Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə Türk Dünyası Kino Rəhbərlərinin 2-ci görüşü 18 iyul 2025-ci il tarixində İstanbulda Fəriyə Sarayında baş tutub.
Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən kino sahəsində fəaliyyət göstərən yüksək səviyyəli vəzifəli şəxslər iştirak ediblər. Bu tədbir TÜRKSOY Daimi Şurasının 40-cı dövr toplantısında qəbul edilən qərarlar əsasında, kino sektorunun mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsindəki rolunu daha da gücləndirmək məqsədilə təşkil olunub.
Toplantının açılış nitqində TÜRKSOY-un Baş katibi Sultan Raev ortaq yaddaş, ortaq mədəniyyət və ortaq gələcək qurmaq məqsədilə toplaşıldığını qeyd edib. Zəngin keçmişə və güclü köklərə malik bir sivilizasiyanın varisləri olduğumuzu vurğulayan S. Raev, bu böyük irsin dünyada ən güclü daşıyıcısı kimi kinonun əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov ölkəmizin kino siyasəti, beynəlxalq əməkdaşlıqdakı rolu və gələcək istiqamətləri barədə çıxış edərək gündəlikdə müzakirə olunan məsələlərə fəal şəkildə töhfə verib. Görüş çərçivəsində, həmçinin Baku Cinema Breeze Festivalı haqqında məlumat təqdim olunub, tədbir iştirakçıları festivala dəvət edilib və bu festivalın Türk Dünyası ölkələri ilə əməkdaşlıqda ortaq platforma kimi potensialı müzakirə olunub. Bununla yanaşı, Azərbaycan tərəfi distribusiya və dublyaj sahəsində əməkdaşlığın təşkili, animasiya sahəsində birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı təkliflər irəli sürüb və bu istiqamətlərdə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Gündəlikdə yer alan ortaq istehsallar, festival əməkdaşlıqları və kino fondu kimi məsələlərin real və tətbiq edilə bilən layihələrə çevrilməsi, bu görüşlərin ən dəyərli nəticələrindən biri olub. İclas iştirakçı ölkələrin nümayəndələri tərəfindən qəbul edilmiş qərarların əks olunduğu ortaq protokolun imzalanması ilə yekunlaşıb.







