Əsas ARKA-DA“TANRININ OTAĞI” FİLMİ: BEYNƏLXALQ UĞURA DOĞRU

“TANRININ OTAĞI” FİLMİ: BEYNƏLXALQ UĞURA DOĞRU

by editor

“White roof” prodakşının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə təqdim etdiyi “Tanrının otağı” filmi beynəlxalq uğura imza atıb.

Layihə yaradıcılarının verdiyi məlumata görə, onlar Türkiyənin tanınmış prodüseri Semih Sacaklı və onun “TULPAR FİLM” şirkəti ilə birgə istehsalat barədə razılığa gəliblər. Bu əməkdaşlıq filmin beynəlxalq satış, distribusiya və festivallara çıxışı üçün güclü zəmanət hesab olunur. Çəkilişlərin Türkiyədə, eləcə də Avropanın uyğun ölkələrində — Moldovada və Rumıniyada keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Mojo” prodakşn və Serkan Semiz ilə postprodakşn mərhələsinin müəyyən hissələrində 15 030 avro məbləğində dəstək barədə müqavilə imzalanıb.

Filmin hekayəsi münaqişə zamanı İrəvandan qaçan azərbaycanlı ana və qızın Bakıda bir erməni ailəsi ilə evlərini dəyişməyə razılaşması ilə başlayır. Şərt isə birdir: yaşlı erməni qadın həmin evdə qalmalıdır. Qan və düşmənçiliyin ucaltdığı divarların arasında tənha qalan bu iki qadın zamanla birgə yaşamağın yolunu axtarmağa başlayırlar.

“Tanrının otağı” əslində hər bir insanın daxilindədir — bu, vicdanla üz-üzə qalmaq, nifrətin yoxsa insanlığın daşıyıcısı olmaq arasında edilən böyük seçimdir.

Filmin ssenari müəllifi Nicat Dadaşov qeyd edir ki, 2025-ci il 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistan arasında imzalanan Sülh Sazişi mühüm bir sual doğurdu: “Birgə yaşayış mümkündürmü?” Bu sualı özümüzə verməyin vaxtıdır. Yoxsa yalnız qonşu binada yaşayan erməni ilə rastlaşanda buna hazırlaşacağıq? Yaxud da kimsə bu barədə film çəkib böyük festivalların mükafatlarını alanda? İncəsənət uzaqgörən olsa, daha yaxşıdır.

Əlaqədar Yazılar