Əsas ARKA-DAMƏTLƏB MUXTAROV: “FİLM ZÖVQLƏ VƏ SƏMİMİYYƏTLƏ ÇƏKİLMƏLİDİR”

MƏTLƏB MUXTAROV: “FİLM ZÖVQLƏ VƏ SƏMİMİYYƏTLƏ ÇƏKİLMƏLİDİR”

by editor

Şərqi Avropanın ən nüfuzlu sənədli film tədbirlərindən biri sayılan Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı bu il azərbaycanlı rejissor Mətləb Muxtarovun Yaddaş sarayları” adlı filminin dünya premyerasına ev sahibliyi edib. “Rental Azərbaycan” şirkətinin istehsalı olan filmin prodüseri Emil Nəcəfovdur. Ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən post-prodakşn mərhələsində olan film layihələrinə göstərilən dəstək proqramının qalibi olub. “Yaddaş sarayları”nda rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinə qayıdaraq “ilk xatirə”sinin izinə düşür. Bu səyahət onu körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsinin xatirələrinə, uşaqlıq duyğularına aparır. Fərdi yaddaşın qatlarında başlanan bu axtarış tədricən SSRİ-nin süqutundan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadığı sosial və emosional travmalarla birləşir və filmdə şəxsi ilə kollektiv yaddaşın kəsişmə nöqtəsini yaradır.

Rejissor elə Jihlava şəhərində Kinoinfo.az portalının suallarını cavablandırıb.

– “Yaddaş sarayları” kimi şəxsi və poetik film bu kontekstdə necə qarşılandı? Tamaşaçılardan və proqram kuratorlarından hansı reaksiyaları aldın?

– Jihlava film festivalına filmimi göndərdim və müsbət cavab aldım. Açığı, ən çox istədiyim festivallardan biri də elə bu idi. Düşünürəm ki, filmə maraq həm də onun Şərqi Avropa ruhuna yaxın olması ilə bağlı idi. Çünki film ilk xatirənin axtarışı kimi başlayır, amma dərin qatında SSRİ dağıldıqdan sonra yaranan sosial-siyasi problemlərin mənim və mənimlə eyni dövrdə yaşayan insanların şüuraltında necə iz buraxdığını göstərir. Bu, Şərqi Avropadakı xalqlar üçün də tanış bir hissdir. Oxşar proseslər, məsələn, Praqa baharından sonra Çexiyada da yaşanıb. Ona görə də düşünürdüm ki, film orada anlayışla qarşılanacaq.

Nümayiş zamanı moderator italyan idi və sualları bir qədər fərqli istiqamətdən gəlirdi. Mən yenə də çalışdım izah edim ki, filmdə nə demək istəmişəm. Ümumilikdə yaxşı qarşılandı. Tamaşaçıların empatiya qura bildiyini hiss etdim. Əvvəlcə qorxurdum ki, bu mümkün olmayacaq, çünki film daha çox azərbaycanlıların daha dərindən anlayacağı bir emosional təcrübədən doğub. Amma gördüm ki, burada da fərqli baxışla olsa da, anlayışla və hətta heyranlıqla baxdılar. Düzünü desəm, hələ də dəqiq bilmirəm, bu heyranlıq filmin mövzusuna idi, yoxsa onun sinematik dilinə.

– Bu premyera sənin üçün emosional və peşəkar baxımdan nə demək idi? Filmin ilk dəfə beynəlxalq auditoriya qarşısına çıxması sənə hansı yeni baxışlar qazandırdı?

Emosional baxımdan çox şey demək çətindir, amma bu film üzərində təxminən üç il işlədim. İstəyirdim ki, filmim sayılıb-seçilən bir festivalda göstərilsin. Bu, mənim üçün həm bir məqsədin reallaşması idi, həm də gələcək layihələrimə yol açmaq şansı. Növbəti mərhələdə tammetraj sənədli film ideyam var və istəyirəm ki, xarici prodüserlərlə tanış olub əlaqələr qurum. Çünki indi başa düşürəm ki, filmi sadəcə çəkmək kifayət deyil. Hazırlıq prosesi, əlaqələr, prodüser tapmaq da çox önəmlidir. “Yaddaş sarayları”nı çəkəndə bunların heç birinə hazır deyildim — sadəcə kameranı götürüb çəkmişdim. Bu səbəbdən filmin Jihlavaya seçilməsi mənim üçün həm sevindirici, həm də bir az gözlənilməz oldu. Bilmirəm, bəxtim gətirdi, yoxsa film həqiqətən güclü idi. Orada baxdığım filmlər arasında çox güclü işlər də var idi, elələri ki, festivala necə düşdüyünü anlaya bilmirdim. Bəlkə də mövzuları mənim üçün yad idi.

Festival təcrübəsi sənə sənədli kino haqqında yeni anlayışlar və ya gələcək işlərində tətbiq etmək istədiyin yanaşmalar qazandırdımı?

– Festival təcrübəsi çox vacibdir. Burada film izlədikcə sənədli kinoya baxışın dəyişir. Məsələn, bu gün izlədiyim Peru filmi məni çox düşündürdü. Filmdə cəmi bir neçə foto və arxiv kadr var idi, amma rejissor onlarla elə bir dünya qurmuşdu ki, bu, tamamilə başqa bir baxış bucağı idi. Sənətkarlıq baxımından böyük ustalıq tələb edir.

Bu cür filmlər insana azadlıq hissi verir, göstərir ki, sənədli kinoda hər şey mümkündür. Mövzuya birbaşa aid olmayan kadr da düzgün istifadə olunsa, çox şey deyə bilər. Mən festivalda olduğum müddətdə çalışıram ki, mümkün qədər çox film izləyim və dünyanın kino dilində baş verən dəyişiklikləri görüm.

Amma bir şeyi də anlayıram: hər hansı tendensiyaya qoşulmaq mənasızdır. Yaxşı film dəyərini bəzən illər sonra tapır. Bu gün bir tendensiya populyar ola bilər, amma sabah unudular. Məncə, film zövqlə və səmimiyyətlə çəkilməlidir. İndiyə qədər iki film çəkmişəm və hər ikisində də mənə şəxsi olaraq toxunan mövzuları işləməyə çalışmışam. Ola bilər, indi bu filmlər dünyada böyük maraq doğurmasın, amma bəlkə də illər sonra kimsə onlara baxıb yeni bir mənanı kəşf edəcək.

Qeyd edək ki, rejissor Mətləb Muxtarovun səfər xərcləri Azərbaycan Respublikasının Kino Agentliyi, prodüser Emil Nəcəfovun yol xərcləri isə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb..

Aynur Kazımova

Əlaqədar Yazılar