Əsas ARKA-DAHİLAL BAYDAROV BAKIDA İLK PREMYERASININ HƏYƏCANINI YAŞADI: “ON BİR AY ÇÖLLƏRDƏ FİLM ÇƏKDİK”

HİLAL BAYDAROV BAKIDA İLK PREMYERASININ HƏYƏCANINI YAŞADI: “ON BİR AY ÇÖLLƏRDƏ FİLM ÇƏKDİK”

by editor

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində “Boşluğa xütbə” filminin nümayişi keçirildi. Film Azərbaycan, Meksika və Türkiyənin ortaq istehsalıdır. Ekran işində Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov və Orxan İskəndərli rol alırlar. Ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri isə Orxan Fikrətoğludur.

Filmin rejissoru Hilal Baydarov adətən filmlərini beynəlxalq festivallarda təqdim etsə də, ilk dəfə Bakıda premyera keçirməyin xüsusi həyəcanını yaşadı və Kinoinfo.az üçün suallarımızı cavablandırdı.

Yaradıcılığınıza sənədli filmlə başlamısınız, amma bədii filmlə davam edirsiniz. Sənədliyə qayıdışı düşünürsünüzmü?

Sənədli filmlə başlamamışam, sadəcə çəkdiklərimi sənədli adlandırıblar. Mən ilk dəfə kamera götürəndə “sənədli film çəkirəm” deyə düşünməmişdim. Büdcə olmadığı üçün məni, anamı, ailəmi gördükləri üçün ona sənədli deyiblər. Sonra dostlarımı çəkmişəm, ona da bədii deyiblər. Mənim üçün fərq yoxdur, həmişə eyni cür film çəkməyə çalışmışam.

Bu film “xütbə” trilogiyasının sonuncusudur. Yeni bir trilogiya planlayırsınız?

Hər film çəkəndə elə bilirəm hansısa bir trilogiyanın hissəsidir. İndi yenə bir film çəkib qurtarmışıq, elə gəlir ki, bu da “aşıq trilogiyası” olacaq. Dəqiq bilmirəm – olacaq, olmayacaq. Əvvəldən plan qurduğum bir şey deyil. Sadəcə yol gedirəm və o yol da şaxələnir, ağac kimi.

Filmin çəkilişində hansı çətinliklərlə qarşılaşdınız?

Çəkiliş boyu yalnız çətinlik olub. Filmi on bir aya çəkdik, iki yüz əlli saat material topladıq. Qarda, qışda, çayda, çöldə çəkirdik. Hüseyn olmasaydı, film tamamlanmazdı. Çəkiliş ayrı problem idi, qurtaranda başqa problem ortaya çıxırdı. Montaj da çox çətin idi, material çox olduğundan bitmək bilmirdi. Büdcəsiz film idi, çəkilişin nə vaxt bitəcəyini də bilmirdim – iki ay, üç ay… Ssenaridə dəqiq bir şey yox idi, çəkə-çəkə davam edirdim. Ona görə on bir ay Qobustan, Səngəçal və vulkanik ərazilərdə çəkdik. Çətin idi, amma mən çətinliyi sevirəm.

Yeni layihəniz varmı?

Bəli, yeni layihəni çəkib qurtarmışıq. Filmin hazırkı adı “Haradansa çağırılıram”dır. İlkin adı isə “Yeddi aşıq dastanı” idi. Hələlik adı belə qalır.

Əlaqədar Yazılar