Əsas ARKA-DAFACİƏ, DAĞ VƏ İNSAN: REALLIQLA BƏDİİ DİL ARASINDA BİR FİLM

FACİƏ, DAĞ VƏ İNSAN: REALLIQLA BƏDİİ DİL ARASINDA BİR FİLM

by editor

Rejissor Elçin Quliyev alpinizmlə məşğul olduğu üçün “Ümid zirvəsi” filminin mövzusuna şəxsi təcrübə və müşahidələri ilə yanaşıb. Hadisədən bir müddət əvvəl dağda olması və sonradan axtarış prosesini yaxından izləməsi onun bu hekayəyə marağını daha da artırıb. Alpinizm mövzusunda ölkəmizdə ilk ekran işi olan bu film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Buta Film şirkəti tərəfindən ərsəyə gətirilib. Premyera zamanı rejissor Kinoinfo.az saytının suallarını cavablandıraraq film və yaradıcı prosesi ilə bağlı fikirlərini bölüşüb.

– Bu film real faciəyə əsaslanır. Siz hadisəni həm bədii, həm sənədli çəkəndə balansı necə qorudunuz? Keçidlərdə hansı prinsiplərə əsaslandınız?

Balansı qorumaq əsas prinsiplərimdən biri idi. Çünki filmi zehnimdə quranda davamlılıq problemi hiss edirdim və bu məni çox narahat edirdi. Sənədli hissə tamamlandıqdan sonra bədii hissədə ciddi dəyişikliklər etdim. Çünki ilkin ssenari ilə son material arasında uyğunsuzluqlar yaranırdı və keçidlərdə müəyyən kobudluq hiss olunurdu. Fikrimcə, hadisəni, Namini, Baburu, Fəridəni və ümumilikdə dağ mühitini yaxşı tanıdığım üçün bu keçidləri daha hamar qurmaq mümkün oldu. Eyni zamanda, filmin montajçısı Rza Əsgərovun da materialı dərindən hiss etməsi və peşəkarlığı sayəsində sənədli və bədii hissələri bir-birini tamamlayan şəkildə birləşdirə bildik.

– Dağ bu filmdə necə təmsil olunur: düşmən, ya laqeyd bir güc?

Filmdə çalışmışam ki, dağ həm heyranedici, həm də təhlükəli bir məkan kimi təqdim olunsun. Eyni zamanda göstərmək istəmişəm ki, əgər dağda əsassız inadkarlıq etməsək və çətin anlarda düzgün, sərt qərarlar verə bilsək, dağ bizim üçün düşmən deyil, əksinə bir növ dosta çevrilə bilər (ümumiyyətlə, dağ düşmən ola bilməz).

Dağlar bizdən əvvəl yaranıb və biz olmayanda da mövcud olacaq. Dağ üçün bizim kim və nə olmağımızın heç bir əhəmiyyəti yoxdur. Bu mənada dağ heç zaman insana düşmən ola bilməz. Fikrimcə, dağları laqeyd adlandırmaq da tam doğru deyil. Laqeydlik daha çox insana xas xüsusiyyətdir. Dağ isə sadəcə öz təbiəti və qanunları ilə mövcuddur — nə mərhəmətlidir, nə də qəddardır.

– Filmi montaj edərkən hansı səhnədən ayrılmaq sizin üçün ən çətin oldu?

Bədii hissədə bəzi səhnələri asanlıqla çıxara bilirdim. Amma sənədli hissədə ailə yaxınlarının elə danışdıqları məqamlar var idi ki, onları çıxarmaq mənim üçün çox çətin oldu. Buna baxmayaraq, müəyyən hissələri məcburən və böyük daxili çətinliklə kəsməli oldum. Çünki filmi sırf emosional, ağladan bir işə çevirmək istəmirdim. Daha çox araşdırma və akademik, bilik ötürücü üsluba yaxın qalmaq niyyətində idim.

Amma bu hekayə həyatın içindən gəldiyi və həqiqət olduğu üçün istər-istəməz insanı dərindən təsirləndirən məqamları çoxdur. Sənədli hissədə çıxardığım bir çox şey uzun müddət məni rahat buraxmadı. Amma montaj prosesində bəzən belə qərarları sərt şəkildə vermək lazım olur. Filmdəki “bağışlamaq” mövzusunu da çıxarmağımı istəyənlər oldu, amma mən bunu qəbul etmədim. Fikrimcə, ananın övladının “qatili kimi bildiyi” insanla üz-üzə gəlib onu bağışlaması həm çox böyük bəşəri dəyərdir, həm də rejissor üçün nadir rast gəlinən, qiymətli bir an və mükafatdır.

– Tamaşaçının filmi izlədikdən sonra özü ilə aparmasını istədiyiniz əsas hiss və ya düşüncə nədir?

Tamaşaçının filmi izlədikdən sonra hadisənin necə baş verdiyini anlamasını, Fəridənin, Naminin və Baburun necə insanlar olduqlarını tanımasını istəyirdim. Eyni zamanda, dağın nə olduğunu və dağda necə davranmaq lazım gəldiyini dərk etmələri mənim üçün vacib idi. Mənə gələn reaksiyalara və mesajlara əsasən düşünürəm ki, bu məqsədə böyük ölçüdə nail olmuşam.

– Sizcə, bu hekayə yerli tamaşaçı ilə beynəlxalq tamaşaçıda fərqli reaksiyalar doğuracaq?

Əlbəttə, buna əminəm. Qafqaz dağlarında baş vermiş bu cür hadisə beynəlxalq tamaşaçı üçün də maraqlı olacaq. Yerli tamaşaçı filmə üç gəncin faciəvi şəkildə həyatını itirməsi prizmasından baxır. Xarici tamaşaçı isə bunu daha çox üç alpinistin faciəsi kimi qəbul edir.

Filmdə həm səhvlər, həm də doğru addımlar göstərildiyi üçün xarici tamaşaçı bunu daha çox dərslik filmi kimi görür. Eyni zamanda, bu mövzulu filmlər ekstremal və macəra janrına aid festivallar tərəfindən daha tez qəbul olunur və belə filmlər tez-tez ekstremal idman festivallarında dünya turlarına çıxır.

Aynur Kazımova

Əlaqədar Yazılar