PRODÜSER İSLAM AĞA AZƏRBAYCAN KİNO BAZARINDAN DANIŞIR
“Otel Loo”, “Hozu Xan” və “Hozu 007” tammetrajlı bədii filmlərinin “Səkkiz”, “Qırmızı zona”, “Səni mənə versələr” seriallarinin baş prodüseri İslam Ağa uzun illərdir Azərbaycan televiziya və kino sahəsində fəaliyyət göstərir. O, hazırda ARB kanalında rəhbər vəzifəsində çalışır və müxtəlif televiziya layihələri ilə yanaşı kommersiya yönümlü film istehsalı ilə də məşğuldur. Prodüser bu sahədəki təcrübəsi, Azərbaycan kino bazarının mövcud vəziyyəti, film istehsalında maliyyə məsələləri və tamaşaçı zövqü ilə bağlı fikirlərini Kinoinfo.az saytına verdiyi müsahibədə bölüşüb.
– Filmə prodüserlik edərkən ilk növbədə hansı meyarlara diqqət yetirirsiniz? Layihənin uğurlu olacağını necə qiymətləndirirsiniz?
Layihənin qazanmağını istəyiriksə, birinci kağız üzərində qazanmalıyıq. Bu həm aktyor heyətinə, həm də rejissora aiddir. Yəni nə udursansa, kağız üzərində udursan. Keyfiyyətə toxunmadan maliyyə xərclərini maksimum aşağı çəkmək əsas meyardır.
İkinci meyar isə aktyor heyətidir. Çünki tamaşaçı əsasən o üzlərə görə gəlir. Azərbaycan tamaşaçısı sırf rejissora görə filmə gəlmir, daha çox aktyor heyətinə görə gəlir. Ona görə də aktyorlarla danışarkən münasib qiymətə razılaşmağa çalışırsan. Nə udursansa, əsasən oradan udursan.
– Bəs maliyyəni aşağı tutub keyfiyyətə dəymədən tarazlığı necə qurursunuz?
– Ən əsas mərhələ filmin hazırlıq dövrüdür. Çəkilişə başlamazdan əvvəl hazırlıq demək olar ki, tam olmalıdır. Əgər hansısa məsələni çəkiliş zamanı paralel həll etməyə çalışırsansa, bu, düşünülməmiş əlavə xərclərə səbəb ola bilər. Çalışırıq ki, ssenaridə məkanlar çox dağınıq olmasın. Çünki hər məkan əlavə maliyyə deməkdir. Məsələn, çəkilişlərin bir hissəsi Şəkidə, bir hissəsi Bakıda olanda xərclər artır. Amma çəkilişlər bir məkanda olanda proses daha rentabelli olur.
– Sizin fikrinizcə, Azərbaycan tamaşaçısının ən çox maraq göstərdiyi film janrları hansılardır? Bu zövq son illərdə dəyişibmi?
Komediyadır. Dram filmləri çəkilsə də, demək olar ki, heç biri kassada uğur qazanmayıb. Maraqlıdır ki, xarici dram filmləri tamaşaçı toplayır, amma yerli dram filmləri eyni nəticəni göstərmir.
– Azərbaycanda film istehsalında ən böyük çətinlik nədir: maliyyə, distribusiya, yoxsa tamaşaçı bazarı?
Birinci maliyyədir, ikinci isə tamaşaçı. Başqa ciddi problem görmürəm. Prodüser olaraq əvvəlcə maliyyə toplamalısan. Məsələn, bayaq İlkin İmanovla danışanda belə bir nəticəyə gəldik ki, hazırda Azərbaycanda kommersiya filminə 150 mindən artıq pul xərcləmək riskdir. Bu riski götürəcək prodüserlər artıq demək olar ki, qalmayıb. Mən özüm də artıq 150 mindən çox büdcəsi olan filmlərdə işləmək istəmirəm.
“Hozu Xan” filminə 220 mindən artıq pul xərclədik, amma hələ də o pulu geri çıxartmayıb. Bu da göstərir ki, birinci problem maliyyədir, ikinci problem isə tamaşaçıdır. Tamaşaçı zövqü dəyişməyənə qədər biz çox şeyi dəyişə bilməyəcəyik.
– Sponsorlarla danışarkən onları necə inandırırsınız ki, həmin filmə investisiya etsinlər?
Əvvəllər sponsorlarla işləmək daha asan idi. Onlar üçün filmə maliyyə ayırmaq da sərfəli görünürdü. Amma indi sponsorlar Azərbaycan filmlərinə çox maraq göstərmir. Göstərsələr belə, müxtəlif şərtlər qoyurlar. Məsələn, deyirlər ki, ya oğlumu filmə çək, ya da mənim brendimi filmdə belə göstər. Ən gülməlisi isə odur ki, sponsorluq edən şəxs bəzən ssenaridə də dəyişiklik etmək istəyir. Əgər bu tələb ssenarinin xəttinə təsir edəcəksə, mən şəxsən bunu qəbul etmirəm. Məsələn, deyirik ki, brendinizin reklam roliki filmin əvvəlində yayımlansın, qalalarda stendlərdə yerləşdirilsin və ya treylerin əvvəlində və ya sonunda markanız görünsün. Amma onlar istəyirlər ki, baş qəhrəman filmdə həmin brendi əlində göstərsin və tərifləsin. Bu isə ssenariyə uyğun gəlməyəndə biz razılaşmırıq.
– Bugünkü dövrdə kinoteatr üçün film çəkmək daha məntiqlidir, yoxsa platformalar üçün?
Hələlik platforma auditoriyası kinoteatr auditoriyasından zəifdir. Amma biz paralel olaraq platformalar üçün də işləyirik. Məsələn, televiziyada yayımlanan seriallarımızı Metaflix platformasına yerləşdiririk. Sonra geridönüşə baxırıq. Görürük ki, bəzi insanlar sırf həmin seriala baxmaq üçün Metaflix-ə abunə olur. Təxminən 5000–6000 yeni abunəçi gəlib. Bu da bizə ümid verir ki, sabah bu say 10 min də ola bilər, 20 min də, hətta 100 min də. Ona görə də platformalar hələ kinoteatr səviyyəsində deyil, amma düşünürük ki, yaxın iki-üç ildə bu sahə daha da inkişaf edə bilər.
– Azərbaycan kinosunun regional bazarlara – məsələn, Türkiyə, Orta Asiya və ya Avropa – çıxma potensialını necə qiymətləndirirsiniz?
Potensial var. Əgər bayaq sadaladığım problemləri həll etsək, Azərbaycanda kifayət qədər yaxşı aktyor, rejissor və prodüserlər var. Sadəcə daxili problemlər həll olunsa, həm Orta Asiya, həm də Avropa bazarına çıxmaq mümkündür. Potensialımız var.
Son illərdə yerli filmlərin tamaşaçı sayı barədə hansı tendensiyaları müşahidə edirsiniz?
Tamaşaçı sayı azalır. Pandemiyadan sonra bir il tamaşaçı sayı yüksək oldu. Amma 2021-ci ildən sonra azalma müşahidə olunur. Tamaşaçı sayını artırmaq üçün dövlət dəstəyi də olmalıdır. Ümumiyyətlə, hamılıqla bu sahəyə dəstək verməliyik. 2014-cü ildə bu bazar çox aktiv idi. O vaxt neçə prodüser var idi, indi isə maksimum iki-üç prodüser qalıb. Əvvəllər isə təxminən 10–15 prodüser fəaliyyət göstərirdi.
– Bir prodüser üçün uğurlu film nə deməkdir: kommersiya gəliri, festival uğuru, yoxsa hər ikisi?
Mən “art-house” filmlərlə işləmirəm, daha çox kommersiya filmləri ilə işləyirəm. Ona görə də festival filmi mənim üçün maraqlı deyil. Ola bilər ki, başqa rejissor və prodüserlər üçün festival uğuru vacibdir, amma mənim üçün əsas olan kommersiya nəticəsidir.
Aynur Kazımova


