Əsas EKRANDAATA SEVGİSİ, NƏSİLLƏRARASI ZİDDİYYƏT VƏ KOMEDİYA: ‘KÜRƏKƏN VS QAYINATA” PREMYERASINDA

ATA SEVGİSİ, NƏSİLLƏRARASI ZİDDİYYƏT VƏ KOMEDİYA: ‘KÜRƏKƏN VS QAYINATA” PREMYERASINDA

by editor

Rejissor Valeh Əhmədovun “Kürəkən VS Qayınata” filmi Alov Qüllələrində keçirilən qala gecəsi ilə təqdim olunub. Romantik komediya janrında olan bu ekran işi AND prodakşın tərəfindən istehsal olunub və filmin baş prodüseri də Valeh Əhmədovdur.

Film üç qız atası olan bir şəxsin övladlarının böyüyüb ailə qurmaq istəməsini qəbul etməkdə yaşadığı daxili qarşıdurmaları əks etdirir. Nəsillərarası fərqlər, ata sevgisi və dəyişiklik qorxusu romantik komediya dilində tamaşaçılara çatdırılır. “Kürəkən VS Qayınata” filmi 12 fevral tarixindən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunur.

Çəkilişi bir ay çəkən filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədovdur. Ssenari isə Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehrəliyeva və Tərlan Nur Yaşar tərəfindən hazırlanıb. Rejissor işi Cavid Məlikliyə həvalə olunub. Quruluşçu operator Babək Pourfard, quruluşçu rəssam Elnarə Qədirova, səs rejissoru isə Renat Musalovdur. Prodüserlər Murad İsmayıl və Cəmil Nağızadə, montajçıları Məzahir Mahmudbəyli, İlahə Nəbiyeva və Əli Teymursoy, rəng korreksiyası üzrə Elnur Yaqublu, işıq rəssamları Fərid Qəhrəmanov və Elgün Əmiraslanov, geyim rəssamı Aytən Əsədzadə Xəqanlı, qrim rəssamı isə Sona Bağırovadır.

Filmdə Tərlan Nur Yaşar, Şamil Süleymanov, Ləman İmanova, Murad İsmayıl, Ülviyyə Xəlilbəyli, Zaur İskəndərov, Günay Səməd, Elvira Ağasoy, Sovqat Səmədova, Xatirə Əsgərova, Vüqar İsgəndərli, Emin Məmmədov, Həvva Əhmədsoy, Muxtarlı Banu və Hilal Nur Yaşar çıxış ediblər.

Tərlan Nur Yaşar (üç qız atasının obrazında) Kinoinfo.az-ın suallarını cavablandırıb.

  • Çəkiliş zamanı aktyor kimi improvizə etmək yoxsa ssenariyə sadiq qalmağı seçirsiniz?
    – Ümumiyyətlə, tək Valeh bəy yox, digər rejissorlarda da rejissordan xəbərsiz nəsə əlavə etməyi xoşlamıram, hətta ssenaristi olduğum işlərdə belə olur. Çünki ssenarist ssenarini yazıb təhvil verdikdən sonra görüntü işi artıq rejissorun üzərindədir. Bizim xəbərimiz olmadan dediyimiz söz, sonrası və ya əvvəlki kadra mane ola bilər. Filmin ardıcıllığını bilən rejissordur, ona görə ondan xəbərsiz improvizə etməyi xoşlamıram. Ancaq uyğun təkliflərimiz olanda Valeh bəyə deyirdik. Rejissor var ki, qəbul etmir, amma Valeh bəy improvizasiyaları dinləyən və yerindəcə qərar verən adamdır ki, həmin improvizasiyanın istifadə olunub-olunmayacağına o qərar verir.
  • Sizi daha çox komediya janrında oynadığınız filmlərlə tanıyırlar. Başqa janrda olan filmlərdə də oynamaq istərdinizmi?

– Aktyor kimi iç dünyam dolduqca dram janrına meyillənirəm. Son illər daha çox dram janrında oynamaq istəyirəm. Bu filmin də sonluğunda ağır səhnə var. Valeh bəy onu çox gözəl yazıb. Məncə tamaşaçı həmin səhnədə təsirlənəcək. Öz yazdığım komediyalarda da çalışıram ki, mütləq bir dram səhnəsi olsun, ağlatma məqsədli olmasa belə düşündürmək üçün. Çünki biz tamaşaçıya əyləncə verdik, amma tamaşaçı sonra düşünəndə desin ki, film mənə bunu da verdi. Güldük, əyləndik, amma Tərlan bizə bu mesajı da ötürdü. Məncə hər ssenaridə izləyicini düşündürən bir məqam olmalıdır.

  • Sizin üçün hansısı daha əyləncəlidir: yazmaq yoxsa oynamaq?

– Oynamaq daha əyləncəlidir. Yazmaq çox məsuliyyətli bir işdir. Düzü, yaxınlarda rekord ssenari yazma müddətinə nail oldum. Bu təsadüfi alınsa da, çox yaxşı alındı. Amma yaxşı alınma səbəbi uğurlu ssenari heyətinin olmasıdır. O heyətin bir yerə toplanması oldu. Yadınızdadırsa, uzun illər bundan əvvəl “Toy” filmi var idi. Bu filmi yazanlardan Həsən, Ramiz Hüseynzadə, mən, Ramil və Elnur Hüseynov var idi. Bu beş nəfərdən üçümüz bir yerə yığıldı, əlavə olaraq Elvin Paşa da qoşuldu və dörd nəfər yirmi beş günə film ssenarisi yazdıq. Hazırda film montajdadır. Məcid Hüseynov və mənim ifamda olacaq “Ruh atası” filmi. Film çox maraqlı alındı. Normalda ssenari üzərində üç-dörd ay, hətta yarım il işləməyi tərəfdarıyam, çünki nə qədər çəkilişə qədər ssenari üzərində işlənilsə, film çəkiləndə proses bir o qədər asan olur. Amma bu iş təsadüfi oldu, Allah kömək etdi.

  • Siz həm ssenarist, həm də aktyor kimi fəaliyyət göstərirsiniz. Rejissorluğu düşünmüsünüzmü?

Dostlarım bunu çox deyir. “Aramızda qalsın” serialında Cihan Taşkın var idi. Biz onunla çox söhbət edirdik, mən o zaman sadəcə aktyor idim, ssenarist deyildim. Onunla fikirlərimizi danışanda deyirdi ki, sənin içində bir rejissor var. Dostum Aqil M.Quliyev də deyir ki, sən mütləq nəsə çəkəcəksən. Ancaq hələ ki, ürəyimdə elə bir film yoxdur ki, onu çəkmək istəyim. O həvəsim də hələ ki, yoxdur və o məsuliyyəti daşımaqdan da qorxuram. Çünki mən bu sənəti peşəkar səviyyədə bilmirəm. Elə bir qərara gəlsəm belə, mütləq yanımda çox yaxşı görüntü rejissoru olmalıdır, yoxsa bu işin altında çıxa bilmərəm.

  • Siz həyatda da üç qız atasısınız, filmdə də. Bu rolunuzu canlandırarkən əlavə nəsə qatdınızmı?

– Duyğusallıq baxımından mənə bir şey qatmadı, çünki qızlarım azyaşlıdırlar. Amma filmdə üç qız atası olmaq, həyatda da üç qız atası olmaqla əks effekti verdi. Mən özümü on-on beş il sonra gördüm.

Premyera çərçivəsində Kinoinfo.az-ın suallarını filmin rejissoru Valeh Əhmədov da cavablandırıb.

  • Çəkiliş zamanı yaddaqalan, gözlənilməz hansı hadisə baş verdi?

– Gülməli deməzdim. Baş rol ifaçımız Tərlan Nur Yaşar filmdə bir kadrda topu vurmalı idi, ayağı ilişdi, yıxıldı və ayağı şişdi. O kadr filmdə istifadə olunmadı. Sağ olsun Tərlan, ağrılarını gizlədərək gülə-gülə rolunu davam etdirdi. Tək Tərlan deyil, bütün aktyorlar öz rollarını çox yaxşı ifa etdilər.

  • Daha çox romantik komediya janrına üstünlük verirsiniz? Keçən il çəkilən filmlərin çoxu dram janrında olub. Növbəti layihənizdə yenə komediya janrında qalmaq istəyirsiniz, yoxsa fərqli ton sınayacaqsınız?

– Komediya olsa da, burada dram elementləri də var. Məncə filmin içində həm komediya, həm də dram olmalıdır. Mən janra deyil, çəkəcəyim hekayənin maraqlılığına və tələbatına baxıram. Hekayə mənim beynimdə bitibsə, onun ardınca gedirəm. Fərqi yoxdur, dramdır, yoxsa komediya.

  • Bu filmin də “Evdə qalmış” kimi ikinci hissəsi olacaqmı?

– Bəli, filmin adını dostlarla belə fikirləşdik ki, bu adla dörd-beş film çəkilə bilər. İnşallah bu filmin üzərində üç-dörd davam filmi çəkəcəyik.

  • Növbəti yaradıcılıq planınız nədir?

– Beynəlxalq bir film layihəmiz var, onun üzərində işləyəcəyik. Əslində keçən il layihə təsdiqlənmişdi, amma bu film və Space TV-dəki “Vaxtsız Sevgi” serialına görə həyata keçirə bilmədik. Bu il həm bu film layihəmizi, həm də ARKA-nın müsabiqəsində qalib gələn “Divarın o üzü” filminin hazırlığını görürük. Bir-iki nəhəng layihəmiz də var, amma hələ açıqlamırıq.

Aynur Kazımova

Əlaqədar Yazılar