Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi ilə bağlı məlumatlandırıcı görüş keçirilib. ARKA-nın “Kino istehsalı və yayımına dəstək” şöbəsinin müdiri Orxan Əliyev tədbirdə iştirak edən film istehsalçılarına müsabiqə barədə ətraflı məlumat verib. Müsabiqənin şərtləri və tələb olunan sənədlər haqqında geniş təqdimat nümayiş etdirilib. Təqdimatdan sonra müsabiqənin şərtləri və tələb olunan sənədlər barədə suallar ünvanlandı. Müsabiqə reqlamentindən irəli gələn məqamlardan biri də müsabiqənin daha çox orta və az büdcəli filmlərlə bağlı olması idi. Şöbə müdiri qeyd edib ki, indiki halda məqsəd yerli şirkətlərin inkişafına təkan verməkdir. Bu baxımdan da keçirilən müsabiqə daha çox mikro və kiçik sahibkarlıq obyektlərinə ünvanlanıb. Kino sahəsində fəaliyyət göstərən şirkətlərin stimullaşdırılması, onların istehsala birbaşa cəlb olunması üçün ARKA müsabiqələrin keçirilməsində maraqlıdır.
Görüşdə iştirak edən şirkət nümayəndələri və prodüserlər müsabiqələrin mütəmadi keçirilməsini, gələcəkdə mədəniyyət, xüsusən də kino sahəsində satınalma prosesinin həyata keçirilməsi üçün sadələşdirilmiş sistemin vacibliyini vurğulayıblar. ARKA-nın sənədlərlə iş şöbəsinin müdiri Turan Məmmədli kino istehsalında yerli şirkətlərin öz bazalarının artırılması üçün müsabiqələrin rolunu vurğulayaraq, gələcəkdə həmin şirkətlərin daha yaxşı formalaşması üçün keyfiyyətli layihələrin hazırlanmasının önəmli olduğunu qeyd edib.
Qeyd edək ki, ARKA müraciət edən şirkətlərə sənədlər toplusunun nümunələrini də təqdim edir.








