Əsas MEYDANDA VAQİF MUSTAFAYEV: ““MOLLA NƏSRƏDDİN. ÇƏTİN GÜNLƏRİMİN DOSTU” ƏVVƏLKİ FİLMLƏRİMİN HAMISINDAN YAXŞI OLA BİLƏR”  

VAQİF MUSTAFAYEV: ““MOLLA NƏSRƏDDİN. ÇƏTİN GÜNLƏRİMİN DOSTU” ƏVVƏLKİ FİLMLƏRİMİN HAMISINDAN YAXŞI OLA BİLƏR”  

by editor

Kinoinfo.az-ın bu dəfəki müsahibi spesifik üslubu ilə tanınan dəyərli rejissor Vaqif Mustafayevdir. Vaqif müəllimlə söhbətimizi zərurətə çevirən bir sıra məqamlar var. İstedadlı rejissorumuz çox önəmli işbirliyinin – Türk xalqlarının ortaq mədəniyyətinin simvollarından olan Molla Nəsrəddin haqqında filmin rejissorluğunu altı türk dövləti kinematoqrafiyasının birgə istehsalı çərçivəsində reallaşdırmaq ərəfəsindədir. Gələn ilin may ayına başa çatması planlaşdırılan filmin çəkilişlərinə 10 sentyabr 2024-cü ildə Qırğızıstan ərazisində başlanılacaq.

… Qarabağ savaşından bəhs edən uğurlu filmlərin müəllifi kimi tanıdığımız müsahibimizlə həmsöhbət olarkən ondan bu mövzuda çəkiləcək ekran əsərləri barədə də məsləhətlərini bölüşməsini rica etdik.

– İlk dəfədir ki, bütün Türk dünyasını əhatə edəcək bir film layihəsi ilə üz-üzəyik. TÜRKSOY da bu layihə üzərində işləyir. Layihə Azərbaycan kinosu tarixində bir ilkdir. Sizin yaradıcı bioqrafiyanızda da tarixi dövrü, orta əsrləri əhatə edən ilk filmdir. Sirr deyilsə, hansı hissləri keçirirsiz? Həyəcan, qürur,  qorxu?

– Mənim qəribə bir xüsusiyyətim var. Təklif alanda və ya təriflənəndə özümü həm çox yaxşı hiss edirəm, həm də çox həyəcanlanıram. Çünki bütün hallarda bu bir məsuliyyətdir. Düzdü, kənardan böyük bir xoşbəxtlik, böyük bir ləzzət təsiri də bağışlayır. Bir konteksdən yanaşanda bu da gerçəklikdir. Böyük bir xoşbəxtlikdir ki, Molla Nəsrəddin haqqında film çəkmək mənə nəsib olub. Eyni zamanda, qeyd etdiyim kimi, bu, böyük bir məsuliyyət tələb edən işdir. Özümün tanınmış rejissor olmağımsa çiynimə daha ciddi, əlavə bir məsuliyyət də yükləyir. Çünki mən nə iş görsəm, hər tərəfdən baxırlar ki, bu görəsən neyləyəcək? Görəsən necə bir film çəkəcək?

İndiyədək bu qədər yaxşı filmlər çəkmişəmsə, deməli bu işim də yaxşı alınar. Amma yuxarıda dönə-dönə qeyd etdiyim məsuliyyəti daim üzərimdə hiss etdiyimdəm, artıq indi ilk dəfə deyə bilərəm ki, bu film əvvəlki filmlərimin hamısından yaxşı ola bilər. Çünki təcrübəm də artıb. Həyatı yaşadıqca, daha çox başa düşürsən. Ona görə hər şeyi başa düşməyimin əsl məqamı məhz elə Molla Nəsrəddin filmini çəkəcəyim zamanla üst-üstə düşür. O da axı hər şeyi başa düşüb…

ALTİ DÖVLƏTİN FİLMİ

– Vaqif müəllim, filmin yaradıcı heyəti haqqında məlumat verməyinizi xahiş edirik. Əlbəttə ki, əsas heyəti hansı ölkələrin nümayəndələrinin təşkil etməsi və əsas rolun ifaçısının seçilib-seçilməməsi istiqamətində…

– Film TÜRKSOY çərçivəsində çəkilir və altı ölkəni əhatə edir. Yəni filmin xronometrajı Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan arasında bölünür. Təbii ki, burada beynəlxalq heyət iştirak etməlidir. Çünki altı ölkə iştirak edirsə, hər ölkədən işçilər, aktyorlar da olmalıdır. Bütün səhnələr də beynəlxalq əhəmiyyət kəsb etməlidir. Biz buna əməl edirik. Altı ölkənin ən yaxşı, ən istedadlı insanları bu film üzərində çalışırlar. Mən onlara deyirəm, qardaşlarım, hər bir ölkənin kino sahəsində öz nailiyyətləri var. Amma biz birləşəndə uğurlarımız daha da artmalıdır. Yoxsa qınaq qarşısında qala bilərik. Bizi qınayarlar ki, ortaya böyük sənət əsəri çıxara bilməyəcəkdinizsə, niyə kino çəkmək məsuliyyətinin altına girdiniz və ya niyə məhz bu istiqamətdə birləşdiniz?!..

Baş rolun ifaşısına gəlincə, onu kimin canlandıracağı yaxın günlərdə bəlli olacaq. Kastinq hələ bitməyib. Baş rolun ifaçısı olmağa layiq bir neçə namizəd qalıb. Yüzlərlə namizəd var idi. İndi bir-iki namizəd qalıb. Kastinq davam edir. Ona görə də adları qabaqcadan açıqlamıram.

– Filmin mövzusu ilə bağlı spoyler vermədən nə deyə bilərsiniz? Adından bəllidir ki, əsas qəhrəman türk dünyasının ortaq dəyəri olan Molla Nəsrəddindir. Amma haqqında çoxlu olaylar, zərb-məsəllər, aforizmlər dolaşan qəhrəmanın başına bu filmdə nələr gələcəyini bilmək çox maraqlı olardı…

– (Gülür) Baş qəhrəmanın başına çox hadisələr gələcək və gəlib də. Axı o, tanınmış personajdır. Molla Nəsrəddinin əsas fəaliyyəti hər bir insanın başına nə hadisə gəlməsindən asılı olmayaraq, o durumdan çıxış yollarını öyrətməkdən ibarətdir. Molla Nəsrəddinin bütün fəaliyyəti, bütün folklor yaradıcılığı elə ona həsr olunub. Hər bir insanın başına gələn nədirsə, hər şeyi elə o vaxtdan görüb-götürür. Ona görə də Molla Nəsrəddin ümumiyyətlə bir təsəllidir mənim aləmimdə. Deməli insanlar yaşayır, çətinliklər də, yaxşı həyat da görür. İnsanlara onun müdrikliyi lazımdır. Bu filmin gərəkliliyi Molla Nəsrəddinin ağlında, müdrikliyində, uzaqgörənliyində, hər bir hadisədən çıxış yolunu tapmasında və təbii ki, onları açıb göstərməyindədir.

“FİLMƏ POPKORN YEYƏ-YEYƏ ÖTƏRİ BAXMAQ OLMAZ…”

– Vaqif Mustafayev bu filmdə də öz dəsti-xəttini davam etdirəcəkmi? Yoxsa biz tamam yeni bir Vaqiflə tanış olacağıq?

– Siz özünüz fikirləşin ki, Molla Nəsrəddin dram deyil, faciə deyil. Onun janrı elə adından bəllidir. Film tragikomik janrda çəkiləcək. Məndən hərdən aktyorlar da bu barədə soruşurlar ki, bu komediya olacaq, ya dram? Deyirəm niyə soruşursunuz? Cavab verirlər ki, bilmək istəyirik nə oynayacağıq. Onlara sözüm bu olur ki, siz həqiqəti oynayın, necə var onu oynayın, janrın özü yazılıb da artıq orada. Əsas odur ki, film fayda versin. Film ağıllı olmalıdır. Mənim filmlərimi təəssüf ki, dərhal başa düşmürlər. Yadımdadır, “Bəyin oğurlanması” filmim ekranlara çıxanda tamaşaçılar təxminən bir il onu tam başa düşmədilər. Sonra yavaş-yavaş başladılar onu dərk etməyə, sevməyə. İndi “Bəyin oğurlanması” xalqın ən sevimli filmlərindən biridir. O birisi filmlər də elə. Film ağıllı olanda ona elə yüngül baxmaq olmaz axı. Ona kinoteatrda popkorn yeyə-yeyə ötəri, dayaz fikir verib keçmək olmaz. Gərək düşünəsən. Kino düşündürməlidir. Ümumiyyətlə, hər bir sənət əsəri gərək insanları düşündürsün. İnsanlara düşünmək çox faydalıdır. Şeir oxuyanda, roman oxuyanda, filmə, tamaşaya baxanda gərək düşünəsən ki, görəsən müəllif bunu niyə belə etdi?! Bunu bura qoydu, bunu burdan götürdü. Niyə, nəyə görə?! Bəs sənət adamları, öz həyatlarını öz ağıllarını, öz istedadlarını ona görə sərf edirlər ki, nəsə bir dərin və uzun müddət yaşayacaq, aktuallığını qoruyacaq əsər yaransın. İnsanlar əsərin gerçək mahiyyətini yavaş-yavaş anlayanda o əsər uzunömürlü olur.

“QARABAĞ SAVAŞI FİLMLƏRİNİN GƏLƏCƏYİNƏ NİKBİN YANAŞIRAM”

– Qarabağ müharibəsinin kinoda inikasında ciddi nəticələr əldə etmisiniz: “Hər şey yaxşılığa doğru”, “Fəryad” və sonuncu “Həyat, deyəsən, gözəldir”. Bu baxımdan, ədalətli müharibəmizi kinoya gətirmək istəyən həmkarlarınıza məsləhətləriniz çox önəmlidir… Ümumiyyətlə, yaşadığımız XXI əsr kino sənətinin baxış bucağından yanaşsaq, İkinci Qarabağ Müharibəsini, onun qəhrəmanlıq motivlərini ekranlara necə gətirməliyik?

– Qarabağ haqqında dörd film çəkmişəm. “Fəryad” filminin ssenarisini yazmışam. Onu mərhum Ceyhun Mirzəyev ekranlaşdırıb və baş rolu da özü ifa edib. “Dərdimi çəkirəm” filminin də ssenari müəllifi və rejissoru mənəm. “Həyat, deyəsən, gözəldir” filminin də müəllifi və rejissoru mənəm. “Hər şey yaxşılığa doğru” filmi birinci Qarabağ müharibəsi haqqındadır.  Avropada çox böyük uğur qazanıb. Film Almaniyada “A” kateqoriyalı Oberhauzen festivalında dörd mükafat alıb və hazırda da orada muzeydə saxlanılır. Yəni qəbul olunub və hətta qorunur da. İnsanlar bu filmə baxanda həm gülür, həm də ağlayırlar.

Bilirsiniz, Qarabağ savaşını sənətə necə gətirməliyik, onu mən deyə bilmərəm, məsləhət verə bilmərəm. Çünki ideyalar, yanaşmalar və nəticədə ərsəyə gətirilən filmlər müxtəlifdir və təbii ki, müxtəlif də olmalıdır. Məsələn, sən istəyirsən ki, orada hərbi səhnələr çox olsun, bizim qəhrəmanların şücaətləri üzə çıxsın. Amma bu da çox vacib faktorlardandır ki, ona təkcə Azərbaycanda yox, bütün dünyada baxsınlar. Əsas da budur. “Həyat, deyəsən, gözəldir” filminə görə mən Türkiyədə “Türk Dünyasının Ən Yaxşı Rejissoru” mükafatını aldım. Mükafatın təqdimatında bütün türk dünyası məni ayaq üstə alqışlayırdı. Yaxşı, türk dünyası tərəfindən qəbul olundu, bəs gələcəkdə Avropa ölkələri tərəfindən də qəbul olunacaqmı?! Bunlar çox vacib məsələlərdir. Eyni zamanda, müxtəlif, fərqli yanaşmalar mövcuddur. Biri var komediyanı faciəvi mövzuda, biri də var dramatik mövzuda çəkirsən. Necə deyərlər, bunun istehsalçısı papağını qabağına qoyub əvvəlcədən fikirləşib görməlidir ki, nəyi yaxşı bacarıram. Elə etməlidir ki, gördüyü iş yüksək səviyyədə alınsın. Ən əsası filmi çəkən də, filmə tamaşa edən də Vətəni sevməli və vicdanlı olmalıdır. Əgər başqasının çəkdiyi yaxşıdırsa, onu da tərifləməlidir. Özü çəkdiyini də insanlar bəyənməlidir. Amma yenə də deyirəm, tamaşaçı zövqləri müxtəlifdir.

Öz yanaşmama və müşahidələrimə gəldikdə isə, mən Qarabağ mövzusunda çəkiləcək filmlərimizin gələcəyinə münasibətdə nikbinəm. Düşünürəm ki, həm bu filmlərin, həm də ona baxan tamaşaçıların inkişafı qarşıdadır.

Müsahibəni aldı: Aynur Kazımova

Əlaqədar Yazılar