Baku Cinema Breeze çərçivəsində 11 dekabr tarixində Nizami Kino Mərkəzində keçirilən nümayişlər uğurla başa çatdı. Nümayişlərdə “Azərnyumedia” istehsalı olan “Küldə şərqi deyənlər” qısametrajlı sənədli filmi, “Kinobiz” istehsalı “Nəsil yaddaşı” qısametrajlı sənədli filmi və “Buta Film” tərəfindən istehsal olunan “Ümid zirvəsi” tammetrajlı sənədli filmi nümayiş edildi.
Tədbirdə iştirak edən “Küldə şərqi deyənlər” filminin rejissoru Kamran Qasımov filmin çəkilmə prosesindən bəhs etdi. Eyni zamanda, tamaşaçılara nümayişə göstərdiyi diqqətə görə minnətdarlığını bildirdi. Ardınca “Nəsil yaddaşı” filminin rejissoru Babək Abbaszadə və prodüseri Ramil Ələkbərov çıxış edərək filmin hekayəsi barədə qısa məlumat verdi, eyni zamanda tamaşaçılara filmi təqdim etdikləri üçün həyəcanlı olduqlarını qeyd etdi.
Xatırladaq ki, filmlər Baku Cinema Breeze Nümayişləri çərçivəsində keçirilən Azərbaycan Kino Günündə nümayiş edildi və proqramın sonuncu filmi “Kür – çaylar anası” xüsusi premyera ilə tamaşaçılara təqdim ediləcək.
“Nəsil yaddaşı” Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn dəstəyi ilə, “Ümid zirvəsi” və “Kür – çaylar anası” isə ARKA-nın istehsal dəstəyi ilə ərsəyə gəlib.

















