Əsas QOVLUQDA AMİL AMAL: “ARILAR VƏ QƏBİRLƏR”İ ÇƏKMƏYİ PLANLAŞDIRIRAM

AMİL AMAL: “ARILAR VƏ QƏBİRLƏR”İ ÇƏKMƏYİ PLANLAŞDIRIRAM

by editor

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi”nin (ARKA) keçirdiyi film layihələri müsabiqəsinin ilk mərhələsinin qaliblərindən biri olan Amil Amal ilk tammetrajlı filmi “Arılar və qəbirlər”in istehsalına 15 fevraldan etibarən başlamağı planlaşdırır. Çəkilişlərin isə arıçıların yaylağa getdiyi dövrdə – yəni may ayının əvvəlləri və iyun ayında aparılması nəzərdə tutulur.

Filmin mövzusu 30 illik yurd həsrəti atalar-oğullar, ənənə-modernləşmə, doğmalaşma-yadlaşma, sevgi-ayrılıq, ailə bağlılığı-fərdi azadlıq kontekstində öz bədii-vizual ifadəsini tapır. Qarabağ zəfərinin nəticəsi kimi meydana çıxan böyük qayıdış və quruculuq işləri bir ailənin timsalında tamaşaçıya real, səmimi və inandırıcı detallarla çatdırılır. Zamandan və məkandan asılı olmayaraq insan özünə dönür – öz mənəvi-coğrafi çevrəsini qapamağa can atır. Vətən elə bir sevdadır ki, ölüm də ona son verə bilmir. Birdən görürsən atanın qəbirdəki sümükləri bütün qadağalara baxmayaraq vətənə sarı yol alır. Arıların qanadında on illərlə uzaqda qalan qayğısız keçmişə uçur. Film bütün yüksək insani keyfiyyətlərin yurd anlayışında ehtiva olunduğunu sübut etməyə çalışır. Ərazi bütövlüyümüzün bərpası həm də mənəvi dünyamızı qaranlığın işğalından azad etmək kimi yozulur. Arılar pətəyinə, insanlar evlərinə dönür. Həyat gec də olsa öz axarına düşüb tamaşaçıya kövrək duyğular qarışmış al-əlvan xoşbəxtlik yaşadır.

Rejissor filmin ssenarisini yazıçı Şərif Ağayarla birlikdə yazıb. Dram janrında olan filmin xronometrajı 100 dəqiqə olaraq düşünülür. Rejissorun dediyinə görə, filmin postprodakşn mərhələsi sentyabr ayının əvvəlləri üçün nəzərdə tutulub.

Əlaqədar Yazılar