8 dekabr tarixində Bakı Beynəlxalq Film Festivalı (BBFF) çərçivəsində rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” filminin Azərbaycan premyerası keçirilib. Xronometrajı 128 dəqiqə olan film Almaniya, İtaliya və Lüksemburqun ortaq istehsalıdır. Ekran işində Len Kudrjavizki, Mixail Haneman, Sofi Mouzel və Rasim Cəfər rol alıblar.
Filmin süjetinə görə, yazıçı Bernard qoyunu və coşğun münasibətdə olduğu sevgilisi Aqata ilə qəribə-realist bir dünyada yaşayır. Eyni zamanda insan boyda çəyirtkə peyda olur. Bernard atasının ölümcül xəstəliyindən xəbər tutur. Dram janrında olan film sürrealizm, magik realizm və psixoloji dərinliyin özünəməxsus qarışığı ilə seçilir.
Ssenari müəllifi Elmar İmanov, operatoru Borris Kehl olan filmin montajı Beppe Leonetti, musiqisi Kyan Bayani və səs dizaynı Jascha Viehl tərəfindən hazırlanıb. Filmin prodüseri Eva Blondiau, həm-prodüserləri Adolf El Assal və Marta Zaccarondur. Film Color of May, Wady Films, Incipit Film və WDR tərəfindən istehsal olunub, beynəlxalq satışını isə ArtHood Entertainment həyata keçirir.
Film tamaşaçılar tərəfindən maraqla qarşılandı. Nümayişdən sonra rejissor Elmar İmanov kinoinfo.az saytının sualını cavablandırdı.
– Bernardın atasının ölümcül xəstəliyi filmin emosional mərkəzlərindən biridir. Bu xətt sizin üçün daha çox ailə dinamikalarının tədqiqidir, yoxsa insanın faniliklə üzləşməsinin metaforik nümayişi?
– Xəstəlik sadəcə xəstəlikdir. Bu xəstəlikdən sonra ata və oğul arasında ünsiyyət yaranır. Çünki xəstəlikdən əvvəl atasına nəsə demək istəyəndə cavab ala bilmirdi. Hətta qolundakı çapıq haqqında soruşanda belə. Atasının xəstə olduğunu bildikdən sonra onların münasibəti yaxınlaşmağa başlayır.
Rejissor həmçinin çəyirtkənin filmdəki anlamını da açıqladı: “Çəyirtkə qəddar yox, mülayim bir varlıqdır. Bernard özü bir çəyirtkəyə bənzəyir. Atasının ölümündən sonra Bernard dəyişir. Həyatda müəyyən hadisələr insanı dəyişir və bəzən biz bu dəyişiklikləri qabaqcadan hiss edirik, amma onların necə baş verəcəyini bilmirik.”
Aynur Kazımova























