11 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Kino Agentliyində “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi” ilə bağlı mətbuat konfransı keçirilib.
Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov yeni qəbul edilən qərarın Azərbaycan Respublikasının Sosial-iqtisadi İnkişaf Strategiyası çərçivəsində kino sənayesinin ümumi daxili məhsulda payının artırılmasına, ölkənin turizm potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. “Sənədin hazırlanması prosesi Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının iştirakı ilə həyata keçirilib və nəticədə Prezidentin 29 may 2025-ci il tarixli Sərəncamı ilə bu təşəbbüs hüquqi əsasını tapıb. Qısa müddət ərzində isə Nazirlər Kabineti tərəfindən “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” (4 iyul 2025-ci il) təsdiqlənib”.
Onun sözlərinə görə, qərara əsasən, filmlərin istehsalı üçün çəkilmiş xərclərin 40 faizə qədəri geri ödəniləcək. “Bu proses kino sənayesinin inkişafına böyük təkan verəcək. Təsdiq edilmiş qərar nəticəsində yeni iş yerləri formalaşacaq, mədəni yaradıcı sənayelərin kino sahəsində həcmi artacaq. Qarşıda duran məqsəd ondan ibarətdir ki, Azərbaycanın kino sənayesi təkcə regionda deyil, beynəlxalq miqyasda da tanınsın. Artıq Qəbələdə, Qubada və digər bölgələrdə müxtəlif beynəlxalq filmlərin çəkilməsi təcrübəsi var, o cümlədən Pakistan, Hindistan, Rusiya kimi ölkələrdən olan istehsalçılar burada çəkilişlər aparıblar. Bu qaydaların tətbiqi ilə Azərbaycanın film sənayesinə maraq daha da artacaq. Artıq inkişaf etmiş kino sənayesi olan ölkələrin prodüserləri ölkəmizdə işləməyə həvəs göstərəcək. Mədəniyyət Nazirliyinin bu sahədə irəli sürdüyü təşəbbüs, Müşahidə Şurasının fəaliyyəti və özəl sektorun dəstəyi ilə ölkəmiz yeni bir mərhələyə qədəm qoyacaq”, – deyə Rəşad Əzizov əlavə edib.
Geri ödəniləcək xərclərin 25 faizi əsas rebeyt, 15 faizi isə mədəni senzə dair əlavə rebeytdir.
Bu təşəbbüs ölkədə film istehsalına investisiyaları artırmaq, ölkəyə xarici prodüserləri cəlb etmək və yerli kino sənayesinin inkişafını sürətləndirmək məqsədi daşıyır.
Rəşad Əzizov qeyd edib ki, 2025-ci il 9-10 oktyabr tarixlərində ölkədə “Baku Cinema Breeze” kino festivalı keçiriləcək. Tədbir çərçivəsində “Omarket” kino sənayesi bazarı təşkil olunacaq. Bu platforma həm yerli, həm də beynəlxalq prodüserlər üçün əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsinə şərait yaradacaq.


















