Ssenarist və aktyor Asiman Ağa Rövşən ilk kinorejissorluq təcrübəsinə “Divarın o üzü” filmi ilə imza atır. Hazırda post-prodakşn prosesi davam edən film insanın xatirələri və keçmişi uğrunda mübarizəsindən bəhs edir. AND Production tərəfindən istehsal olunan filmin xronometrajı təxminən 30 dəqiqə nəzərdə tutulub. Layihənin baş prodüseri Valeh Əhmədovdur və film ARKA-nın dəstəyi ilə çəkilir. Dram janrında olan ekran işinin yaradıcı heyətində rejissor və ssenari müəllifi kimi Asiman Ağa Rövşən yer alır. Quruluşçu operator Şahmar Səfəroğlu, quruluşçu rəssam Bahar Dəmir, səs operatoru və rejissoru Sənan Güləhmədzadə, işıq rəssamı Rauf Cavadov, bəstəkar Vüqar Məmmədzadədir.
Filmdə Səmimi Fərhad, Sabirə Rüstəmli, Rauf Şahsuvarov, Nihad Heybətov, Güşvər Şərifova rol alırlar. montaj Cavid Aslanova, geyim rəssamlığı Ülviyyə Verdiyevaya, qrim isə Güney Əjdərə aiddir. İkinci rejissor Dilarə Vəliyeva, prodakşn rəhbəri Vaqif Əhmədovdur.
Filmin rejissoru və ssenaristi Asiman Ağa Rövşən kinoinfo.az saytının suallarını cavablandırıb.
– Ssenarini yazmağa və filmi çəkməyə sizi vadar edən əsas səbəb nə idi?
Nostalgiya. İnsanda nostalgiya hissi cari zamanda həyatımızda nəsə alınmayanda, böhranlı, depressiv anlar yaşayanda yaranır və biz keçmişə sığınmaq istəyirik. Qaçırıq o qayğısız uşaqlıq günlərimizə. Keçmişlə yaşayırıq. Bəzilərimiz daha çox, bəzilərimiz isə arada keçmişi, əsasən də o xatirələri yada salır. Məndə bu hisslər mütəmadi olaraq yaranır. Hamıda bu hisslər olduğu üçün mən də onu filmə, hekayəyə çevirmişəm. Əsas məsələ odur ki, insanın xatirələri onun üçün dəyər daşıyır. Xatirələr onun kimliyinin bir parçasıdır. Keçmiş bu ana qədər gələn bir hekayədir. Bu pula satılmır, maddiyatla ölçülmür. İnsan yeri gələndə bunun uğrunda mübarizə aparır, nəyin bahasına olursa olsun. Cari zamanda əlində olan hər şeyi verməyə hazır olar ki, kimliyinin bir parçası olan keçmişini geri qaytarsın.
– İlk rejissorluq təcrübənizdə sizin üçün ən böyük çətinlik nə oldu?
Çətinlik olsa da çox böyük olmadı. Çünki aktyorluq təcrübəmə görə kinoda çəkilə-çəkilə həmişə müşahidə edirdim: nəyi necə etmək lazımdır. İşin texniki tərəfinə, kadrarxası məqamlara diqqət edirdim. Detallardakı müşahidələrim mənə kömək etdi ki, iş o qədər çətin olmasın. Belə deyim, göydən düşmə olmadı.
– Filminiz ARKA-nın dəstəyi ilə çəkilir. Müsabiqə prosesi necə keçdi?
Pitçinqdən keçdik, sonra Bədii Şura təşkil olundu. Bədii Şurada müzakirələr və tövsiyələr oldu. Beləliklə, çəkilişə başladıq.
– Festivallar haqqında düşünürsünüzmü?
Filmin festivallara göndərilməsini prodüser həyata keçirəcək. Təbii ki, filmin festival həyatı olacaq. Amma mən film çəkəndə festival üçün çəkmirəm. Bu mənim ilk filmimdir, amma festival mənim üçün etalon deyil. Hələlik belə bir arzum yoxdur. Ssenarini də festivalı düşünərək yazmamışam. Mənim istəyim odur ki, tamaşaçı baxsın və bəyənsin.
– Aktyor kimi təcrübəniz rejissor baxışınıza necə təsir etdi?
Mənim rejissor təcrübəm teatrdan gəlir. Tələbə vaxtı da, peşəkar səhnədə də tamaşalar qurmuşam. Aktyorluq rejissorluğu doğurdu deyə bilmərəm, məncə paralel gedib. Rejissorluq, aktyorluq və yazmaq — ssenari, pyes və ya hansısa romanın adaptasiyası — bunların hamısında təcrübəm olub. Paralel getdiyi üçün ayrıca düşünməmişəm.
– Filmdə uşaq aktyorlar da var. Onlarla işləmək necədir?
Çox çətindir. Uşaqdır. Sözləri əzbərləsə də, ətrafında bu qədər insanın ona baxdığını görəndə həyəcanlanır və unudur. Ona görə də təkrar dubllarla çəkiliş davam edir.
– Rejissor kimi gələcəkdə hansı janrlarda filmlər çəkmək istəyirsiniz?
Müxtəlif janrlarda filmlər çəkmək istəyirəm. Komediya da var, dram da var.
Baş prodüser Valeh Əhmədov da çəkiliş meydançasında Kinoinfo.az saytının suallarını cavablandırıb.
– ARKA-nın pitçinq müsabiqə prosesi necə keçdi?
Müsabiqədə münsiflər heyəti və Bədii Şura suallarını verdilər, biz də cavablandırdıq. Filmi kağız üzərində təqdim etmişdik. Onlar musiqi və qəhrəmanlarla bağlı suallar verdilər. Biz də onları vaxtında cavablandırdıq və həmin mərhələ geridə qaldı. Komandamız peşəkarlardan təşkil olunub, hər şey yaxşı gedir.
– Filmin festival həyatını necə düşünürsünüz?
Film bitsin, ilk rəyləri alaq. Düşünürəm ki, bu film festivallara gedəsi filmdir. Həm Türk dünyasında, həm də dünyanın bir çox ölkəsində yurd mövzulu hekayələr var və insanlar bu mövzuda nostalgiya yaşayır. Düşünürəm ki, bu film də həmin filmlərdən biridir. Film bitəndən sonra onu Film Fonduna təhvil verəcəyik. Sonra onlarla birlikdə məsləhətləşəcəyik. Biz filmin çəkildikdən sonra kənarda qalmasını istəmirik. İstəyirik ki, tamaşaçı ilə bir an əvvəl görüşsün. Ona görə də onlayn film platformalarına verməyi də düşünürük.
Aynur Kazımova
























