Əsas EKRANDA“BOŞ YER” – YARADICI HEYƏTİ TƏLƏBƏLƏRDƏN İBARƏT OLAN FİLM TƏQDİM OLUNDU

“BOŞ YER” – YARADICI HEYƏTİ TƏLƏBƏLƏRDƏN İBARƏT OLAN FİLM TƏQDİM OLUNDU

by editor

Nizami Kino Mərkəzində Azərbaycanın kino mühitində ilk dəfə olaraq yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı bədii film “Boş yer”in təqdimatı keçirilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən istehsal olunan filmin rejissoru Mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rəhman Fürqətoğludur. Layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilinin praktiki nəticələrinin, istehsalatda real bacarıqların nümayişi baxımından əhəmiyyət kəsb edir. Film dövlət və sponsor dəstəyi olmadan, yalnız Mərkəzin imkanları və tələbələrin əməyilə ərsəyə gətirilib.

“Boş yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri mövzuları vurğulanır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır. Filmin xronometrajı 101 dəqiqədir. Ssenari müəllifi də Rəhman Fürqətoğludur.

Təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru Pərviz Həmzəyev gənclərin yaradıcı layihələrdə iştirakının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Boş yer” filmi peşə təlimlərinin nəticələrinin real istehsalat məhsuluna dönüşməsinin ən gözəl nümunəsidir. O bildirib ki, film təkcə bir kino işi deyil, tələbələrin praktiki bacarıqlarının, öz güclərinə inamının və komanda şəklində işləmə vərdişlərinin göstəricisidir.

Çıxışlar zamanı layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulandı və filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyi qeyd olundu.

Əlaqədar Yazılar