Əsas MEYDANDA TALEH YÜZBƏYOV “BƏLKƏ DƏ” FİLMİNİ ÇƏKMƏYƏ BAŞLADI

TALEH YÜZBƏYOV “BƏLKƏ DƏ” FİLMİNİ ÇƏKMƏYƏ BAŞLADI

by editor

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov “Bəlkə də” adlı yeni qısametrajlı bədii filminin çəkilişlərinə start verib. Elmi-fantastik, mistik, tragikomediya janrında olan ekran əsərinin 2024-cü ilin noyabr ayında nümayişi planlaşdırılır. Rejissor hələ ki, yayımı Youtube platforması üzərindən nəzərdə tutulan filmin kinoteatrlarda da nümayişinin müzakirə müstəvisində olduğunu bildirir. Xatırladırıq ki, “ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalı olan filmin xronometrajının 40 dəqiqə, tamaşaçı auditoriyasının isə 6+ yaş həddində olacağı nəzərdə tutulub.

Filmin mövzusuna əsasən keçmişdəki səhvlərini düzəltmək üçün zaman maşını yaradan ixtiraçı qeyri-adi bir vəziyyətlə qarşılaşır. Belə ki, bir gün onun evinə həyata qayıtmaq istəyən ruhlar axın etməyə başlayır…

Filmdə Ümid adlı obrazı canlandıran akıyor Əli Əlizadə bizimlə söhbətində bildirdi ki, ixtiraçının təxəyyülü olan onun canlandıracağı obraz ruh formasında gözə görünür. Bu ruhun gəlişilə baş qəhrəmanın gələcəyə olan ümidləri yaranır.

Onu da qeyd edək ki, “Bəlkə də”nin rejissoru və ssenari müəllifi Taleh Yüzbəyovdur. Filmin prodüserliyini Nicat Xəlilov, quruluşçu operatorluğunu İman İmanov, quruluşçu rəssamlığını Səbuhi Atababayev, səs rejissorluğunu isə Xan reallaşdırır. Rolları Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov canlandırırlar.

Əlaqədar Yazılar