Baku Cinema Breeze festivalı çərçivəsində Azərbaycan Kinosu Günündə rejissor Seyran Mahmudoğlunun “Kür – çaylar anası” tammetrajlı sənədli filmi təqdim olundu. Təqdimat zamanı ilk olaraq Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov Baku Cinema Breeze tədbirinin milli kino üçün əhəmiyyətini vurğulayaraq Azərbaycanın yaxın illərdə regional kino mərkəzi kimi formalaşacağına dair inamını ifadə etdi. Filmin rejissoru Seyran Mahmudoğlu filmin Kür çayını mənbədən mənsəbə qədər izlədiyini və çayın xalqımızın kimliyində, mədəni yaddaşında tutduğu yerə diqqət yetirməyə çalışdıqlarını vurğuladı. Daha sonra söz alan Ərdəhan Turizm və Mədəniyyət idarəsinin rəhbəri Uğur Dede Kür çayının əsrlər boyu coğrafiyanın mədəni həyatını formalaşdıran əsas təbii simvollardan biri olduğunu vurğulayaraq filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə etdi.
Filmin çəkilişləri Kür çayının mənbəyindən Xəzərə töküldüyü nöqtəyədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərində aparılıb. Komanda çayın başladığı nöqtəni tapmaq üçün Allahu-Əkbər dağ silsiləsinə gedib və bir neçə cəhddən sonra zirvəyə qalxaraq mənbəyə çatmağa nail olub. Beləliklə, Türkiyədən başlayıb Xəzərdə tamamlanan 1515 kilometrlik Kür səyahətinin hekayəsi lentə alınıb.
“Kür – çaylar anası” filmi ARKA-nın dəstəyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə OD Media Production tərəfindən istehsal edilib. Filmin yaradıcı heyəti: rejissor – Seyran Mahmudoğlu; ssenari müəllifləri – Əkbər Nəcəf və Seyran Mahmudoğlu; operator – Ziya Babayev; montaj rejissoru – Rza Əsgərov; dron operatoru – Orxan İslamov; səs rejissoru – Hafiz İbrahimli; redaktor – Esmira Əyyub; prodüserlər – Seyran Mahmudoğlu, Fariz Əhmədov və Yalçın Verdiyev.
Premyera zamanı rejissor Seyran Mahmudoğlu kinoinfo.az-ın suallarını cavablandırdı.
– Bu layihəni çəkmək fikri ilk dəfə nə vaxt və necə yarandı? Kür çayının hekayəsində sizi şəxsən ən çox cəlb edən nədir?
– Layihə ideyası ilk dəfə 2020-ci ildə yarandı. Kür çayı haqqında araşdırma aparanda xəritə qarşıma çıxdı və gördüm ki, çay damar kimi geniş bir coğrafiyanı əhatə edir. Bundan sonra belə bir fikir formalaşdı: çayın başlanğıcından sonuna qədər gedib görmək, araşdırmaq maraqlı olardı. Daha dərin araşdırmalar etdikcə mövzu məni daha çox cəlb etdi. Üstəlik, həmin dövrdə quraqlıq və ekoloji problemlər gündəmdə idi və bu da mövzunu daha aktuallaşdırdı. Bundan sonra maliyyə axtarışına başladım. 2023-cü ildə layihə ARKA-nın müsabiqəsində qalib oldu. Maliyyənin əsas hissəsini dövlət ayırdı, İctimai Televiziya təşkilati dəstək göstərdi, çatışmayan məbləği isə OD Media qarşıladı. 2024-cü ilin əvvəlində çəkilişlərə başladıq və ilin sonunda tamamladıq. Film 2025-ci ildə təhvil verildi.
– Çay boyunca çəkilişlər zamanı rastlaşdığınız ən gözlənilməz hadisə və ya müşahidə nə olub? Bu proses filmə nə qatdı?
– Sənədli filmlərdə planlaşdırdığın şeylərin təxminən 50–60 faizi dəyişir. Ən yadda qalan hadisə Kür çayının başlanğıc nöqtəsini tapmağımız oldu. Onu rahat tapa bilmədik, yalnız üçüncü cəhddə müəyyənləşdirə bildik. Bu, kifayət qədər çətin idi. Digər çətinlik isə çay boyunca qayıqla hərəkət etdiyimiz epizodlar idi. Çayın yatağı çox qarışıq olduğundan qayığın çevrilmə ehtimalı yüksək idi.
– Layihəyə başladığınız zaman düşündüyünüz film ilə hazır ortaya çıxan film arasında hansı əsas fərqlər yarandı? Hekayə yolayrıcında dəyişdimi?
– Başlanğıcda nəzərdə tutduğumuz film ilə yekun versiya arasında fərqlər yarandı. Çəkilişlərə başlamazdan əvvəl ssenari planı hazırlamışdıq. Xüsusən Azərbaycanın Kür boyunca müxtəlif nöqtələrində araşdırmalar aparılmışdı. Lakin tam şəkildə çəkilişə çıxanda ssenaridə yazılanlarla gördüklərimiz arasında ciddi fərqlər ortaya çıxdı, xüsusilə Gürcüstan və Türkiyə hissələrində. Geri qayıtdıqdan sonra bu müşahidələr filmin ümumi ana xəttini dəyişdirdi. Bundan başqa, mövzuların çoxluğu filmin xronometrajını artırırdı. Ona görə də daha yığcam, ümumi bir film formatı seçdik.
– Bu genişmiqyaslı film layihəsindən nələr öyrəndiniz və növbəti layihənizdə nələri mütləq tətbiq edərdiniz?
Layihənin geniş miqyaslı olması mənə böyük təcrübə qazandırdı. Bu ölçüdə bir işi idarə etmək, çəkilişləri qısa müddətdə tam şəkildə həyata keçirmək böyük peşəkar təcrübə qazandırır. Düşünürəm ki, bu təcrübə növbəti layihələrimdə mənə ciddi fayda verəcək.
Aynur Kazımova














