Əsas ARKA-DA“NƏSİL YADDAŞI” FİLMİ İSMAYILLIDA NÜMAYİŞ OLUNDU

“NƏSİL YADDAŞI” FİLMİ İSMAYILLIDA NÜMAYİŞ OLUNDU

by editor

Fevralın 19-da “Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində nümayiş olundu.

“Nəsil yaddaşı” filmi 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edir. Əsas süjet xəttini 2020-ci il Vətən Müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailənin keçmişini araşdırır. Filmdə arxiv materialları və xəritələrdən də istifadə olunub.

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, bəstəkarı Nigar Süleymandır.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi post-prodakşn mərhələsində olan filmlər arasında keçirilən “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibi olub.

Tədbiri giriş sözü ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nilufər Mursalıyeva açaraq filmin rejissoru Babək Abbaszadəni səhnəyə dəvət etdi. Babək Abbaszadə filmin çəkilişi haqqında məlumat verdi, bugünədək az tədqiq olunmuş İsmayıllı soyqırımının kino ekranına gətirilməsinin əhəmiyyətindən danışdı və Vətən müharibəsi qazisi Nurəddin Əzizlinin filmdə iştirakını xüsusi qeyd etdi. Sonra prodüser Ramil Ələkbərov filmin yaradıcı heyətini tamaşaçılara təqdim etdi, tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Kino Agentliyinə, İsmayıllı Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.

Nümayişdə filmin iştirakçıları və qəhrəmanları ilə yanaşı, İsmayıllı rayon ictimaiyyəti də iştirak edirdi. Nümayişin təşkilatçıları Azərbaycan Respublikasının Kino Agentliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Kinobiz MMC-dir.

Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr və fikir mübadiləsi aparıldı.

Əlaqədar Yazılar