“Ümid zirvəsi” 2017-ci ilin dekabrında Quba rayonunun Xınalıq kəndindən Tufandağa yürüşə çıxan və itkin düşən üç gənc alpinistin real hadisəsinə əsaslanan bədii-sənədli filmdir. 70 dəqiqəlik filmin çəkilişləri Bakıda və Şahdağdakı Tufandağ ərazisində baş tutub. Bədii hissə, dağın 2800 metrlik zirvəsindən başlayaraq 4000 metrə qədər uzanır.
Filmin adı təsadüfi seçilməyib. Axtarış əməliyyatlarının “Ümid” adlanması, könüllü dəstələrin “Onların ümidi bizik” devizi, yaxınlarının isə onları tapmaq ümidi bu sözün filmin adında yer almasına səbəb olub. Hazırda film montaj mərhələsindədir və yaxın zamanda beynəlxalq festivallara təqdim olunması planlaşdırılır.
Filmin rejissoru Elçin Quliyev, baş prodüseri İlqar Nəcəf, icraçı prodüseri Tural Əhmədsoy, xətt prodüseri isə Tahir Tahiroviçdir. Layihənin operatoru Əhməd Barasov, rejissor assistenti Bahar Dəmir, montaj rejissoru Rza Əsgərov, səs rejissorları Hafiz İbrahimli və Emil Mahmudovdur. Filmdə tanınmış alpinist İsrafil Aşurlı və oğlu Aslan Aşurlı çəkiliblər.
Rejissor Elçin Quliyev filmlə bağlı fikirlərini Kinoinfo.az saytı ilə bölüşüb.
– “Ümid Zirvəsi” filmini çəkməyə sizi nə ilhamlandırdı?
– Mən özüm alpinizmlə məşğulam. Hadisədən, təxminən, 10 gün əvvəl həmin ərazidə idim, sonra xəstələndim və axtarışlara qoşula bilmədim. Amma dostlarla daim əlaqə saxlayırdım. O vaxtdan bəri hadisə haqqında qeydlər aparırdım. Həm də hər üç gəncin maraqlı həyat hekayələri vardı.
– Çəkilişlərdə hansısa çətinliklərlə üzləşdiniz?
– Çəkilişlər 15 gün davam etdi, lakin dağda hava şəraiti çox dəyişkəndir. Üstəlik komanda üzvlərinin çoxunun dağ şəraitində yaşamaq təcrübəsi yox idi. Bu, işimizi çətinləşdirdi. Texniki avadanlıqlarımızı da dağ mühitinə uyğun seçmişdik.
– Layihəyə dəstək üçün kimlərə müraciət etdiniz?
– „Buta Film”ə və ARKA-ya müraciət etdik. Digər qurumlara da müraciət etmişdim, amma dağ filmi olduğu üçün riskli sayılırdı. Filmin ümumi büdcəsi 130 min AZN-dir.
– Festivallarla bağlı planlarınız varmı?
– Film hazır olduqdan və tərcümə işləri tamamlandıqdan sonra bir çox beynəlxalq festivallara müraciət etməyi planlaşdırırıq. Bu hadisə Qafqaz dağlarında ilk dəfədir ki, baş verir. İnanıram ki, bu, festivallar üçün maraqlı olacaq. Çünki film yalnız faciəni yox, həm də alpinistlərin buraxdığı idman səhvlərini göstərir. Eyni zamanda kinoteatrlarda yayımlanmasını da istəyirəm. Çünki bölgələrdə bu mövzuya maraq hələ də yüksəkdir.
– Film hansı üslubdadır?
– Film həm sənədli, həm də bədii elementlərə malikdir. Arxiv görüntüləri və müsahibələrlə sənədli tərəfi gücləndirilib. Bədii hissədə isə ata və oğulun yürüşü vasitəsilə emosional təhkiyə qurulub.
– Ssenarini yazarkən nələrə diqqət yetirdiniz?
– Əvvəlki ssenaridə hadisəni araşdırmağa gedən bir oğlan və bir qız jurnalist vardı. Amma bu yanaşma bəsit idi. Fikirləşdim ki, dağ insana səssiz dərs verir və bu dərsi ata oğula ötürə bilər. Oğul qərar verir: alpinist olacaq, ya yox.
– Filmin əsas mesajı nədir?
– Dağda insanın davranışları haqqındadır. Dağda insanın kim yox, nə olduğunu hiss etdirmək istəyirəm.
Müsahibəni aldı: Aynur Kazımova












