qısametrajlı film kimi düşünmüşdüm. Bir-birini sevən iki fiziki məhdudiyyətli insanın qaçaraq birlikdə yeni həyata başlamaq istədiklərindən danışan kiçik bir hekayə yazmışdım. Sonda getdikləri kəndin ermənilər tərəfindən işğal olunduğunu görürdülər. Bu fikri ssenarist Ramil Ələkbərova danışdım, o da mövzunu inkişaf etdirməyi təklif etdi. Beləcə, tamamilə fərqli, lakin yenə də əlil qızla müharibədə kontuziya alaraq danışmaq qabiliyyətini itirmiş zabitin həyatından bəhs edən bir hekayə yarandı. Ssenarini Ramillə birlikdə işlədik və 2015-ci ildə “Səssiz vağzal” filmini çəkməyə başladıq. Film sıfır büdcə ilə, yalnız “Kəpəz TV” və “El TV”-nin dəstəyi ilə lentə alındı. Çəkilişlər, təxminən, 20 gün davam etdi. Təəssüf ki, post-prodakşn mərhələsi maliyyə çatışmazlığına görə uzun illər yarımçıq qaldı. 2024-cü ildə ARKA-nın post-prodakşn mərhələsində olan filmlər üçün keçirdiyi müsabiqəyə qoşulduq və qalib olduq. Amma bu film I Qarabağ müharibəsindən bəhs edirdi və o dövrdə çəkildiyinə görə finalı çox bədbin idi. İndi qalib ölkəyik və o final uyğun gəlmirdi. Bu səbəblə 10 ildən sonra yenidən çəkiliş etdik, hekayənin əvvəlini və sonunu yeni epizodlarla tamamladıq. 2015-ci ildə çəkilmiş hissələr artıq xatirə kimi verilib. Düşünürəm ki, pis alınmadı; həm operator, həm də bəstəkarın işi çox uğurlu alınıb.

– Zaur və Saranın hekayəsi real hadisələrə əsaslanır, yoxsa bu sırf təxəyyül məhsuludur?
– Təxəyyül məhsuludur, amma bunu sırf uydurma da saymaq olmaz. Çünki I Qarabağ müharibəsində oxşar hadisələrin baş verməsi mümkündür. Filmdə Zaur müharibədə kontuziya alır, danışa bilmir. Sevdiyi qız isə anadangəlmə laldır. O, qızdan 20 yaş böyük olsa da, qız onu sevir və onunla birlikdə gedir. Filmin kulminasiyasında Zaurun üzərində silah olur və qız ondan silahı atmağını istəyir. Zaur silahı atır, amma sonra başqa biri həmin silahla özünü vurur və Zaur həbsə düşür. Azadlığa çıxandan sonra isə yenidən qızı axtarıb tapır.

– Dialoqsuz sevgi münasibətini ekranda vizuallaşdırdınız?

– Burada daxili səsdən, mimikalardan və işarə dilindən istifadə etdik. Danışma və eşitmə imkanları olmayan insanların hisslərini üzlərinə baxaraq da anlaya bilirsən. Biz də bu duyğuları kamera vasitəsilə tamaşaçıya çatdırmağa çalışdıq.

– Bu filmlə tamaşaçılara hansı mesajı vermək istəyirsiniz?

– Ən birinci mesaj məhəbbətdir. Şəxsən mən kiminsə əlilliyi olan insanla evləndiyini görəndə ona hörmətlə yanaşıram. İnsanlar, adətən, ideal tərəfdaş axtarırlar, amma bu film göstərir ki, sevgi heç bir fiziki maneəyə baxmır. Zaur sevdiyi qızı illər sonra da olsa, tapır. Film həm də dözümlülük haqqındadır – müharibə, həbs, ağrılar… Amma yenə də insan həyat eşqini itirmədən sevməyə davam edir.

– Filmdə sizin üçün ən çətin və emosional səhnə hansıdır?

– Qəhrəmanların gizləndiyi və qatara çata bilmədikləri bir səhnə var. Xarabalıqda ocaq qalayırlar, amma danışmırlar. Yalnız baxışlarla sevgilərini ifadə etməyə çalışırlar. Bu kadrlar nə qədər emosional olsa da, son nəticə ürəyimcə olmadı. Texniki şərtlər imkan versəydi, o səhnənin emosional yükü daha fərqli ola bilərdi.

– Çəkilişlər harada aparılıb və filmlə bağlı gələcək planlarınız nədir?

– Çəkilişlər Daşkəsən, Ucar, Zərdab və Yevlaxda baş tutub. Filmin bəzi hissələrinin tərcüməsi üzərində işləyirik və düşünürəm ki, bu payızdan etibarən film festival həyatına başlayacaq.

– Baş rollarda kimlər çəkilib?

– Filmdə əsas rolları Zaur Manafov, Namiq Ağayev və Aysel Məmmədova ifa edirlər.

Müsahibə aldı: Aynur Kazımova

Əlaqədar Yazılar