Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Festival Gənc Kinematoqrafçılar Mərkəzinin təşəbbüsü ilə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Baku Cinema Breeze 25” çərçivəsində təşkil olunub.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, kino sahəsinin peşəkarları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Festivalın direktoru Fehruz Şamıyev çıxışında bildirib ki, builki festival bir sıra önəmli məqamlarla yadda qalıb və layihəyə olan maraq hər il daha da artmaqdadır. O vurğulayıb: “Kinoya olan bu sevginizi görmək bizi çox sevindirir. Komanda olaraq biz bu enerjidən ilham alırıq. Festivalı təşkil etmək asan iş deyil, lakin beş gün ərzində bunu həyata keçirdik. Komandama təşəkkürümü bildirirəm”.
XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri
Beynəlxalq Debüt Tammetrajlı Bədii Film müsabiqəsi:
Ən yaxşı film – “Öyrənilən dərs” / Rejissor: Balint Szimler / Macarıstan
Ən yaxşı rejissor – “Karst” / Rejissor: Suiyi Yang / Çin
Ən yaxşı ssenari – “Bağlar, köklər, ehtiraslar” / Ssenarist: Ferit Karahan. Rejissor: Sunay Tərzioğlu / Türkiyə
Ən yaxşı təsvir rejissoru – “Sahə gözətçisi” / Təsvir rejissoru: Morteza Gafouri. Rejissor: Seyed Mohamad Reza Xeradmandan/ İran
Münsiflər heyətinin xüsusi mükafatı – “Çəyirtkənin öpüşü” / Rejissor: Elmar Imanov / Almaniya, İtaliya, Lüksemburq
Beynəlxalq Qısametrajlı Film müsabiqəsi:
Ən yaxşı bədii film – İki bəhanə ilə / Rejissor: Samah El Kadi /Livan
Ən yaxşı sənədli film – Yer qaçanda / Rejissor: Frederico Lobo / Portuqaliya
Ən yaxşı animasiya filmi – Gəlirli yer / Rejissor: Aleks Maximov / Belarus
Ən yaxşı bədii film rejissoru – Performans / Rejissor: Balint Kenyeres / Macarıstan, Fransa
Münsiflər heyətinin xüsusi qeydi:
Mayın son bazar günü / Rejissor: Alexandro Bordie / Lüksemburq
Balet rəqqaslarının kəndi / Rejissor: Fatih Diren / Türkiyə
“Asiya istedadları” müsabiqəsi:
Ən yaxşı film – Qəlib / Rejissor: Məhəmməd Rza Nurmandipur/ İran
Münsiflər heyətinin mükafatı – Maral dişi / Rejissor: SaifHammaş / Fələstin
Münsiflər heyətinin xüsusi qeydi – Həyatda bir gün / Rejissor: Ye Ouyang / Çin
Yerli müsabiqənin qalibləri:
Ən yaxşı bədii film- “Erkən hisslər” / Rejissor: Nurlan Həsənli
Ən yaxşı rejissor- “Dərədə” / Rejissor: Əbülfəz İskəndərov
Ən yaxşı sənədli film- “Yaddaş sarayları” / Rejissor: Mətləb Muxtarov
Ən yaxşı tələbə filmi- “Məhkəmə” / Rejissor: Orxan Babayev
Münsiflər heyətinin diplomu – “Loca Tacentia” / Rejissor: Rəna Əhmədova
Münsiflər heyətinin xüsusi qeydi – Vüsalə Qasımova “Qayıtdım” filminin təsvir rejissoru / Rejissor: Məhəmməd Məmmədov
Münsiflər heyətinin xüsusi qeydi – Nigar Süleyman “Orijinal musiqisi və kino
sahəsində məhsuldar fəaliyyətinə görə”
Tədbirdə tanınmış rejissor, aktrisa Niki Kərimi dünya kinematoqrafına verdiyi töhfələrə görə “Qızıl Nar” mükafatına layiq görülüb.
Mərasimdə qalib filmlərdən ikisi “İki bəhanə ilə”, “Erkən hisslər” nümayiş olunub.
Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.
Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşlarıdır.
Aynur Kazımova







































































