Fevralın 5-də Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə kinorejissor Murad Quliyevin “Canqurtaranlar” sənədli filmi nümayiş olundu. Azərbaycantelefilm-də istehsal olunan film Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının 2023-cü ildə Kahramanmaraş və Hatay şəhərlərində baş vermiş dəhşətli zəlzələ zamanı göstərdikləri fədakarlıqdan, apadıqları xilasetmə əməliyyatlarından bəhs edir.
Tədbirdən öncə, fəlakət zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, tədbirin moderarotu, Sevda Sultanova film haqda qısa məlumat verəndən sonra səhnəyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti Əməliyyat İdarəsinin rəisi, polkovnik Elşad Zərbəliyevi dəvət etdi.
Elşad Zərbəliyev çıxışında, Türkiyədə baş vermiş zəlzələnin miqyasından, Azərbaycan xilasedicilərinin həmin günlərdə göstərdikləri peşəkarlıq və fədakarlıqdan danışıb: “Türkiyədə baş verən dəhşətli zəlzələ minlərlə insanın həyatını dəyişdi, minlərlə ailənin ürəyində sağalmaz yaralar açdı. O gün təkcə torpaq deyil, insan taleləri də sarsıldı. Bu faciədən dərhal sonra Azərbaycan xilasediciləri qardaş Türkiyənin köməyinə çatdı. Heç bir tərəddüd etmədən, təhlükəni düşünmədən, yalnız bir amal ilə — insan həyatı xilas etmək üçün. Biz dağıntıların altına girdik, gecə-gündüz bilmədən çalışdıq, ümidini itirmiş insanların son ümidi olmağa çalışdıq. Bəzən bir səs eşitmək üçün saatlarla susurduq, bəzən bir nəfəri sağ çıxarmaq üçün öz gücümüzün son həddinə qədər işləyirdik.Bu sənədli film — “Canqurtaranlar” — sadəcə film deyil. Bu, dağıntılar altındakı ümidlərin, göz yaşlarının, duaların və xilasedicilərin səssiz qəhrəmanlığının hekayəsidir. Burada göstərilən hər kadrın arxasında real həyat var. Hər kadrda bir ailənin sevinci, bir insanın yenidən həyata qayıtması, bir xilasedicinin isə fədakarlığı dayanır. Biz bu əməliyyatlarda şəhid olan bütün vətəndaşların xatirəsini ehtiramla anırıq. Həyatını itirənlərin ailələrinə bir daha səbir diləyirik. Eyni zamanda, bu çətin missiyada iştirak etmiş bütün həmkarlarımla fəxr edirəm. Sizlər Azərbaycanın, insanlığın qürurusunuz. Bu film gələcək nəsillərə bir mesajdır: İnsan həyatından dəyərli heç nə yoxdur. Və xilasedici olmaq — sadəcə peşə deyil, bir vicdan məsuliyyətidir. Sonda bu filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu ekran əsəri insanların qəlbində mərhəmət, birlik və ümid hissini daha da gücləndirəcək. Diqqətinizə görə təşəkkür edirəm”.
Daha sonra, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünə söz verildi və səfir baş verən hadisənin son dərəcə ağrılı olduğunu bildirdi: “Həqiqətən də çox böyük faciə yaşandı. Bu, sözün əsl mənasında, “can bazarı” idi. Belə anlarda insanı yalnız insan xilas edə bilərdi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq tarixboyu özünü dəfələrlə sübut edib. Gecə-gündüz, soyuq havada dağıntılar altında qalan insanları xilas etmək üçün çalışanları gördükcə insan həm qürur, həm də dərin hüzn hissi keçirirdi. On minlərlə vətəndaşımızı itirdik. Həlak olanlara Allahdan rəhmət diləyirəm. Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsi Türkiyə xalqının qəlbində Azərbaycan–Türkiyə həmrəyliyinin əbədi simvolu kimi yaşayacaq. Bu filmin çəkilməsi də həmin günlərdə yaşananları gələcək nəsillərə çatdırmaq baxımından son dərəcə önəmlidir”.
Filmin rejissoru Murad Quliyev bildirdi ki, bu layihənin ideyası onu təsirləndirən bir hadisədən sonra yaranıb: “Mən təsadüf nəticəsində xilasetmə əməliyyatının şahidi oldum. Bu hadisə məni çox təsirləndirdi. Doğrusu, FHN-nin bu xidmətindən xəbərim yox idi. Səhər işə gəldim, hadisə haqqında təəssüratlarımı “Aztelefilm” studiyasının rəhbəri Elçin Musaoğluna bildirdim. O, mənimlə razılaşdı. Biz araşdırmalara başladıq. Çox sağ olsun, TV rəhbərliyi də bizə dəstək oldu. Həmçinin, FHN rəhbərliyi də bu ideyanı dəstəklədi və hər cür şəraiti yaratdı. Filmin hazırlıq mərhələsində məlum oldu ki, FHN – nin Xüsusi Riskli Xilasetmə Xidməti Türkiyədə “Əsrin fəlakəti” adlandırılan zəlzələ zamanı xüsusi qəhrəmanlıq göstərərək 53 sağ, 700-dən çox cəsəd, çox sayda sənəd və zinət əşyaları aşkarlayaraq aidiyyəti üzrə təhvil vermişlər”.
Daha sonra Murad Quliyev təşkilatçılığa görə Azərbaycan Kinematoqrafçılar İttifaqına və təşkilatın rəhbəri, Xalq artisti Rasim Balayevə minnətdarlığını bildirdi. Sonda tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən “Canqurtaranlar” sənədli filminin yaradıcı heyətinə Fəxri Fərmanlar təqdim edilib. Nümayişdən sonra “Canqurtaranlar” sənədli filminin qəhrəmanları səhnəyə dəvət olunaraq alqışlanıb.

































