Əsas ARKA-DA PRODÜSER EMİL NƏCƏFOV: “SƏNƏDLİ FİLMLƏRƏ MARAĞIN ARTACAĞINA ÜMİDLİYƏM”

PRODÜSER EMİL NƏCƏFOV: “SƏNƏDLİ FİLMLƏRƏ MARAĞIN ARTACAĞINA ÜMİDLİYƏM”

by editor

Prodüser Emil Nəcəfovun son illərdə bir neçə filmin istehsalında iştirak etməsi kino cameəsinin və ictimaiyyətin diqqətindən yayınmayıb. Xüsusilə son illərdə onun təşəbbüskarlığı və dəstəyi ilə ərsəyə gətirilən filmlərin müəyyən mənada ictimai çəkisi də yüksələn xətlə davam edib. Prodüser özünü daha az gəlir gətirdiyi iddia edilən sənədli filmlər istehsalında da sınayıb. Prodüserin Kinoinfo.az internet portalının suallarına cavabları da bu kontekslərdədir.

– Ardıcıl olaraq bir-birindən dəyərli film layihələrə meyl etməyinizdə sizi cəlb edən məqamları bilmək Kinoinfo.az-ın oxucularına maraqlıdır…

– Mən “Azərbaycanfilm”də işləyəndə bu kinostudiyada bir ssenari müsabiqəsi keçirilirdi. Həmin o müsabiqənin qısametrajlı film nominasiyasında rejissor Nurlan Həsənlinin “Erkən hisslər” filmi qalib olmuşdu. O zaman mən o ssenarilərin hamısını oxumuşdum. Onların içərisində bu filmin ssenarisi çox xoşuma gəlmişdi. Münsiflər heyəti də bu ssenarini dəyərləndirmişdi. Çünki ssenaridə səmimiyyət aydın sezilirdi. Məsələnin digər tərəfi isə uşaqlara aid filmlərə ssenarilərin çoxdan yazılmaması ilə bağlı idi. O zaman sonluq hələ tam görünmürdü. Sonra Nurlanla görüşüb müzakirələr aparası olduq. Bu müzakirələrimizdən təxminən iki il sonra isə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) müsabiqə elan etdi. Nurlan məsləhət gördü ki, yaxşı olar biz də o vaxt bəyənilən həmin ssenari ilə müsabiqəyə qatılaq. Beləliklə, müsabiqədə iştirak edəsi olduq.

Yeri gəlmişkən, “Erkən hisslər” Nurlanın bədii film sahəsində debütü idi. Uşaqlarla işləməyin necə mümkün olacağını anlamaq istəyirdik. Çünki gələcəkdə bir tammetrajlı uşaq filmi də çəkmək niyyətimiz var. Ekran işində quruluşçu operator Daniel Quliyev, rejissor Nurlan Həsənlinin özüdür. Film “Rental Azərbaycan”ın istehsalıdır. Yəqin ki, film bu il tamaşaçılara nümayiş olunacaq. Biz isə artıq festivallarda iştirak etmək üçün planlar üzərində işləyirik. Hal-hazırda dsitribüter axtarışındayıq. Bir-iki müvafiq distribüter şirkəti ilə danışıqlar aparırıq.

“QAYIDIŞ” İNSANIN VƏ ARILARIN VƏTƏNƏ DÖNÜŞÜNDƏN BƏHS EDİR

– “Geri dönüş” ekran əsərinə gəlincə, bu filmin rejissoru, ideya və ssenari müəllifi Elməddin Alıyevlə uzun müddətdir ki, bərabər çalışırıq. Vətən müharibəsində qələbədən sonra yarızarafat-yarıgerçək ona deyirdim ki, “Laçına qayıtdıq, sən də qayıdırsanmı?”. Bir gün o, bu zarafatımıza ciddi şəkildə bir reaksiya verdi: “Hə. Atamgil qayıdacaq, onların Laçında artıq arıçılıq təsərrüfatı da var. Bəlkə biz də gedib o prosesi çəkək?”. Bu söhbətimiz olanda hələ Qarabağa kütləvi qayıdış başlamamışdı. İdeya çox maraqlı gəldi. Təsəvvür edin ki, 30 il əvvəl bir qutu arıyla ordan qaçqın düşən adam indi 300-dən artıq arı yeşiyi olan bir təsərrüfatla geriyə – yurduna qayıdır. Bu, həm insanın, həm də arıların öz vətənlərinə qayıdışıdır. Bunun üzərində bir az düşündük. Başladıq dəstək axtarmağa. O vaxt “Qardaşlar” mebel şirkəti və “Rakurs film media” bu işə dəstək verdilər. Rental Azerbaycan və Karvan prodakşnın birgə istehsalı olaraq bu filmi də bitirmişik. Hazırda  Elməddin montajda axırıncı ştrixləri yerləşdirir. Filmin səsinin yazılışı prosesi də bir-iki günə başa çatdırılacaq. Maraqlı bir tammetrajlı sənədli film alınıb. “Geri dönüş” filmin işlək adı idi. Amma indi onun adını “Qayıdış” adlandırmışıq. Bu ad filmə daha uyğun gəlir.

AKİ-NİN DƏSTƏYİ İLƏ ÇƏKİLƏN “TƏRSİNƏ KÖLGƏLƏR” ARKA-NIN POST-PRODAKŞN MÜSABİQƏSİNİN DƏ QALİBİDİR

Post-prodakşn mərhələsində olan film layihələri müsabiqəsində qalib olan daha bir qısametrajlı bədii filmimiz “Tərsinə kölgələr”dir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Hacı Səfərovla bir xeyli vaxt idi ki, bu layihə üzərində düşünürdük. Nəhayət, onu ekranlaşdırmaq qərarına gəldik. Bu film Hacının da bədii film sahəsində ilk işidir. Mən ümumiyyətlə debütlərlə işləməyi sevirəm. Əlqərəz, çəkilişlərə başladıq. Çəkilişlərin bir qismi Şamaxıda aparıldı. Sonraki mərhələdə Şamaxıdakı çəkilişləri tamamilə çıxartdıq. Filmdə yalnız Bakıdakı çəkilişlərimiz qaldı. Yəni, montaj etdiyimiz son varianta  Şamaxıdakı çəkilişlərimiz düşmədi. Dəstək üçün  Azərbaycan Kino İttifaqına (AKİ) müraciət etdik. İttifaqdan dəstək gəldi. Mən də dəstək oldum və filmin çəkilişlərini bitirdik. Post-prodakşn fondu axtarmağı düşünürdük. Elə bu anda ARKA post-prodakşn mərhələsində olan filmlər üçün müsabiqə elan etdi. İştirak etdik və film qalib layihələrdən biri oldu. Film iki adamın bir mağaranın içində sərgüzəştindən bəhs edir. Maraqlı layihədir. Bəzən hamı fikirləşir ki, iki nəfərin bir məkanda çəkilişi asan işdir. Əslində bu o qədər də asan deyil, əksinə çətindir. Düşünürəm ki, ilk iş üçün yaxşı film alınıb.

“YADDAŞ SARAYLARI” ÖZÜMDƏ DƏ İLK YADDAŞIMLA BAĞLI SUALLAR YARATDI

– “Yaddaş sarayları” filmi rejissor Mətləb Muxtarovla ilk işimizdir. Bundan əvvəl Mətləbin Sumqayıt haqqında sənədli filmini izləmişdim. İş çox xoşuma gəlmişdi. Fərqli yanaşması var idi. Bilirsiniz, sənədli filmlər çəkmək daha çətindir. Çünki adətən onları adi verilişlərdən fərqləndirmək olmur. Mətləbin filmi isə veriliş deyil, tam sənədli film idi. “Yaddaş sarayları” filminin materiallarını özü çəkməyə başlamışdı. Mənə materialları göstərdi, ideyası əla idi. Özümdə də ilk yaddaşımla bağlı suallar yarandı. Vizuallaşmış ilk yaddaş insanın neçə yaşında ağlına gəlir. Özüm də düşünməyə başladım ki, görəsən, həyatımda ilk yadıma gələn görüntü hansı görüntüdür. Filmə baxan tamaşaçıların da əksəriyyətində bu hisslərin yaranacağı şübhəsizdir. Yenə deyirəm, Mətləbin həm bədii danışıq dili, həm də vizual danışıq dili çox xoşuma gəlir. O cəhətdən fərqlənən rejissorlardandır. Beləliklə, bərabər işləməyə başladıq və filmi bitirdik. Artıq film təhvil verilib. 19-20 dəqiqəlik qısametrajlı çox maraqlı sənədli film alınıb.

“QARA PİŞİK, AĞ ŞANI” GƏNC REJİSSORUN ÖZ HƏYAT HEKAYƏSİ ÜZƏRİNDƏ QURULUB

– İşlərimdən biri də Ələmdar Faiqin “Chinar film”lə bərabər istehsal etdiyimiz “Qara pişik, ağ şanı” filmidir. Tammetrajlı bu film rejissorun öz həyatının bir hissəsindən bəhs edir. Film ordudan ayrıldıqdan sonra həyata yenidən başlamaq istəyən Ələmdar və bağ evində tək yaşıyan nənəsi Füruzə haqqındadır. Füruzə üzüm bağına qulluq etmək və qara pişiyini saxlamaqla günlərini keçirir. Dünya ilə yeganə bağlantısı övladları ilə telefon əlaqəsi və TV-dən aldığı məlumatlardır. Ələmdarın onun yanına getməyi həm də ən gözəl xatirələrinin nənəsi ilə bağlı olmasıdır. Eyni zamanda o illər ötdükcə uzun müddət əvvəl itirdiyi atasına bənzədiyinin, onun kimi sakit və həyata, ailəsinə qarşı soyuq olduğunun fərqinə varıb. İllər əvvəl mövcud olan adət-ənənə ilə evlənən valideynlərindən qalma travmalar, bu gün onun simasında yenidən gün üzünə çıxır. Beləliklə, nənə və nəvə birlikdə keçmiş ailə xatirələrinə baxır, öz travmaları ilə üzləşə bilirlər. Bu filmə də ARAK ilə yanaşı  Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək verib.

“SƏN HARALISAN, DURNA?”-NI ÇƏKƏNDƏ DƏFƏLƏRLƏ DURNA QATARININ UÇDUĞU AREALLARA GETDİK”

– Son zamanlar gerçəkləşdirdiyimiz işlərdən biri də rejissor İlkin Yusifin “Sən haralısan, Durna?” filmidir. Baku Shorts film festivalının bir neçə il əvvəl keçirilən müsaiqəsində İlkin Yusiflə tanış olduq. Ondan əvvəl onun “Humay” mükafatına layiq görülən “Mən qəhrəman axtarıram”  filmini izləmişdim. Cinema Verite haqqında məlumatım var idi. Amma Azərbaycanda bunu kiminsə çəkdiyindən xəbərsiz idim. İlkinin fikirləri, tərzi, Cinema Veriteyə girişi xoşuma gəldi. Cəsarətli addımdır. Hər adam cəsarət edib belə Cinema Verite filmi çəkə bilmir. Tanış olanda dedi yeni bir layihə üzərində işləmək istəyir. “Sən haralısan, Durna”nın ideyası da mənə çox maraqlı gəldi. Onun layihəyə bir az fəlsəfi, bir az tarixi, bir az sənədli məzmun və formada yanaşmasını bəyəndim. Film üç ilə çəkilib. Yubanmanın səbəbi orda durmanın qatarlanıb gəldiyi uçuş yolunun çəkilməsi prosesi idi. Gərək gözləyəsən ki, o təbii şəkildə alınsın. Durna qatarının fəlsəfi dəyəri mənim üçün çox maraqlı idi. Çünki türk xalqlarında durna çox müqəddəs bir heyvan sayılır. Hətta “durna” adlı səma rəqsi də var. Buna görə də Yunus Emrə vəqfiylə danışıb Türkiyədən Bakıya bir xoreoqraf gətirdik. Xoreoqraf bizim aktyorları öyrətdi. Nəticədə maraqlı tammetrajlı bir film alınıb. Xalq artistimiz, ecazkar muğam ustası Alim Qasımova təşəkkür etmək istəyirəm. Filmin sonunda Ruminin farsca “Atom” qəzəlinin Azərbaycan dilində tərcüməsini Alim müəllim səsləndirdi. Artıq istehsalı bitirmişik. Film Türkiyənin Orange Creative Prodakşn şirkəti ilə birlikdə istehsal olunub. Şirkətin rəhbəri Alihan bəyə təşəkkür edirəm. Çox sağ olsun filmin başlangıcından bizə qoşuldu. Film artıq bitib, təhvil də verilib. İnşallah festivallarda iştirak edib qayıtdıqdan sonra Bakıda da təqdimatı keçiriləcək.

– Emil bəy, adətən deyirlər ki, sənədli filmlər gəlir gətirmir. Bəs siz nə səbəbdən prodüser olaraq bu filmləri maliyyələşdirməkdə maraqlı olursunuz?

– Mən deməzdim ki, sənədli filmlər çox da gəlir gətirən sahə deyil. Əslində sənədli filmləri göstərən bir çox televiziya kanalları var. Onlar bu filmlərin nümayişində daha çox maraqlıdırlar. Düzdür, bədii filmləri kinoteatra çıxarmaqla daha çox gəlir əldə etmək olur, amma sənədli filmlərin tv kanallarına satılması bədii filmlərin satılması ehtimalından daha yüksəkdir. İkincisi də mənə sənədli filmlər bədii filmlərdən daha maraqlı görünür. Ömrünün bir hissəsini ona həsr edirsən. Xüsusən rejissorlar. Məsələn, İlkin “Sən haralısan, Durna?”-ı çəkincə onunla və çəkiliş qrupu ilə dəfələrlə durna qatarının uçduğu areallara səyahət etdik. Günlərlə durnaların uçuşunu izlədik.

– Sənədli filmlərin prokata çıxarılmaqla gəlir gətirməsi mümkündürmü?

– Nə zamansa kinoteatrlarda sənədli filmlərin kütləvi şəkildə nümayişinin baş tutacağını düşünmürəm, amma televiziya kanalları bunda çox maraqlı olmalıdır. Sənədli filmlər həm maraqlı, həm düşündürücü, həm maarifləndirici olur. Təəssüf ki, bizdə o dərəcədə maraq yoxdur. Əslində televiziyalar Sovet dövründə çəkilmiş sənədli filmləri daha çox nümayiş edirlər. Elə bil alışıblar tamaşaçıların alışdığı filmləri təkrar-təkrar göstərməyə. Onların yeni sənədli filmlərimizdən xəbərləri yoxdurmu, maraq göstərmirlərmi? Televiziya kanallarının özləri də sənədli filmlər çəkib göstərirlər, amma kənardan gələn filmlərə baxmağa çox da maraqlı olmurlar. Ümid edirəm ki, gələcəkdə buna daha ciddi şəkildə maraqlar artacaq. Bakıda keçirilən DokuBaku sənədli film festivalı sənədli filmlər üçün yaxşı festivaldır. Kanallar əslində ora gəlməli və sənədli filmlərə baxmalıdılar. Yəni orda bir market yaranmalıdır ki, bizim işlər də bu cür getsin. Biz də istehsaldan qazanaq və qazanclarımızı yeni istehsallara xərcləyə bilək. Mən ümidliyəm o cəhətdən. Bunlar hamısı yavaş-yavaş düzələcək. Biz gələcəkdə beynəlxalq maraq doğura biləcək filmlər istehsal etsək, onların satış potensialı daha çox olacaq. Türkan Hüseynlə birlikdə istehsal etdiyimiz daha bir tammetrajlı sənədli film var. Film artıq bitmək üzrədir.  Məsələn, onun satışına və qazanacağına inanırıq.

– “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin təqdimatı oldu. Buna qədər Baku Media Mərkəzi də yüksək büdcəli “Miras” filmini çəkib. Sizcə, sənədli kinomuz hansı istiqamətdə getməlidir: iri tarixi büdcəli filmlər olmalıdır, yoxsa müəllif kinoları? Ümumiyyətlə, hansı formatda sənədli kinoya dəstək verilməlidir?

– “Azərbaycan Atabəyləri” filminə təəssüf ki, baxa bilmədim. Vaxt edib baxacam mütləq. Rejissor Zaur Qasımlının neçə il əvvəl çəkdiyi, Baku Media Mrkəzinin istehsal etdiyi “Miras” filmini izləmişəm. Bəyənmişdim. Yaxşı toxunulan mövzu idi. Yaxşı çəkilmişdi. O dövrü canlandırmağı bacarmışdılar. Əslində o istiqamətləri bir-birindən ayırmaq istəmirəm. Hər biri eyni istiqamətdən yanaşı yürüməlidirlər. Çünki inkişafa aparan yol ancaq bundan keçir. Biz ancaq bunu edək o birini etməməklə umumi inkişafa nail ola bilməyəcəyik. Hesab edirəm ki, çoxlu həm sənədli, həm bədii filmlər çəkilməlidir. Çünki indi kəmiyyət önəmlidir. Uzun müddətli susqunluq, durğunluqdan sonra kəmiyyət çoxaldıqca içindən keyfiyyətli işlər də çıxacaq. Çəkdikcə ələnəcək və günlərin birində baxıb görəcəyik ki, həm rejissorlarımız püxtələşib, həm də yeni adlar, yeni imzalar meydana gəlib. Necə ki Tükiyədə və digər Avropa ölkələrində Nuri Bilge Ceylanlar, Semih Kaplanoğlular, Zeki Demirkubuzlar, Dərviş Zaimlər yetişib, vaxt gələcək bizdə də belə sənətkarlar yetişəcəklər.

Müsahibə aldı: Aynur Kazımova

Əlaqədar Yazılar