Sosial şəbəkələrdə Azərbaycan cəmiyyətinin 40-50 il bundan əvvəlki əxlaqi normalarını əks etdirməyən hər hansısa bir hadisə ilə bağlı xəbər başlığı gördüyümüz zaman, aşağıda mütləq belə bir şərhə də rast gəlirik: “Türk serialları gəldi, milləti pozdu…”
Əlbəttə ki, bu yanaşma özlüyündə yanlış arqumentasiyanı ehtiva edir. Lakin, hər səhvin içində müəyyən həqiqət tapmaq mümkündür. Doğurdan da, müasir dövrdə filmlər və seriallar şou biznesin təməl gəlir qapılarından biri olmaqla yanaşı, mədəni ekspansiyanın da ən effektiv silahı hesab oluna bilər. Bunun üçün isə iki şərti yerinə yetirmək lazımdır; daha çox istehsal etmək və xarici bazara daha çox satış etmək.
The Economist jurnalının 15 fevral 2024-cü il tarixli məqaləsində bildirilir ki, Türkiyə televiziya şouları qlobal satış həcminə görə sadəcə ABŞ və Böyük Britaniyadan geri qalır. 2020-2023-cü illərdə qardaş ölkə bu statistikada 184% artıma nail olub ki, artım səviyyəsinə görə 2-ci yeri tutan Koreyada bu rəqəm 73%-ə bərabərdir.
İstanbul Ticarət Palatasının məlumatına görə, 2022-ci ildə Türk televiziyalarının ümumi ixracat həcmi 600 milyon dollardan çox olub və yaxın gələcəkdə bu rəqəmin milyardı ötəcəyi gözlənilir. Türk TV şoularını, əsasən də seriallarını ən çox idxal edən 3 ölkə İspaniya, Səudiyyə Ərəbistanı və Misirdir. Ümumiyyətlə türk seriallarının ən çox rəğbət gördüyü məkanlar Yaxın Şərq və ispandilli ölkələr, Latın Amerikasıdır.
Müsəlman ölkələrində türk seriallarının rəğbət görməsinin əsas səbəbi, burada alkoqol içkilərin olmaması və ya blurlanması, həmçinin Hollivud istehsalı olan filmlərdən fərqli olaraq müsəlmanların tarixdə müsbət qəhrəmanlar kimi göstərilməsidir. Həmçinin seksual xarakterli səhnələrin olmaması da, Yaxın Şərq mentalitetində, televiziyanın kütləvi şəkildə, ailə ilə birgə izləndiyi məkanlarda türk seriallarını daha cəlbedici edir. Parrot Analytics saytına görə, covid-19 pandemiyasından sonra dünyada ən çox izlənən 4-cü serial “Diriliş: Ərtoğrul” (Diriliş: Ertuğrul) serialıdır.
Əslində “Diriliş: Ərtoğrul” Sultan Süleymanın dövründən bəhs edən 2011-ci ildə istehsal edilən və böyük izləyici kütləsi qazanan “Möhtəşəm əsr” (Muhteşem Yüzyıl) serialına qarşı Türkiyədə hakimiyyətin reaksiyası olaraq hazırlanmış serialdır. Bu serialdakı saray intriqalarının qabardılması iqtidarı narahat etmişdi.
Buna baxmayaraq tarixi türk seriallarının öncüsü hesab olunan “Möhtəşəm əsr” həm də İspandilli bazara çıxışın yolunu açdı. Belə ki, türk seriallarının latın amerikası sabun operalarına nisbətdə daha keyfiyyətli produksiyası, ikincinin seriallarının tamaşaçının gözündə ucuz görünməsinə səbəb oldu. Lakin, Corcia Universitetindən Karolina Akosta-Alzuru hesab edir ki, türk serialları həmçinin “dürüst hisləri ifadə etdiyi üçün” ispandilli tamaşaçılar tərəfindən rəğbət görür.
Məncə, türk seriallarının miladı kimi nə “Möhtəşəm əsr”, nə də “Diriliş: Ərtoğrul” göstərilməlidir. 2003-cü il yanvarın 15-də yayıma başlayan “Qurdlar vadisi” (Kurtlar Vadisi) serialı Türkiyə və Yaxın Şərqin taleyi üçün çox əhəmiyyətli dövrdən bəhs edir. Hətta, hələ serial yayımda olarkən İraq müharibəsi davam edirdi və 1 mart 2003-cü ildə Türkiyə Böyük Millət Məclisində 62 min amerika əsgərinin Türkiyədən keçərək İraqa daxil olması səsverməyə qoyularaq rədd edilir. Bundan sonra serialın baş mənfi obrazı məhz bu səbəbdən “dünyanı idarə edən gizli güclər” tərəfindən öldürülür.
Serial bitdikdən sonra Türkiyə tarixinin həmin dövr üçün ən bahalı filmi (14 milyon dollar büdcə, 23 milyon dollar qazanc) “Qurdlar Vadisi: İraq” (Kurtlar Vadisi Irak) filmi çəkilir və filmdə rəmzi olaraq işğalçı Amerikanın İraqdakı ordusunun komandiri öldürülür. Serial ərəb ölkələrində geniş yayılır, gənclər küçələrdə “Qurdlar vadisi” köynəkləri ilə gəzməyə başlayır. Ardı isə, türk serialları üçün qızıl dövrün başlanğıcı olur, deyə bilərik.
Bəs, biz seriallarımızı hansı regionlara çıxara bilərik? Azərbaycan kinematoqrafiyası seriallar vasitəsilə mədəni imperializm qurmaq iqtidarındadırmı? Bu suala müsbət cavab vermək çox iddialı olar. Lakin, unutmaq olmaz ki, 44 günlük müharibədən sonra, xüsusən, Mərkəzi Asiya və Pakistanda Azərbaycan və tarixinə böyük maraq yaranmışdır. Hətta Orta Asiya dövlətləri ilə ortaq tarixi köklərimizin olduğunu nəzərə alsaq, müştərək işlərin daha faydalı olacağını söyləmək olar.
Seymur Elyazlı