Əsas FESTİVALLAR REJİSSOR ƏLƏMDAR FAİQİN FİLM LAYİHƏSİ CEDOC MARKETDƏ İŞTİRAK EDİB

REJİSSOR ƏLƏMDAR FAİQİN FİLM LAYİHƏSİ CEDOC MARKETDƏ İŞTİRAK EDİB

by editor

Rejissor Ələmdar Faiqin “Ümid bizi aparacaq” adlı tammetrajlı sənədli filmi layihəsi CEDOC-Marketdə iştirak edib. CEDOC Market – Mərkəzi Avropa Sənədli Filmləri Birgə İstehsal Bazarı, beynəlxalq sənədli film istehsalçılarını bir araya gətirən tanınmış bir sənaye tədbiridir. Tədbirin əsas məqsədi Şərq və Qərb, Şimal və Cənub arasında yaradıcı tərəfdaşlıqlar qurmaqdır. Xüsusilə Mərkəzi Avropa layihələri və istedadlarına diqqət yetirilir.

Filmin mövzusu: Bir gün Coşqun Eldaroğlunun yolu Şabran rayonunun Qazbabalı kəndindən düşür. Kənddə məktəbin sadəcə 4 illik təhsil verdiyini, ən yaxındakı məktəbin isə təhlükəli meşə yolundan keçən qonşu kənddə olduğunu öyrənir. Kəndin sosial problemlərinə görə kəndlilər öz övladlarını məktəbdən yayındırırlar. Buna görə də Coşqun burada dərs demək qərarına gəlir.

Film Krakov kinofestivalı çərçivəsində keçirilən CEDOC Marketdə iştirak hüququ əldə edib. Filmi bu festivalda AKİ-nin katibi, prodüser Türkan Hüseyn təmsil edib.

Filmin istehsalçı şirkəti “Çinar film”, prodüserləri Türkan Hüseyn, Sərxan Cəfərli, rejissoru Ələmdar Faiq, operatoru Tofiq Əliyev, rəssamı isə Lətif İsmayıldır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Ümid bizi aparacaq” adlı tammetrajlı sənədli filmi layihəsinin CEDOC-Marketdə iştirakı üçün maliyyə dəstəyi göstərib. Xatırladaq ki, AKİ 2023-cü ildə Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminin layihəsinə maliyyə dəstəyi göstərmişdi.

Əlaqədar Yazılar